İnam Ata (Asif Ata) - Dünyayla görüş


(əvvəli ötən sayımızda)

İnsan bilmişdi ki, bahar onun üçün açılmır, payız onun üçün ağlamır, qış onun üçün torpağı qara qərq etmir, yay onun üçün kainatı isitmir, səma onun üçün qaranlığa bürünmür! Ancaq o, gecədə də, səhərdə də, qışda da, baharda da öz dünyasını görürdü, qəlbi təbiətlə danışırdı. O, gerçək dünyada əsil dünyanın nişanələrinə qovuşurdu. Beləliklə də dünyada iki dünya yaranırdı: İnsana yad və İnsana doğma olan dünya! Səhərin açılması təbiətin insandan asılı olmayan qanunları əsasında baş verirdi. Ancaq insan onda öz daxili tələbinə uyğun olan keyfiyyətlər görürdü: yəni təbii hadisə insan üçün doğma olurdu. Səhər insana yad bir səbəbdən açılırdı, ancaq onun açılması insana son dərəcə zəruri görünürdü. Bahar insana sevinc bəxş etmək üçün açılmırdı. Ancaq sevinc bəxş edirdi.

Beləliklə də insan dərk etdi ki, dünya öz böyük, ali mənasına görə İnsana doğmadır, dünya ilə İnsan arasında qırılmaz vəhdət var. Dünya dağı, çayı – insanı sevindirmək, ilhamlandırmaq, vəcdə gətirmək üçün yaratmamışdır! Ancaq dağsız, çaysız insan həyatı sönük olardı. Dünyayla insanın yaxınlığı insanın yalqızlığını, yadlığını azaldırdı. Ancaq insan dünyaya adi baxımdan yanaşanda yalqızlıq dəhşəti yenidən oyanırdı.

Dağdan, çaydan maddi faydalananda insan təbiət ilə ülvi vəhdətini itirirdi.

Adamların biri-biri ilə əlaqəsində də bu cəhət özünü göstərirdi, sərkərdənin əsgərə, fatehin fəth etdiyi ölkəyə, səlahiyyətlinin rəiyyətə münasibətində yadlıq təsdiq olunurdu.

Beləliklə də insan onu əhatə edən dünyada daim yalqızlığa qayıdırdı. Ancaq heç vaxt gerçəkliklə məhdudlaşmır, bu səbəbdən də yadlıq tam qələbə çalmırdı. Bir çox hallarda İnsan süni vəhdətin şahidi olurdu. Camaat qəddar, zalım, qan hərislərini özünə yaxın hesab edib, onların qüdrətiylə öyünürdü. İnsan bu “doğmalığın” ən eybəcər yadlıq olduğunu bilirdi, o dərk etmişdi ki, dünya üzərində hakimiyyət əslində dünyadan uzaq olmaq deməkdir.

Bir zamanlar dünyada saysız-hesabsız heyvanlar var idi. İnsan ağlının gücüylə onlara qalib gəldi, öldürdüyünü öldürdü, saxladığını saxladı, kainatın ağası oldu və bununla da öz yalqızlığını sonsuz dərəcədə artırdı.

İndi yer-göy insanın ixtiyarındadır, ancaq dünya insandan uzaqdır. İnsanın dünya üzərində qələbələri ona möhtəşəmlik gətirdi, doğmalıq gətirmədi. İnsanın yalqızlığı, yadlığı daim artdı.

Ancaq insan sarsılmadı. O, doğmalığı, həmahəngliyi, birliyi gerçəklikdə yox, öz dünyasında aradı və tapdı. O, ətrafdakı dünyaya sığmadı. İnsan özünü öyrəndi, özünü bəyənmədi, özüylə tam doğmalaşmadı, özündən aralandı...

O gördü ki, daxilində ülviyyətlə yanaşı, qəbahət də yaşayır. Hissiyyat aləmi vəhşi, yırtıcı instinktlərlə doludur.

Daxili dünyaya endikcə insan özünü lənətlədi, döydü, ancaq özünə və dünyaya inamını itirmədi. “Sən əsil İnsan deyilsən, ona görə naqissən!” – dedi.

Əsil olmaq üçün özünü təzədən yaratmalısan! Özünü öldürməlisən və təzədən diriltməlisən! Əsil dünyanın tələbləri əsasında yaşamalısan.

İnsan gördü ki, dünyada sonsuz bəlalar, qocalıq dəhşəti, ölüm sonluğu var. İnsan gördü ki, bu gün eybəcər qocadır, sabah isə məzara gömülən cəsəd! Arzular, niyyətlər əlçatmazlıq zirvəsində ülvi görünürlər, həyata keçdikdə kiçilir, adiləşir, bayağılaşırlar, insan çox axtarıb az tapır, yaşadıqca ölümə yaxınlaşır, həyat bağçasında zəhərli güllər də bitir, səadətin ömrü qısa, fəlakətinki uzun olur. Dünyadakılar çalışır, çabalayır, nəsə yaradır, sonra yaratdığını öz əliylə uçurub yox edir, sonra təzəsini yaradır, ancaq onu da dağıdır, daim təzədən başlayırlar.

