Bayatlar – İkincilik imtiyazı



Turan Uğur
AYB – nin üzvü, yazıçı

“Türküstan” qəzeti üçün

Əcəba Bayat boyu, Bayat qəbiləsi ilə bayatı şeir formasının əlaqəsi varmı? Suala cavab verməyə tələsməyərək əvvəlcə deyim ki, böyük Oljas Süleymenovun bir fikri bəndəniz üçün çox qapılar açıb.Oljas yazır ki:
- "Tarix sözlərin yaddaşında yaşayır".
Yəni sözlərin bioqrafiyası ürək kardioqramı kimi bir şeydir, sanki ömür yaşantılarına aid gerçəkləri sözdən öyrənərsən.
Mən ona görə dönə-dönə qeyd edirəm ki,
doğma türk dilimizin yaddaşında tariximiz gizlənib.Tarixi uzun əsrlər boyu yaradıb da, lakin bir dürlü yazmayan ulusun övladı olaraq durmadan, dayanmadan yazmağın görəvini anlayır və bu münasibətlə qələmə aldığım
“Bayatlar – İkincilik imtiyazı” adlı araşdırma - yazını
“Türküstan” qəzetinin sayğıdəyər oxucularına təqdim edirəm.

xxx

Ağrılar sinələrə sığmaz olanda göyə pərvaz edən dua olmaq asanmı?! Təbriz, Kərkük, Qarayazı, Göyçə - deyib haray çəkəndə dodaqlardan süzülən 7 hecalı, 4 misralı bayatı olmaq asanmı?! Kədərini, ələmini köksünə dağ edib çöldə-biyabanda pələsəng olmaq, bir ucu Kərkükə, bir ucu Təbrizə varıb taleyi ilə barışmaq asanmı?!
Bayatılar da kiminsə ruhunun, beyninin məhsuludur.50 milyonluq azərbaycan türkü bir yerə yığışıb, bayatı qoşmayıb ki?! Bayatı hamının ruhuna xitab edir, hər yurddaşın hissinin tərcümanı, ifadəçisi olur.Hər kəsin çağrılan bayatılara müəlliflik iddiası ola bilər, elə folklor da bu, deyilmi?!
Bayatı lirik növün ən yayğın janrlarından biri kimi vətənpərvərlik, məhəbbət, igidlik motivlərində yaranır.Ulusun dar macalda nicat yeri, pənah qapısı məhz dilimizin əzbərində olan bayatılardır. ”Bayatı, ay bayatı...Gəzdim eli-elatı” misrası bir ucu Türküstana, bir ucu Kərkükə qədər yol qət edib.
İndi keçək mətləbə: Necə ki, türki - türk-i, mani - mahan-i, varsağı - varsaq -ı, türkmani - türkman-i, gəraylı -gəray-lı, ovşarı - əv (f)şar-ıdır, bu məntiqlə davam etsək, görərik ki, bayatı da bayat-ı dır.Bu şeir növləri ulusların, ellərin bacarıqları sayəsində yaranıb.Yəni bunlar hansı şeirin hansı ulusa nisbətdə yaranmasına dəlildir.Necə ki, hər elin, hər tayfanın özünün qoşunu, atributları, pulu-parası, sərhədləri vardı eləcə də özünə xas şeir formaları olub.Yəni Gəraylı elinin yaratdığı mənzuməyə gəraylı deyildiyi kimi, Bayat elinin də yaratdığı şeirə bayatı deyilir.Anadolu manilərini bir qədər təhrif olunmuş görürük.Mahani, mahnı, mahnu hər üçü bir kökdəndir.Türkmani türkmanlara, ovşarı əfşarlara, varsağı isə varsaqlara xasdır.Bayat boyunun gerçəkliyi haqqında bütün məxəz və mənbələr eyni mövqedən çıxış edir.Yəni onun
Oğuz Xanın nəvəsi, Gün Xanın ikinci oğlu olması barədə ixtilaf yoxdur. Bay əski türkcədə varlı, zəngin deməkdirsə, "at" isə ad, isim, nam anlamında işlənir.Bəzən bayatın "bəyat" və "boyat" kimi göründüyünə tanıq oluruq.Məsələn,

Əziziyəm, Beyləqani,
Boyatı Beyləqani,
Hamının bilkası gəldi,
Bəs bizim bilka hanı?

Dədə Qorqud, Məhəmməd Füzuli, Üzeyir bəy Hacıbəyli kimi Molla Pənah Vaqif də Bayat elindəndir.Özündən yaxşı bilməyəcəyik ki?!

Qarabağ içrə bir şairi-kəlimüllah Musadır,
Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.

(M.P.Vaqif)

Bayatı çağırmaq yalnız Bayat elinə məxsus olmayıb, sonralar başqa ellərdə yetişən şairlər, aşıqlar da bu janrda özlərini sınayıblar.

Ağ Aşıq:

Bu gələn Ağ aşıqdır,
Yarına yaraşıqdır.
Sözü dərdlərə dərman,
Özü toya aşıqdır.

HƏSRƏTİ:

Mən Həsrəti oyan dur,
Aç gözünü oyan dur,
Dost olursan vəfalı ol,
Yoxsa bizdən o yan dur.

QURBAN:

Qurban mənzil o xalı,
Döşənibdir o xalı.
Zülfün əcəb xaindir,
Gizləyibdir o xalı.

VƏCHİ:

Dərman birdir, dərd neçə,
Məni qıldı dərd incə.
Dağ-daş olmaz Vəchinin,
Birdəm çəkən dərdincə.

MÜŞTAQİ:

Müştaqiyəm müştaqi,
Ənbər zülfün müştaqi,
Üzüm üzün həsrəti,
Gözüm gözün müştaqi.

