İyrənc işbirliyinin ifşası


Əkbər QOŞALI

Böyük dövlətlərin paytaxtları bəzən diplomatik qərarların qəbul yeri olmaqla yanaşı, mənəvi sınaqların meydanına da çevrilir. Vaşinqtonda baş verən son hadisə (hadisəzilik) də belə bir sınaq sayıla bilər.

Özünü “azərbaycanlı fəallar” kimi tanıdan bir qrupun anti-milli aksiyası ilk baxışdan fərdi təşəbbüs kimi görünsə də, hadisələrin ardıcıllığı göstərdi ki, burada illa təsadüf yoxdur. Aksiya başlar-başlamaz ona ilk dəstəyi verən qurum Amerika Erməni Milli Komitəsi (Allah qoymasa, qısaldılması da ANCA yazılan Armenian National Committee of America) oldu. Bu yaramaz təşkilatın illərdir Azərbaycana qarşı apardığı sistemli təbliğat, Qarabağ mövzusunda uzun illər boyu davam edən qərəzli mövqeyi və anti-Azərbaycan qərarların təşviqindəki rolu hər kəsə bəsbəllidir.

Erməni komitəsinin ardınca “söz alan” isə ABŞ Konqresində uzun illərdir erməni lobbisinin açıq müdafiəçisi kimi çıxış edən Frank Pallone idi. O, vaxtilə bədnam “907-ci düzəliş”in (Freedom Support Act, Section 907) həmmüəllifi olmuş, Azərbaycanın haqlı mövqeyinə qarşı ardıcıl kampaniyalar aparmış, hətta işğal dönəmində qanunsuz səfərlərlə beynəlxalq hüququ saya salmadığını göstərmiş siyasətçidir.

Belə bir ardıcıllıq – öncə, bəlli komitə, sonra Pallone – təsadüfən iş görmürlər; onların işi, iyrənc işbirliyindən xəbər vermirmi?

Anti-millilik nə vaxtdan fərqli fikir sayılır?..

Bəli, demokratiya fərqli fikrə sayğı tələb edir; amma xarici şovinist dairələrin sifarişini yerinə yetirib öz dövlətinə qarşı kampaniyada iştirakın fikir plüralizminə dəxli yoxdur, bu, siyasi alətə çevrilməkdir. “Guya azərbaycanlı” adı ilə çıxış edib Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışmaq, üstəlik bunu böyük beynəlxalq tədbirin keçirildiyi gün etmək artıq niyyəti açıqca göstərir.

Hotel çevrəsində təhlükəsizlik zolağını zorakı şəkildə pozmağa çaləşmaq, qeyri-etik ifadələr, təhrikedici davranış – bunlar nə siyasi mədəniyyətə, nə də hüquq çərçivəsinə sığır. ABŞ hüquq-mühafizə orqanlarının və Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin qətiyyətli müdaxiləsi isə göstərdi ki, hüquq və qayda harada pozulursa-pozulsun, cavabsız qalmır.

Azərbaycan dövləti artıq öz bölgəsinin danılmaz güclü aktorudur. Onun səsi Bakıdan savayı, Vaşinqtonda, Brüsseldə… də eşidilir. Bu səsə qarşı çıxmaq istəyənlər isə ya gerçəkliyi qəbul etmir, ya da qərəzin kölgəsində qalır.

Azərbaycan dövlətinə qarşı yönələn istənilən təxribat harada baş verməsindən asılı olmayaraq siyasi və hüquqi qiymətini alacaq. – Vaşinqtondakı hadisə bunu bir daha göstərdi.

Xalqın iradəsinə, incəlsə də, üzülməyən haqqın gücünə qarşı qurulan heç bir işbirlikçiliyi uzunömürlü olmur. – Tarix də, zaman da bu həqiqəti dəfələrlə sübut edib. Dövlətin gücü təkcə diplomatik protokolla ölçülmür; əlbəttə, o, milli birliyin möhkəmliyində təcəlli edir. Birlik varsa, xarici sifarişlər kağız üzərində qala qala qalacaq.

Adam siyasi məsuliyyət hissindən nə qədər uzaq olar, nə qədər hirs-hikkə və lazımsız iddialara qapılar ki, öz qalib dövlətinin Müzəffər Ali Baş Komandanına qarşı, özü də başqa ölkə paytaxtında, hələ-hələ Sülh Şurası Sammiti qapsamında öz
daxili aqressiyanı bunca nəzarətsiz buraxa?!.

Vaşinqtonun küçələrində səslənən hay-küy keçib gedəcək; Azərbaycanın dövlət iradəsi isə qalıcıdır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!


MANŞET XƏBƏRLƏRİ