Aynur Turan
“Göy Qurşağı” jurnalının redaktoru
Hər bir sahədə olduğu kimi, ədəbiyyat da özünəməxsusluğu sevir. Əgər sənin düşüncə və ifadə tərzin yenidirsə, qələmə aldığın mövzu kimsənin yazdığına bənzəmirsə, sən şeir, hekayələrində öz fikirlərini təbii və ürəyəyatımlı bir dildə təqdim etməyi bacarmısansa, yazdıqların oxucu tərəfindən seviləcək.
İnsanın mənəvi mədəniyyət sahəsində yaratdıqları onun özünə bənzəyir; canlı, şüurlu orqanizm kimi doğulur, böyüyür, inkişaf edir, bəzən xəstələnir, bəzən yenilməz bir qüvvətlə dolu olur, bəzən rəqabətə girir, bəzən məğlub olur.
İnsan ədəbiyyatı-söz sənətini yaratmış və ədəbiyyat da öz qədim, zəngin tarixi boyunca öz yaradıcısı olan insan qarşısında borclu qalmamış, onu kamilləşdirmiş, ucaltmış vəhşi instinktlərdən ayrılmasında müstəsna rol oynamışdır. İnsan ilk sözünü dediyi və tərəf müqabili bu sözü anladığı andan başlayaraq mif, folklor, ədəbiyyat insanın ayrılmaz və vəfalı yol yoldaşı, dostu, sirdaşı, müəllimi olmuşdur.
Dünya xalqlarının ədəbiyyatları içərisində Azərbaycan xalqının ədəbiyyatı həmişə öz zənginliyi və humanist ideyalarının vüsəti ilə seçilmiş və bu seçkinlik indi də davam etməkdədir. Bu zənginliyi yaradan Azərbaycan ədəbiyyatına özünəməxsus naxşlarla iz qoyan ədiblərdən biri də nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı Nəbi Xəzridir.
Ömrü poeziyasının ömrü qədər olan şair, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzri yaradıcılığında vətən sevgisi, insanın daxili aləmi və təbiətlə qarşılıqlı əlaqəsi mövzularında dərin fəlsəfi lirika yaradan Xalq şairidir.
Amal şairi Nəbi Xəzri poeziyasında lirika və epiklik qəribə bir vəhdət təşkil edir. Onun zərif, romantik ruhlu, həyəcanlı məhəbbət lirikasını oxuyandan, dünyadan sonra Sevil Qaziyeva, Tərlan Musayeva kimi əmək qəhrəmanları, Sumqayıt zəhmətkeşlərinin quruculuq işləri barədə yazdığı poemaları mütaliə edəndə elə bil başqa bir şairi oxuyursan. Məncə, bu, istedadın gücüdür, çoxcəhətliliyidir. Həqiqi istedadda lirik və epik keyfiyyət ayrılmaz olur.
Azərbaycan gerçəkliyinin ictimai-siyasi, mənəvi-psixoloji mənzərəsini, tariximizin bir çox olaylarını, insanlığın duyğu və düşüncələrini əks etdirən N. Xəzri ədəbiyyat və mədəniyyət tariximizdə öz işıqlı düşüncə və əməlləri ilə müasirlərinə və özündən sonrakı nəsillərə əhəmiyyətli dərəcədə təsir etmiş görkəmli sənətkardır və şübhəsiz, Nəbi Xəzrinin yaradıcılığı sovet və müstəqillik dövrü Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxcu kütləsinin rəğbətini qazanmışdır.
Zərif duyğular, incə hisslər, aylı, günəşli, ulduzlu düşüncələr, sevgililəri öz sahilinə səsləyən mavi dəniz, üstündə mavi səma, bir sözlə, nə varsa maviliyə bürünmüş bir poeziya örnəyi... Rəngarəng hisslər, duyğular dünyasında poeziyanın mavi rəngi. Bu, məhəbbətin-işığın-dənizin rəngi idi, ünvanı Nəbi Xəzri şeiriydi. Bu, son illərin, deyərdim ki, bütün zamanların ictimai-siyasi-mənəvi-ruhi burulğanlarından keçəcək mavi tülə bürünmüş Nəbi Xəzri poeziyasının mavi şəfəqləridir...
