Dünyanı təşvişə salan ABŞ–İsrail–İran müharibəsi artıq Yaxın Şərqdən kənara çıxaraq beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib.
Hərbi əməliyyatlar İranın Hərbi Dəniz Qüvvələri və İrana yaxın qrupların cavab hücumları ilə daha da genişlənib, raket və dron zərbələri regionun bir çox ölkələrinə yayılıb, habelə ABŞ və İsrail qüvvələrinin İran dərinliklərində strateji obyektlərə qarşı hücumları davam edir. Bu qarşıdurma nəticəsində yüzlərlə mülki və hərbi şəxs həlak olub və regionda vəziyyət son dərəcə gərgin olaraq qalır.
Eyni zamanda müxtəlif dövlətlər müharibəyə münasibət bildirməyə başlayıblar və beynəlxalq reaksiya artmaqdadır. Bir çox ölkələr bu hərbi qarşıdurmanı regionda sabitliyi pozan və beynəlxalq hüquq normalarını təhlükə altına alan addım kimi pisləyir, diplomatik həll yollarının vacibliyini vurğulayır.
Bu hadisələr fonunda üçüncü dünya müharibəsi ilə bağlı narahatlıqlar da səslənməyə başlayıb.
Bəs bu iddialar nə dərəcədə doğrudur? Artıq Üçüncü dünya müharibəsinin başladığını demək olarmı? Turkustan.az bu sualları politoloq Oqtay Qasımova ünvanladı.

Oqtay Qasımov
"Üçüncü Dünya müharibəsi başlayıb” demək hələ tezdir. Lakin son illər dünyada baş verən proseslərə və müxtəlif coğrafiyalarda artan münaqişələrə baxdıqda, qlobal gərginliyin əhəmiyyətli dərəcədə yüksəldiyi aydın görünür. Xüsusilə 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi müdaxilə qlobal təhlükəsizlik sisteminə ciddi təsir göstərdi və İkinci Dünya müharibəsindən sonra formalaşmış, təxminən 80 il davam edən beynəlxalq nizamın sarsıldığını ortaya qoydu.
Mövcud dünya düzəninin tədricən öz resurslarını tükətdiyi və əvvəlki qaydalarla davam etməsinin çətinləşdiyi müşahidə olunur. Bu baxımdan, yeni dünya nizamının formalaşması zərurəti haqqında fikirlər daha çox səslənir. Tarix göstərir ki, böyük geosiyasi dəyişikliklər çox vaxt müharibələr və ya genişmiqyaslı qarşıdurmalar fonunda baş verir.
Həm Ukrayna müharibəsi, həm də Yaxın Şərqdə, o cümlədən İran ətrafında yaşanan gərginliklər bu proseslərin müəyyən əlamətləri kimi qiymətləndirilə bilər. Ukrayna müharibəsində formal olaraq iki tərəf – Rusiya və Ukrayna iştirak etsə də, prosesə dolayı və ya açıq şəkildə qoşulan dövlətlərin sayı və rolu onun daha geniş geosiyasi qarşıdurmanın elementi olduğunu göstərir.
Eyni vəziyyət İran ətrafındakı gərginliklərdə də müşahidə olunur. Regional münaqişələr qlobal güclərin maraq toqquşması fonunda daha mürəkkəb xarakter alır. Bununla belə, baş verən hadisələri indiki mərhələdə “Üçüncü Dünya müharibəsi” adlandırmaq düzgün olmazdı. Çünki dünya siyasətində hələlik birbaşa və açıq şəkildə bütün böyük güclərin tammiqyaslı hərbi toqquşması müşahidə edilmir.
Xüsusilə qlobal miqyasda iqtisadi və siyasi gücünü artırmağa çalışan bəzi böyük aktorlar proseslərə birbaşa qoşulmaqdan daha çox strateji gözləmə mövqeyi seçirlər. Ehtimal etmək olar ki, əgər gələcəkdə qlobal miqyaslı qarşıdurma baş verərsə, bu, əvvəlki iki dünya müharibəsindən fərqli xarakter daşıyacaq. Daha çox hibrit müharibə elementləri ön planda olacaq: texnologiya savaşları, informasiya və ideoloji mübarizə, kiberhücumlar, media üzərindən təsir əməliyyatları və proxy (vəkil) qüvvələr vasitəsilə aparılan qarşıdurmalar.
Yəni müasir dövrdə mümkün qlobal savaş anlayışı klassik cəbhə müharibəsindən daha çox çoxşaxəli, qarışıq və qeyri-ənənəvi xarakter daşıyacaq.
Aytən Yaşar/ Turkustan.az