Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
IV Yazı
Bakı qubernatoru Həsən bəy Zərdabinin sözlərinə ciddi yanaşdı, şəxsən özü Tiflisə gedib çanişin vasitəsi ilə Bakı Dumasında qlasnıların üçdə birinin müsəlman,üçdə birinin rus, üçdə birinin erməni əhalisindən seçilməsi barədə nazirin göstərişini aldı. Həsən bəy 1880-ci ildə Zərdaba köçənə qədər şəhər dumasına seçkilər bu qayda ilə keçirilirdi və yalnız hər beş qlasnıdan biri müsəlman oldu. Beləliklə əhalisinin 75 faizi yəni dörddə üçü müsəlman olan şəhərin dumasında cəmi beş-altı müsəlman qlasnısı vardı ki, onların da demək olar ki, heç biri iclasların aparıldığı rus dilini bilmirdi.
1885-ci ildə müsəlman qlasnılardan biri Zərdaba gəlib göz yaşları içərisində Həsən bəyə müsəlmanların şəhər dumasında nə hala salındıqlarını danışdı və bu acınacaqlı vəziyyətdən çıxış yolu tapmaqda yardımını əsirgəməməyi xahiş etdi. Həsən bəy Zərdabi vəziyyətlə tanış olmaq üçün Bakıya gəldi.Burada,şəhər dumasının iclasında o, beş müsəlman qlasnısından yalnız üç nəfərini görə bildi. Onlar da sakitcə bardaş qurub mürgü döyürdülər. Həsən bəy şəhər dumasından çox qəzəbli çıxdı, elə həmin axşam şəhərin müsəlman ağsaqqallarına müraciət edib onları utandırmağa çalışdı. Bildirdi ki, nüfuzlu müsəlmanlar yalnız öz mənafelərini güdürlər.Həsən bəy dini insanları bir arada tutan və hökmdara itaəti təmin edən qüvvə hesab edirdi.Həsən bəy görə Bakı Şəhər Dumasına ağıllı adamlar deyil, ağlı olmayan pulluları seçirlər, müsəlman şəhərində qlasnıların yalnız beşdə birinin yerli əhalidən olması haqqındakı qanundan şikayət vermək lazımdır və sairə. Varlılar bu dəfə də Həsən bəyin şikayət təklifini rədd etdilər.Onlar şəhər duması xətti ilə müsəlmanlar üzərindəki diktaturalarını itirəcəklərindən qorxurdular.Ona görə də qanuna qarşı çıxmağı ağıllarına da gətirmirdilər. Belə olduqda Həsən bəy nazirin adına müsəlmanların hüquqsuz vəziyyətini bütün tragikliyi ilə göstərən tutarlı bir ərizə yazdı. Onu götürüb şəhərin bütün varlı,nüfuzlu müsəlmanlarının qapısını döydü,lakin hər yerdə onu qorxa –qorxa dinləyir, heç kəs Həsən bəyin gətirdiyi ərizəyə imza atmaq istəmirdi. Onda Həsən bəy ərizəni qondarma “Bakı sakini Pirəli Pirbudaqoğlu” adı ilə imzalayıb nazirə göndərdi.Nazir Pirəli Pirbudaqoğlunu ağıllı, dəlil-sübutlu ərizəsini oxuyub yerində yoxlamaq üçün Bakı qubernatoruna (o vaxt qubernator Rore idi) göndərdi.Rore Hacı Zeynalabdin Tağıyevi çağırıb soruşdu: “Bu ərizədə yazılanlar düzdürmü! Mənim müsəlmanlara köməyim dəyə bilərmi!”