ABŞ prezidenti Donald Tramp İranın gələcək siyasi rəhbərliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Turkustan.az-ın məlumatına görə, o, İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin hakimiyyətə gəlməsi ehtimalına münasibət bildirərkən Vaşinqtonun bu varianta xüsusi üstünlük vermədiyini deyib.
Jurnalistlərin sualını cavablandıran Tramp qeyd edib ki, ABŞ bu məsələ üzərində ciddi şəkildə düşünməyib: “Düşünürəm ki, kimlərsə onu dəstəkləyir. Amma biz bu barədə çox baş sındırmamışıq”.
Ağ Ev rəhbəri vurğulayıb ki, İranın başına daha çox ölkə daxilində yaşayan və cəmiyyətdə populyarlığı olan bir şəxsin keçməsi daha uyğun ola bilər.
“Məncə, ölkənin içindən olan biri daha münasib namizəd ola bilər. Hazırda orada populyar olan birisi varsa, belə bir variant mümkündür”, – deyə o əlavə edib.
Trampın bu açıqlaması ABŞ-ın İranla bağlı strategiyasında monarxiya kartına açıq dəstək vermədiyini göstərir. Bununla yanaşı, Vaşinqtonun Tehranda mümkün siyasi dəyişikliklər fonunda daxili fiqurlara üstünlük verə biləcəyi mesajı da diqqətdən yayınmır. /Musavat.com/