İnsan bunları gördü, kədərləndi, ağladı, ancaq iradəsini topladı, göz yaşını sildi və gerçək dünyaya üz tutub dedi: “Bil və agah ol ki, sən – bu möhtəşəm, böyük, intəhasız dünya – mən İNSAN üçün məhdud, kiçik, natam və naqissən. Mən buraya özüm gəlmədim. Məni buraya gətirdilər və dedilər: yaşa! Ancaq bu mənim, İnsanın dünyası deyil! Mənim dünyam özümdə, ruhumda, təxəyyülümdə, arzularımdadır. Mənim dünyam səndən sonsuz dərəcədə gözəldir, kamildir, ülvidir, mənalıdır. Sən olsa-olsa onun çox zəif və sönük bir təzahürüsən! Əsil dünya – olacaq, olmalı, əlçatmaz, mütləq dünyadır. İnsanın məkanı odur.

Əsil dünya, mənim dünyam – əbədi sabahdır, heç vaxt bu gün olmayan, bugünə tam çevrilməyən, bugünlə məhdudlaşmayan, bugünə sığmayan, sonsuz, hədsiz, mütləq SABAH!”

İnsan bugünlə heç vaxt kifayətlənməyib! İnsanı bugündə saxlayan, bugündə dayandıran, bugünlə barışdıran güc yoxdur. İnsanın dünyası sonu görünməyən uzaqlıqdır.

İnsan yaxınlıqda mövcud olur, uzaqlıqda yaşayır. O, ana bətnindən dünyaya öz dünyasını axtarmaq üçün gəlib. O, ana bətninə sığmadı, dünyadan kənara çıxdı, heç yerdə dayanmadı, məchulluğa, kamilliyə, əsilliyə doğru daim addımlayır.

İnsan sözünü qurtardı və yola düzəldi.

Göy yerə səpilən yağışıyla İnsana uğurlar dilədi.

(son, 1980).

***

İNAM ATA (ASİF ATA)

AŞİQLİK

Mütləq ruhani vəhdət.

Müqəddəs əsarət.

Xeyirin dərki.

Əbədinin dərki.

Kamilin dərki.

Sonsuzun dərki.

Mənəviyyatın ali zirvəsi.

Hissiyyatın ali zirvəsi.

Nisbidə Mütləqi görmək.

Cismanidə ruhu görmək.

Özünü itirmək ülviyyəti!

Özünü yenidən tapmaq ülviyyəti!

Mənəvi sədlərin ölümü!

Yadların ölümü!

Zahirlə batinin birliyi!

Pünhanla aşkarın birliyi!

İfadəylə mahiyyətin birliyi!

Təzahürlə mənanın birliyi!

İdrakla duyğunun birliyi!

Adiylə ülvinin birliyi!

Kədərin yeni mənası!

Sevincin yeni mənası!

Əzabın yeni mənası!

Nəşənin yeni mənası!

Həyatın yeni mənası!

Fəryadın yeni mənası!

Üzlərin yeni mənası!

Gözlərin yeni mənası!

Rənglərin yeni mənası!

Səslərin yeni mənası!

Həsrətin yeni mənası!

Dövrün yeni mənası!

Hicran hikməti!

Vüsal hikməti!

Ağıla sığmayan ağıl.

Duyğuya sığmayan ağıl.

Müdrikliyə sığmayan müdriklik.

Böyüklüyə sığmayan böyüklük.

Yanmaq həqiqəti.

Yandırmaq həqiqəti.

Aşiqanə bilik həqiqəti.

Aşiqanə ürək həqiqəti.

Aşiqanə kamal həqiqəti.

Aşiqanə iqbal həqiqəti.

***

İŞIQLI ATALI

DÜŞÜNCƏLƏR

Xanəndə, alim dayım Ərəstun Əliyevi xatırladım. Basdırıldığı gün (28.07.1985) yağış yağmışdı. Onun ölümüylə soyumuzun (nəslimizin) yarpaq tökümü başlandı. Kalvalı Əli Dədənin yeganə oğlu Ağalar babamın (başqa oğlu Muxtar 25 yaşında repressiyaya məruz qalmışdı) 9 il öncə (1976) ölümündən sonra hamı yerindəydi. Sərvinaz nənəmi hamı bəxtəvər oxşayırdı. 80 nəvə-nəticəsi vardı.

Dayımın ölüm xəbərini səhər tezdən aldıq. Baba evinə getdik. Nənəm eyvanın qırağında oturmuşdu, ağlayırdı, saçları üz-gözünə tökülmüşdü. İlk dəfəydi nənəmi elə durumda görürdüm. İlahi həyalıydı.

Yasdan sonrakı aylarda da dayımı oxşayıb ağlayırdı: ağlamağında nümayişçilik yox idi...