. İşi belə görən Tağıyev və başqa varlılar bildilər ki,daha padşahın üzünə ağ olan təbəələr sırasına düşmək qorxusu yoxdur,hamısı birdən-birə cəsarətə gəldilər,özlərini Həsən bəyin qondarma adla yazdığı ərizənin əsil müəllifləri kimi göstərdilər.Həqiqət naminə Bakının keçmiş bələdiyyə rəisi Pretski Pirəli Pirbudaqoğlunun ərizəsindəki şikayətlərinin hamısının düzgünlüyünü sübuta yetirmədə onlara köməyi dəydi.Qanun dəyişdirildi və qlasnıların yarısının müsəlmanlar, yarısının isə xristianlardan seçilməsinə icazə verildi.Yalnız bundan sonra müsəlman qlasnılar bir qədər hərəkətə gəldilər, onların da səsi eşidilməyə başlandı. Bu qayda-yəni qlasnıların tən yarısının müsəlmanlardan olması 1906-cı ilə qədər davam etdi.Həmin il ruslar və ermənilər Bakı şəhər Dumasının tərkibi ilə bağlı şikayət verdilər və nazirlik yenidən qərar çıxardı ki,qlasnıların üçdə biri müsəlmanlar, üçdə biri ruslar,üçdə biri isə ermənilərdən seçilsin. O vaxt Həsən bəy artıq ağır xəstə idi,tam qüvvə və enerji ilə işləyə bilmirdi. Şəhərdə isə görməli işlər çox idi,sayca az olsalar da,yeni,gənc qüvvələr meydana çıxmışdı, onlarla əl-ələ verib işləmək mümkün idi. Lakin Dağıstan və Çeçenistandakı üsyanların əks-sadalarının hələ unudulmadığı,inzibati dairələrin şübhəli münasibəti və təqiblər şəraitində Həsən bəy istəməsə də mərkəzdən uzaqlaşmalı və 1880-ci ildə Zərdaba köçməli olmuşdu. Burada da görməli işlər az deyildi.İlk növbədə maarifin inkişafına çalışmaq lazım idi.Böyük Zərdab kəndi,Göyçay,Şamaxı və Ərəş qəzalarının bütün kəndləri sözün hərfi mənasında şeyxlərin hökmü altına düşmüşdü.Şeyx Əlibaba Göyçay qəzasında və Ərəş mahalının bir hissəsində,Şeyx Hacı Süleyman isə Şamaxı qəzasında ağalıq edirdilər. Şeyxlər min bir fırıldaqla kütləni elə tora salmışdılar ki,camaat az qala Allahın özünü də unutmuşdu.Adamlar dara düşəndə,çətinliklə üzləşəndə artıq Allahı yox,şeyxləri köməyə çağırırdılar.Şeyxin hökmü o qədər güclü idi ki,o, birinə “özünü suya at!” desəydi,mürid fikirləşmədən bu əmri yerinə yetirərdi.Avam camat arvad-uşaqların xəstəliyini sağaltmaq, gözdəymədən nicat tapmaq,sonsuzluğu müalicə etmək, düşməndən qorunmaq,quraqlıqdan xilas olmaq və sairə və ilaxır-bir sözlə,hər məsələdə şeyxə müraciət edir,var - yoxunu daşıyıb, onun qapısına gətirirdi.Şeyx isə pərəstişkrlarının əlində oyuncağa çevrilmişdi, təkcə onların var-yoxunu soyub talamırdı,həm də namuslarına toxunur, fırıldaqla arvadlarını, qızlarını ələ gətirirdi. Şeyxin beyinlərini dumanlandırdığı cahil və bədbəxt adamlar bunu böyük savab və şərəf sayır,qızlarını,arvadlarını onun ixtiyarına verirdilər.Həsən bəy Zərdabi başlanğıc üçün qonşuluqda Şeyx Əlibabanı və onun üç qardaşını zərərsizləşdirmək qərarına gəldi.O,camaatın gözünü açmaq,şeyxin bəd əməllərini üzə çıxarmaq üçün bacardığını eləyirdi. Həyat yoldaşı uşaqlara dərs keçir,tez-tez kənd qadınlarını toplayıb təbiət haqqında populyar hekayələrin türkcə tərcüməsini oxuyur,onlara əl işlərini,ipək qurdları bəsləməyi və sairə öyrədirdi.Bu yolla şeyxin təsirini nisbətən zəiflətmək mümkün olmuşdu.Lakin müxtəlif əxlaqsız məclislər düzəldən şeyxin avara kişilər arasında nüfuzu hələ çox güclü idi.