Şahidi olduq, ictimai-siyasi iqlim dəyişdikcə şairlər də dəyişirdilər... Unuduldu ki, şairliyin ən ali mərtəbəsi zamanın axarınca getmək yox, bəlkə zamandan ucada durmaqdadır. Nəbi Xəzri şeiri lap əvvəldən zamanın fövqündə dayana bildi:
Şeir mənim üçün bir kainatdır,
Onun ulduzları, günəşləri var.
Şeir mənim üçün sirli həyatdır,
Onun öz sevinci, öz kədəri var.
Nəbi Xəzri poeziyasında zamanın harmoniyası kamil şəkildə əksini tapırdı. Dünən və bu gün, tarixilik və müasirlik, ən ağrılı anlarda gələcəyə nikbin bağlılıq, ölümdə belə ölümsüzlük görmək, kövrək, incə notlar, həssaslıq onun poezyasının ruhunu təşkil edir. Başqa sözlə, Nəbi Xəzri Müstəqillik illərinin ağrılı keçid dövründə, ictimai-siyasi kataklizmlərində belə, yolundan sapmadı, susqun olub durmadı, yüksək Vətənpərvərlik və Vətəndaşlıq poeziyasına sadiq qaldı, Səməd Vurğun ədəbi məktəbinin ləyaqətli davamçısı kimi, “Əyilməz vicdanın böyük heykəli!” amalını uca tutdu! Dünya çalxalandı, sistemlər dəyişdi, ədəbi-əzəli meyarlar laxladı, ədəbi mühitdə bir çaxnaşma düşdü, amma Nəbi Xəzri poeziyasındakı Çinar obrazı kimi əzəmətini itirmədi, Meydan hərəkatı, 20 yanvar qırğını, Qarabağ işğalı zamanı qələmi ilə xalqının yanında oldu, haqqa söykəndi, oxucusunu İnsanla Zaman arasındakı əzəli-əbədi harmoniyaya səslədi, disharmoniyaya uymadı və bu gün də, bu poeziya ilə təmasda olanlar bu dinamizmi aydın hiss edirlər...
Vətənimizin ən ağır, ağrilı, keşməkeşli günlərində qələmə aldığı “İstiqlal marşı” şeirində Azərbaycanın xoşbəxt, müstəqil gələcəyinə nikbinlik və inamla dolu bu misraları oxuyuruq:
...Gələcəyə mərd addımla,
Uğurla get, Azərbaycan!
Şəhidlərin al qanından,
Lalə açmış yollar ilə,
İstiqlalın sabahına
Qürurla get, Azərbaycan!
Nəbi Xəzrinin Azərbaycan” nəqaratlı şeirlərini bir yerə yığsaq ulu Səməd Vurğunun “Azərbaycan epopeyası” nın davamı olan yeni bir “Azərbaycan epopeyası” alınar!!
N.Xəzri yaradıcılığında nəzərə çarpan mühüm cəhətlərdən biri də epik-lirik janrda yazılmış ədəbi nümunələrdir. Süjetli lirikanın gözəl nümunələrini yaradan şair, yığcam və mənalı əsərlərində oxucularını düşündürən elə hadisələr seçir ki, biz bunları istedadlı bir şair xəyalının məhsulu kimi qiymətləndiririk. Lakin bu xəyal real və həyatidir. Adi həyat həqiqətləri sənətkar qələmilə yüksək poetik vüsət və məna kəsb edir. Onun poeziyası yüksək lirizmi və dramatik epizmi ilə vəhdətdə olduqca diqqətəlayiq və cazibədardır. Nəbi Xəzri səmimiyyət şairidir, dəniz, səma, torpaq və məhəbbət şairidir...
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.
Bu şeir — həm poetik duyğunun, həm də fəlsəfi təfəkkürün incə bir sintezidir. Sətirlərdə ayrılığın ağrısı, sevginin sonsuzluğu və insanın təbiətlə birləşən mənəvi aləmi özünəxas bir sadəliklə ifadə olunub.
