Türkçülük təliminin mahiyyəti: siyasi-ideoloji, yoxsa sosial-fəlsəfi cərəyan


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

V yazı

Böyük Türk mütəfəkkiri Ziya Gökalp Əli Bəy Hüseynzadənin Türkçülük fəlsəfəsindən çıxış edərək Turan vətənini, Türk xalqlarının hamısını içinə alan və Türk olmayanları dışda buraxan ülküsəl yurd kimi başa düşmüşdür: “Turan, Türklerin oturduğu, Türkçenin konuşulduğu bütün ülkelerin toplamıdır”.[1] Başqa sözlə, İslam yurdu müsəlman ulusların sevgili yurdu olduğu kimi, Turan da, türklərin ulusal yurdudur. Bu anlamda Osmanlı ya da Türkiyə də həm İslam yurdu, həm də Turan yurdudur: “Türklerin Türk yurdunu ya da Turanı özel bir aşkla benimsemeleri ne küçük İslam yurdu olan “Osmanlı ülküsü”nü, ne de İslam yurdunu unutmalarını gerektirmez. Çünkü ulus ülküsü, devlet ülküsü, ümmet ülküsü başka şeylerdir ve her üçü kutsaldır”.[2]

Gördüyümüz kimi, Gökalp nə qədər termin olaraq “İslamçı Türklük” ya da “Qərbçi, modern Türklük”dən bəhs etsə də, əslində onun düşüncəsindəki əsil türkçülük daha çox özəəsaslanan bir Türkçülük idi. Yəni Gökalpın düşüncələrində iki cür türkçülük hiss olunurdu. Bunlardan birincisi, yalnız milli və özəəsaslanan, Gök Tanrı fəlsəfəsindən ruh alan, Turan ülküsünü hədəfləyən Türkçülük idi. Bu Türkçülük daha çox romantik, utopik xarakter daşısa da, Gökalpın əsil varlığını ortaya qoyur, onun düşüncələrinin nüvəsini təşkil edirdi. Hesab edirik ki, məhz bu anlamda Gökalp Türkçülüyü yalnız qandan gələn, bir soya söykənən ideya kimi görməmiş, onu Turançılıq kimi daha geniş götürməklə düşüncəyə, milli şüura, bir sözlə sosial-fəlsəfi təlimə bağlamışdır. Bu, Gökalpın dar və məhdud düşüncələrdən çox uzaq olmasının, yəni böyük bir Türkçü, Turançı olmasının bariz nümunəsi idi. Bu anlamda milli aydınımız Əhməd Bəy Ağaoğlu da doğru qeyd edir ki, üçlü düstur arasından Gökalpın ən çox mənimsədiyi Türkçülük idi: “Türklük Ziya için esastı. Ziya Türk aşıkı idi ve bütün hayatını kendi nefsi ile ailesini ihmal edercesine bu maşukasına hasr eylemişti. Ziya Türk mümini idi ve bütün ilhamlarını bu imanından alıyordu. Türkün ruhi ve içtimai hüsusiyetlerini Ziya kadar idealize eden bir mutefekkirimiz olmamıştır”.[3]

Deməli, Gökalpın əsil Türkçülüyü sosial-fəlsəfi mahiyyətli Türkçülük olmuşdur. Sadəcə, Gökalp nisbətən 1918-1920-ci illərdə və daha sonralar sosial-fəlsəfi mahiyyətli Türkçülüyə Türkiyə Cümhuriyyətinin qurulması və yaşaması naminə, bir az fərqli təriflər verməyə məcbur olmuşdur. Özəlliklə, 1-ci Dünya müharibəsindən Osmanlının məğlub çıxmasının nəticəsi olaraq da, sosial-fəlsəfi mahiyyətli Türkçülük, Turançılıq, artıq gerçəkçi və praqmatist bir formada Gökalp və digər Türk aydınlarımızda öz əksini tapmağa başlamışdır. [4]

Belə ki, 1920-ci illərdə Türk aydınlardan bir çoxu, o cümlədən Gökalp turançılıqdan, vahid Türk milləti düşüncəsindən uzaqlaşıb ayrı ayrı müstəqil Türk dövlətlərinin mövcudluğu ideyasını daha çox təbliğ etmişlər. Çünki Qərb sivilizasiyasının çiçəkləndiyi bir dövrdə Turançılıq ideyasının Rusiya əsarətində yaşayan bütün türklərin, o cümlədən Türkiyə türklərinin əsas hədəf­lərindən biri kimi qalması çox zor görünürdü. Özəlliklə, çar Rusiyasının yerini tutan Sovet Rusiyasının Türk dövlətlərini yenidən yağmalaması, vaxtilə Ziya Gökalpın ümid etdiyi Rusiyanın dağılıb viran, Türkiyənin böyüyüb Turan olması ideyasını xeyli dərəcədə zədələmişdi.