Həsən bəy Zərdabda məktəb açmaq üçün uzun müddət çalışmışdı. O, hətta məktəb binasının tikintisinə 12 min rubl pul ala bilmişdi. Lakin şeyx də yatmamışdı və camaata bildirmişdir ki, kim məktəb açılmasına razılıq versə,onun lənətinə hədəf olacaq. Ona görə də Cəmiyyətin məktəb tikilməsi və lazımi avadanlıqla təmin olunması qərarı gətiriləndə kənd camaatı bundan qəti şəkildə boyun qaçırdı,üzərinə hər hansı öhdəlik götürməkdən imtina etdi. Onda Həsən bəy Bakıya getdi və qubernatora sübut etdi ki,şeyx kimi fitnəkarlar yalnız maarifin inkişafına əngəl deyillər,onlar həm də fanatizmin qara qüvvələri kimi təhlükəlidirlər. Qubernatorun fərmanına əsasən Şeyx Əlibaba və onun iki qardaşı Qafqaz hüdudlarından uzağa-Rusiyaya sürgün edildi. Şeyxin pərəstişkarları Həsən bəyin tezliklə Allahın qəzəbinə gələcəyini gözləyirdilər.Lakin Allahın köməyi, bəlkə də Həsən bəyin ağlı onu bəlalardan hifz etdi. Xalq şeyxin gücsüzlüyünün şahidi oldu və 1896-cı ildə Həsən bəy Zərdabdan gedəndə Şeyx Əlibabanı yalnız fanatik qarılar xatırlayırdılar.
Kəndlilərin ikinci qənimi qolçomaqlar və polislər idi. Ancaq onlarla mübarizə aparmaq nisbətən asandı. Həsən bəy qorxub-çəkinmədən kəndliləri başa salırdı ki, qolçomaqlar müxtəlif bicliklərlə verginin çox hissəsini onların çiynninə yükləyirlər,odur ki,qoy ayıq olsunlar, ödədikləri hər qəpik üçün qəbz alsınlar. Tədricən gözləri açılmış kəndlilər artıq kəndxudanın yaxud vergiyığanın ondan artıq pul qoparmasına laqeyd yanaşmır,soyğunçuları biabır edirdilər. Kəndlilərdəki bu oyanış Həsən bəyi ürəkdən sevindirdi: “Məşədi, day gələn dəfə Keçəl Vəlini xamlaya bilməyəcəksən!”- deyirdi. Polis nəfərlərinin Həsən bəydən elə zəhlələri gedir,ondan elə qorxurdular ki, zərurət olmayanda heç vaxt Zərdabın həndavərində görünmürdülər. Kəndlilər deyirdilər: “Pristav və rəislər Zərdaba yaxınlaşanda elə bil üfürülmüş sabun qovuğunun havası buraxılır-o dəqiqə köpləri yatır”. Həsən bəy onların “fəaliyyəti” barəsində Bakı və Tiflis qəzetlərində yazırdı. Çoxları rüşvətxorluğa görə vəzifələrini itirməli olurdular.
Müsəlman kəndlilərin üçüncü bədbəxtliyi torpaq məsələsində hər tərəfdən sıxışdırılmaları idi. Ortabab bəylər onlarla pis-yaxşı yola gedirdilər,lakin varlı əsilzadələr rüşvət və satın alınmış yalançı şahidlər vasitəsi ilə kəndlilərin becərilmiş torpaq sahələrini ələ keçirirdilər. Xəzinə bu məsələdə varlı mülkədarlardan daha yırtıcı və tamahkar idi. Əkinə yararlı hər torpaq sahəsini dərhal ələ keçirməyə çalışırdı. Kəndlilər son qəpik-quruşlarını əkib-becərdikləri torpağı xəzinənin qəsbkarlığından qorumaq üçün rüşvət verməli olurdular.Kəndli öz torpağında elə bil iynə üstə oturmuşdu.Əgər həmin torpaq sahəsi məmurları rüşvətlə ələ almış qonşu kəndə lazım idisə,kəndlini öz torpağından çıxarırdılar,kefləri istəyəndə isə köçkünləri burada yerləşdirirdilər.Əgər torpağa kəndlinin vərəsəlik hüququ çatırdısa,onda belə özbaşınalıq törətmək bir qədər çətinləşirdi. Həsən bəy Zərdabinin heç vaxt vərəsəlik torpağı olmamışdı.Torpaq məsələsinə yalnız kəndlilərin əkib-becərdikləri sahələrin əllərindən alınmaması,dövlət torpağı elan olunmaması,buraya köçkünlərin gətirilməməsi naminə müdaxilə edirdi. Həmin dövrdə Rusiya imperiyası Qafqaza mümkün qədər çox köçkün yerləşdirmək istəyirdi. Zərdabda yaşayan Həsən bəy kəndlilərin vəziyyəti və ehtiyacları,yollar,suvarma sistemi,bataqlıqlar, təbii zənginliklər və sairə barəsində çox yazırdı. Xüsusən Sakt-Peterburqda çıxan “Zemledelçeskaya qazeta” da onun Qafqazda kənd təsərrüfatının vəziyyəti və torpaq problemi barəsində xeyli məqaləsi çap olunmuşdu.Qəzetin redaksiyası maaşla Sankt-Peterburqa köçməyi və burada Qafqaz şöbəsini aparmağı Həsən bəyə təklif etmişdi.Lakin Həsən bəy vətənini tərk etmək fikrində deyildi,”indi mənim məqalələrim yaxşıdır,çünki onları azad,sərbəst adam yazır,-deyirdi,-dövlət xidmətinə girsəm,qələmimin azadlığını itirəcəyəm”.