Şeir ayrılıq haqqında olsa da, o, kədərin deyil, mənəvi dərinliyin ifadəsidir. İlk bənddə “Ayrıldıq qəribə hədiyyələrlə” deyən şair, sanki ayrılığı bir itki yox, bir təcrübə, bir miras kimi təqdim edir. Bu “qəribə hədiyyələr” — yaddaşda qalan xatirələr, dənizin səsi, göylərin rəngi kimi simvolik dəyərlərdir.
“Göylər eşqim kimi mənə əzizdir” – burada göylər təkcə ucalığın yox, həm də sevgidəki saf və əbədi duyğunun rəmzidir. Göy sonsuzdur, sevgi də onun kimi – görünməz, amma var olan bir genişlikdir.
Dəniz – dərinlik, yaddaş, dəyişməzlik və eyni zamanda ayrılıq dalğasıdır.
Göy – ucalıq, təmizlik, əbədi sevgi ideyasıdır.
Sahil – qovuşmanın, həm də başlanğıcın yeridir; insanın özünə dönüş nöqtəsi.
Bu simvollar vasitəsilə şair sevginin məkanını və zamansızlığını ifadə edir. Ayrılıq burada son deyil, dönüşüm kimi görünür – bəlkə də ruhun başqa bir mərhələyə keçidi. Bu şeir təkcə bir sevda ayrılığı deyil, insanın varlıqla münasibəti haqqında poetik düşüncədir.
İnsan o vaxt xatırlanır ki, özündən sonra bir iz qoyub gedir. Nəbi Xəzri Azərbaycan ədəbiyyatında yüz illərlə yaşayacaq iz qoyub gedib. Fəlsəfi məzmunlu əsərləri ilə ədəbi aləmimizə özünəməxsus bir gözəllik bəxş edib...
Dənizi hədiyyə verirəm sənə,
Mən dedim, sən baxdın, sən gülümsədin,
Göylərin şəfəqi düşdü üzümə,
Mən isə göyləri verirəm dedim.
Ayrıldıq qəribə hədiyyələrlə
Göylər eşqim qədər mənə əzizdir
Ayrıldıq dənizlə ağ ləpələrlə
Necə aparasan, dəniz-dənizdir,
Dənizi verdim ki, sənə hədiyyə...
Nəbi Xəzri geniş və hərarətli yaradıcılıq yolu keçib. Bir şair olmaqla bərabər nasir, dramaturq, publisist və tərcüməçi kimi də şöhrət qazanıb. Yaradıcı əməyi yüksək qiymətləndirilib. Bir çox orden və medallara, dövlət mükafatlarına, Azərbaycan Əməkdar incəsənət xadimi, Xalq şairi fəxri adlarına, Azərbaycan Respublikasının ali dövlət təltiflərinə “Şöhrət”, “İstiqlal” ordenlərinə layiq görülüb. Görkəmli şair ömrünün müdrik çağında 2007-ci il yanvarın 15-də vəfat edib.
Bu gün də o nəğmələr səslənəndə bir çoxlarını o illərə aparır, qəribə duyğular oyadır insanda, neçə-neçə xoş xatirələr yada düşür. Nə qədər ki, bu mahnılar, şeirlər bizlərə nəyisə xatırladacaq, bu misraların müəllifi, sevimli Xalq şairi Nəbi Xəzri poeziyası da daim oxunacaq və yaşayacaq...
Dərəyəm, təpəyəm, atəşəm, suyam
Günəş də məndədir, ay da məndədir.
Nəbi Xəzrinin öz poetik aləmi, məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o özü yaratmışdır və ona sadiqdir. Bu poetik aləm çox zəngin mənəvi aləmin ideyalar, fikirlər, hisslər aləminin gözəl bir inikas formasıdır. Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik. Nəbi şeirimizə dağların vüqarını, zirvələrin ucalığını, ümmanların, dənizlərin genişliyini, baharın, yağış-qarın, çiçəklərin təmizliyini, insan qəlbinin, sevginin, insana inamın gözəlliyini gətirmişdir.