Bu səbəbdəndir ki, xüsusilə 1923-cü ildə yazdığı “Türkçülüğün Esasları” kitabında Gökalp Türkçülük (Türk Birliyi) və Turan ülküsünü yenidən dəyərləndirmişdir. Ziya Gökalp yazırdı ki, artıq Türkiyə üçün utopik türkçülük, turançılıq deyil, real olaraq Türkiyəçilik önəmlidir. Ona görə, Türkçülük-oğuzçuluq və Turancılıq isə bütün Türklərin gələcək idealları idi.[5] Əslində bütün bunları Gökalpın Türkçülük, Turançılıq ideyasından vaz keçməsi kimi anlaşılması qətiyyən doğru deyildir. Bütün ruhu və varlığıyla Türkçülük, Turan ülküsünə bağlı olan Gökalp yuxarıda da yazdığımız kimi, Türkiyə Cümhuriyyətinin tək müstəqil bir dövlət olaraq mövcudluğu naminə Türkçülük fikirlərində bəzi dəyişikliklər etmişdir. Ancaq onun belə bir dövrdə “Türkçülüyün əsasları” (1923) kitabını yazmaqda əsas məqsədi heç də Türk Birliyindən, Turan ülküsündən vaz keçməsini ortaya qoymaq deyil, tam əksinə bir gün dünyanın şərtlərinin dəyişəcəyi təqdirdə onun gerçəkliyə çevrilə bilməsini ifadə etmək idi. Ona görə də, Gökalp bu kitabını ancaq Türkiyə türkləri üçün deyil, bütün Türk xalqlarının (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Uyğurustan, Kərkük, Hələb, Krım vəb.) ortaq proqramı kimi yazmış, Türkçülüyə xidmət edən bütün Türk aydınlarını və onların gördüyü işləri bir bir ortaya qoymuşdur.[6]

Əli Bəy Hüseynzadənin “Türk hissiyyatı ilə mütəhəssis, İslam dini ilə mütədəyyin və Avropa mədəniyyəti-hazirəsilə mütəməddin olmaq” formulunu, eyni zamanda Ziya Gökalpın “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunu zamanında ən yaxşı idrak edən və onu Azərbaycan adlı yeni bir Cümhuriyytin dövlətçilik fəlsəfəsi halına gətirən Azərbay­canCümhuriyyətininqurucusu, ilk cümhurbaşqanı, mütəfəkkir, milli ideoloq Məhəmməd Əmin Rəsul­zadə olmuşdur. Rəsulzadə yazırdı ki, ilk qaynağı Əli Bəy Hüseynzadə olan Azərbaycan bayrağındakı üç simvolun formalaşmasında Gökalpın da rolu az olmamışdır: “Azərbaycan bayrağındakı mavi rəng – Türklüyü, yaşıl rəng – Msəlmanlığı, al rəng də – Təcəddüd (Yeniləşmə – F.Ə.) və inqilab rəmzi olmaq həsbiləəsrliyi tərmiz edər ki, möhtərəm Ziya Gökalp Bəyin “Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm” – düsturunu ifadə etmiş olur”. [7]

Məhz M.Ə.Rəsulzadənin sayəsində də hər üç ideya öz yerini yeni Türk dövlətində (Azərbaycan Cümhuriy­yətində) doğru şəkildə tapmış, ən əsası o, Türklük fəlsəfəsinin bayrağımızda ilk sırada yerini tutmasına nail olmaqla, əslində bir daha keçmiş dövlətçilik (Midiya, Avar, Göktürk, Xəzər, Səlcuq və b.) ənənələrimizdə olduğu kimi, onun XX əsrdə milli nüvə rolunda çıxış edə biləcəyini rəsmən ortaya qoymuşdur. Beləliklə, Türklüyün yalnız bir gen-qan deyil, eyni zamanda mavi-göy rəngi özündəəks etdirən bir fəlsəfi təlim, dünyagörüş olması öz təsbitini tapmışdır.