Böyük dayım Adil nənəmi Şamaxıya apardı, bu olaydan 9 ay keçməmiş ürəyi dayandı.

... Ərəstun dayımda səs sanki bulağıydı, qaynayırdı. Dolu bədənli, qıvrım saçlı, gur səsli, qohumcanlı, insanlara həyan bir kişiydi dayım. Yaşamdan gedəndə 37 yaşı belə yox idi. Əli Dədəylə 10 yaşı olmamış toylara gedirmiş. Gənc yaşlarından özgür olmağı bacarmışdı. Ötkəm xasiyyəti vardı.

Ancaq cavanlığın da öz məntiqi olur. Yaşamın (həyatın) ondan asılı olmayan nəsnələrini bilə bilməzdi.

Onun səsində fitri duyum vardı, universallığı – tarda, nağarada, qoşanağarada, pianinoda, başlıcası sazda gözəl çalmağı vardı. Muğamları bilirdi, oxuyurdu. Ustadı Əli Dədəydi...

Alimliyi vardı. Düşünürəm, alimliyindən öncə Azərbaycan onun şəxsində fitri ruhlu xanəndəni itirdi. Şübhəsiz, ildən-ilə təkmilləşəcəkdi. Heyif.

Soyu var olsun.

***

Gərək aşıq işıq saçsın, qaranlıq saçmasın, özümləşdirsin, özgələşdirməsin.

***

Kamil İnsan Dağda, Çayda, Səmada, Günəşdə, qürubda, səhərdə, gecədə Mənliyinin, Mahiyyətinin – Mütləqin yaşadığını anlayır və ona çatır.

Bununla da İnam Ata (Asif Ata) təlimi insana öyrədir ki, Təbiətə insani-ruhsal münasibət bəsləmək lazımdır, çünki Təbiətdə Təbiətdən yüksək olan Məna, mahiyyət var.

Öncə İnsanın özünü kəşf etməsi gərəkdir.

***

Günel Natiqin yeni kitabının ("Gözəl günlər naminə") təqdimatına (28.04.2025) yığışmışdıq. Günel xanımın verilişlərində qonaq olmuşam, yaradıcı dünyasına bələdəm. Ayrıca olaraq son illərdə sağlıqla bağlı üzləşdiyi durum hamımızı narahat edir. Ancaq o, ardıcıl ruhludur, döyüşkəndir, o deməkdir ümidlidir. Yaradıcılıq havası-suyudur.

Çıxışımda ona ardıcıl olaraq çətinlikləri yenməyi, fərəhli günlərini yaratmasını dilədim...

***

Əhməd Oğuzun varlığı mənə həmişə qədim, köklü-köməcli, abırlı-həyalı türk kişilərimizi xatırladırdı. Hər sözü danışmazdı. “GünazTV”-də qonağı olmuşdum. Söhbətimiz tuturdu.

“Bulaq”dakı müəllif proqramlarının dili, ruhu aydın, özümlü, sabahlı idi. Ulusal ruhu bilir, bənzərsiz ifadə etməyi bacarırdı. Belə ulusal duyumlu kişilərin ruhu həmişə yaşasın, yaşadılsın gərək.

Soyun var olsun, Əhməd Oğuz!

***

Qədim kişilərimiz aramızdan gedir, onların yerini doldurmaq çətin olacaq.

Tanınmış rəssam Fəxrəddin Əli ilə çox söhbətlərim olmuşdu. Doğmam idi.

Özünəməxsus yaradıcılıq yönü olan, Azərbaycan dəyərlərinə ürəkdən bağlı rəssam idi. Miniatür rəssamlığında dəst-xətti vardı. Əsərlərinin mayasında insan-təbiət doğmalığını, dərdin zamandan üstünlüyünü ifadə edə bilirdi.

Soyu var olsun.

***

Adam halı: Acıq acıq gətirər. Acıqlı vaxtı qərar verməmək, acığı ötmək.

***

Kamillik imkanı hər birimizdə var - yetməli olduğumuz.

İnsanlıq borcumuzu tam ödəməliyik.

****

Sonevlik (qəbristanlıq) İnsanın sonevidir, ancaq "ruhların sarayı" deyil. İnsanın sonevə (qəbristanlığa) tükənmiş bədəni gedir, ruhu (anısı, insani əməlləri) ulusunda, soyunda yaşayır.

***

“Varlığın özündə Varlıqdan yüksək olan var” (İnam Ata).

Bu, Mütləqdir. Yoxdan var olmur. Yoxdan (heçdən) yaranan yox olardı.

Dünyanın həmişə var olduğuna inanıram.

***

İnsan özüylə üz-üzə qalmağa başlayınca var olur.

***

Hər gün İnamla yaşamaq, özünü və insanları ümidsizləşməyə qoymamaq - qutsaldır, gözəldir.


MANŞET XƏBƏRLƏRİ