Bundan başqa Sarı Aşıq, Mədədi, Hüseyni, Məmi, Razi, Aşıq Abbas Tufarqanlı, Eyvaz, Aşiq, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Aşıq Ələsgər və başqalarının bayatı çağırdıqları bizə məlumdur.

Türk kimliyimizə, Oğuz kökənimizin gerçəklərinə vaqif olsaq, onda bağlı qapıları açmaq üçün "Açıl Susam, açıl" kimi sehrli, tilsimli sözlərə lüzum qalmaz.
-Bəli! Bayatı, bayat, boyat bir kökdən pərvəriş tapan sözlərdir.Hətta intuitiv olaraq qeyd edirəm ki, boyat kəlməsi də (əsasən köhnəlmiş çörəyə, xörəyə deyirik) həmin sözdən törəyə bilər - "daha əski" mənasında. Axı Oğuz qəbilələrindən ən erkən yurd, xanədanlıq, bəylik quranlar arasında Bayatlar öndə gələnlərdən sayılırdı.
Əslində, Doktor Cavad Heyətin əsərlərində və "Varlıq" jurnalının müxtəlif saylarında da Oğuz- Bayat boyu haqqında bilgilər verilib.Mifoloq-alim
Mirəli Seyidovun "Azərbaycan xalqının soykökünü düşünərkən" əsərində də 24 Oğuz boyu haqqında bir çox mətləblərə rast gəlmişəm.Araşdırdıqca Azərbaycan toplumunun etnogenezində ən çox Bayat boyunun iştirak etməsi barədə mülahizə daha əsaslı görünür.Yurdumuzda Bayat qalasının olması, Bayatlı kəndi və.s bu kimi toponimlər də qənaətlərimizi gücləndirir.Bir başqa faktor da bu toplumun şeirə, sənətə, elmə daha çox könül verməsi amili ilə bağlıdır.Axı tarix boyu ən çox sənət, şeir aşiqləri Bayat elindən boy verib.Ümumiyyətlə, Azərbaycan, İraq, Türkmənistan və Güney Azərbaycan türklərinin daha çox Bayat boyundan gəlməsi fikri gün işığına çoxdan çıxıb.

İraq türkmanları ilə eyni bayatıları bölüşməyimiz, eyni təfəkkürün və eyni qanın daşıcıyısı olmağımız anlamına gəlir.Kərkük türkmanlarının “xoyrat” dediyi bayatılar bizim öz şeiriyyatımız, öz folklorumuzdur.

Karıdı,
Bu iş adam karıdı.
Eyiliyə qarşı eyilik,
Hər igidin karıdı.

Seyran olu,
Bahardı, seyran olu.
İki geyvil bir olsa,
Samanlıq seyran olu.

Sarı Aşıq bayatılarının Kərkük elində bu gün də əzbər oxunması ruhlarımızın əkiz olmasının bir nişanəsi deyilmi, əcəba?!

Nəzərə alsaq ki, Kıbrıs Türk toplumunda da mani – yəni bayatı söyləmək adəti çox yayğındır, onda bayatı coğrafiyasının sərhədləri daha da uzanar. Kıbrısda anonim xalq ədəbiyyatı adlanan manilər sevilən bir şeir növüdür.Lefkoşa, Limasol, Baf yörələrində isə “beyit”, ya da sadəcə Lefkoşaya xas olaraq “mane” adlanır.Əsasən toy-düyündə, əyləncəli məclislərdə mani yarışmaları da keçirilir.Bu yarışmalara “mani çatışması” da deyilir.Eynən bayatıda olduğu kimi, mani 4 misradan ibarətdir ki, 1-ci, 2-ci və 4-cü misraları həmqafiyə, 3-cü misrası isə sərbəst olur.

Ovalarda labsana,
Qız üzümə baxsana.
Ağzımda diş qalmadı,
Məzləkidən yapsana.

Ay gidiyor batmağa,
Salam söylə Fatmaya.
Gargolayı onarsın,
Gəliyorum yatmağa.

Təyyarələr qırmızı,
Gəzərlər həp Gıbrızı
Gıbrızın qızları da
Sanki sabah ulduzu.

Diqqətimi bir məqam cəlb etdi.Kıbrısda da bizim kimi uçaq yox, təyyarə deyilirmiş.Bir də əski Kıbrıs türkcəsində Gıbrız deyilir, lap bizim ahıl insanlarımızın təbiri ilə.

Gadifə yorğanım var
Mənim bir əfkarım var
Lefkoşanın içində
Bir ufacık yarım var.

Özünü türk sayan hər kəsin bir bənd də olsa bayatı yazma təcrübəsinin olması faktı da buna nümunədir:

Ümid Qurana qaldı,
Tikib-qurana qaldı.
Ey türkün övladları,
Sevgim Turana qaldı.

Bu da bəndəniz Turan Uğurdan sizə bayatı ərməğanı olsun.
Bütün bunlar ortaq folklor mazimizin olması arqumentlərimi gücləndirir.Güc, qüvvət isə hər zaman birincilik anlamına gəlməz, bəzən ikincilik də bir imtiyazdır.Yaşamaq, qurmaq, yaratmaq imtiyazı.
Oğuzun ikinci boyu Bayatlar təki.
(Məqaləmdə şəxsi qənaətlərim və araşdırmalarımla yanaşı Doktor Cavad Heyətin, Professor Mirəli Seyidovun və ədəbiyyatşünas - alim Salman Mümtazın, folklorşünas –alim Qəzənfər Paşayevin, Kıbrıslı tədqiqatçı
Həvva Hayırsevərin faktlarına və şəxsi araşdırmalarıma söykənmişəm).


MANŞET XƏBƏRLƏRİ