Son əsr­lər­də İs­lam­çı­­lıq­­la Türk­çül­yü bir-bi­rin­dən ayır­ma­ğa baş­la­yan mil­li mü­tə­fək­kir­lər, o cüm­lə­dən Ə.Hü­seyn­za­də üçün Türk­çü­lük ru­hu­nun par­ça­lan­ma­sı, yə­ni ay­rı-ay­rı mil­li-mə­həl­li Türk­çü­lü­yə bö­lün­mə­si çox yad və uzaq bir hiss idi. Bu mə­sə­lə­lə­ri çox doğ­ru də­yər­lən­di­rən mil­li ideo­loq M.Ə.Rə­sul­za­də ya­zır­dı: “Pa­nis­la­mizm­dən qur­tu­lan Türk ic­ti­mai-si­ya­si dü­şün­cə­si bir­dən-bi­rə in­di çat­dı­ğı ger­çək mil­li ide­ya­ya o an­da ça­ta bil­məz­di. Bu psi­xo­lo­ji ba­xım­dan ay­dın­dır. Mü­ha­ri­bə və ümu­mi təh­lü­kə şə­rai­tin­də İs­lam bir­li­yi ki­mi bö­yük və əha­tə­li şü­ar­dan im­ti­na edən mil­lət­çi­lər onun əvə­zi­nə ey­ni tə­sir gü­cü­nə ma­lik bir şü­ar irə­li sür­mə­li idi­lər. Bu, an­caq mil­li bir­lik ola bi­lər­di: “Din bir­li­yi ça­ğı keç­di, in­di ta­ri­xi ulus­lar-mil­lət­lər irə­li apa­rır. Ya­şa­sın, Du­nay­dan Al­ta­ya­dək Türk ulus­la­rı­nın bir­li­yi!””.[8]

Qeyd edək ki, “Panislamizmdən qurtulan” siyasi-ideoloji Türkçülükdə isə əvvəlcə, vahid Türk millətindən və vahid Türk dövlətindən bəhs olunurdusa, ancaq sonrakı mərhələdə, o, öz yerini yeni Türkçülüyə verdi. Yeni Türkçülükdə isə milli-mədəni dəyərlər, əxlaq, adət-ənənələr əsas tutulurdu. Bu proseslərdə aktiv iştirak etmiş, yüni Türkçülüyün formalşamasına yön verənlərdən biri olan M.Ə.Rəsulzadə yazırdı: “Da­ha romantik, siyasi panturanizm yoxdur, ancaq ulus istək­lərini güdən Türkçülük vardır… Türk ellərinin özünü anlaması, irq ideologiyasından ulus ideologiyasına keçir, bu da saldırı­cılığı ideoloji-qurama baxımından da aradan qaldırır”.[9]

Fəlsəfə elmləri doktoru, professor Əli Abasova görə Məhəmməd Əmin Rəsulzadənin irsində “romantik panturanizm” ideyaları öz dəyərini yalnız mədəniyyət sahəsində, Türk xalqlarının mədəni irsini qorumaq uğrunda mübarizədə saxlamışdır. O, türkçülüyü siyasi hərəkat kimi deyil, Türk xalqlarının mədəni birləşməsi uğrunda mübarizə metodu kimi xidmət edən “elmi-fəlsəfi-estetik hərəkat” kimi qəbul edirdi.[10]

[1] Yenə orada, s.63

[2] Yenə orada, s.68

[3] Ağaoğlu, A. Ziya Gökalp bey. Türk yurdu, Cilt15-1, sayı164-3, 14-cü sene, Aralık, 1924, s. 100

[4] Gökalp Ziya. Altın ışık. Istanbul, Altın Kitaplar Yayın Evi, 2005, s.42-43

[5] Gökalp, Z. Türkçülüyün əsasları.Bakı, Maarif, 1991, s.38

[6] Gökalp, Z. Türkçülüyün əsasları.Bakı, Maarif, 1991, s.27

[7] Rəsulzadə, M. Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: “Elm”, 1990, s.97

[8] Rəsulzadə, M. Ə. Panturanizm. Qafqaz sorunu. Bakı, “Təknur”, 2012, s.51-52

[9] Rəsulzadə, M. Ə. Panturanizm. Qafqaz sorunu. Bakı, “Təknur”, 2012, s.62

[10] Абасов Али. Исследования по методологии, истории и футурологии философии. Баку, «Оптимист» - 2025, s.536


MANŞET XƏBƏRLƏRİ