Qəzetin xalq üçün zəruriliyini Həsən bəy kənddə daha aydın hiss edirdi.O,təzə qəzet nəşri üçün təşəbbüs göstərmək istəyirdi,lakin kənd mülkədarları,şeyxlər və polis idarəsi Həsən bəyin məktəb açmaq fikrinə düşdüyünü bilən kimi ona hər yolla mane olmağa başladılar.Düzdür, məktəb açılmasına çətinliklə də olsa,razılıq alındı. Ancaq Həsən bəyin düşmənləri yatmamışdılar, “indi qəzet nəşr eləmək,xalqı üstümüzə qaldırmaq istəyir”- deyə onun Osmanlı sultanının casusu olması,camaatı üsyana səsləmək,Qafqazı Rusiyadan ayırmaq tapşırığı alması haqqında böhtanlar yayırdılar.Bu məsələni yerində təhqiq etmək üçün Bakı qubernatorunun özü Zərdaba gəlmişdi. May ayı idi.Həmişə bu vaxtlar ağcaqanad Zərdabda tuğyan eləyirdi,onun əlindən nəfəs almaq mümkün olmurdu.İstinin və ağcaqanadların üzüb əldən saldığı qoca,xəstəhal qubernator çox tezliklə Həsən bəyin ünvanına deyilənlərin hamısının böhtan olduğuna inandı.Onu yanına çağırıb təxminən fransız jurnalistinin 1878-ci ildə dediyi sözləri dedi: “Görünür,siz bu zavallı xalqı o qədər sevirsiz ki,iqlimin və ləyaqətsiz adamların bütün yaramazlıqlarına dözür,buradan getmək barəsində qətiyyən fikirləşmirsiz”.Zəli kimi camaatın qanını soranların həyasız yalanı üzə çıxsa da,hökumət dairələrinin Həsən bəyə şübhəli və inamsız münasibəti dəyişməmişdi.Bir sözlə,qəzet ideyası baş tutmurdu.Əgər “Əkinçi”nin nəşrinə yeddi ildən sonra razılıq ala bilmişdisə,bu şübhəli münasibətdən sonra yeni qəzetin çapına icazə üçün daha çox vaxt tələb olunacaqdı. Üstəlik,qəzeti qorumaq üçün onu hökumətin tələblərinə uyğunlaşdırmaq lazım gələcəkdi.Həsən bəy isə bunu istəmirdi.O,keçmiş şagirdi Kuzminin naşir və redaktor olduğu “Kaspi” qəzetinə Zərdabi çoxlu məqalələr göndərirdi.Tiflis qəzetlərində də onun yazıları ardıcıl dərc edilirdi.Redaktorlar Həsən bəyi yüksək qiymətləndirir,bir çox yazılarını baş məqalə yerinə verirdilər.Kənddə yaşadığı illərdə o,öz varisi,xələfi adlandırdığı “Tərcüman”a abunə yazılmışdı.Həsən bəy bu qəzeti çox sevirdi,amma ona özü yox,Zərdab mollası üçün abunə yazılmışdı. Hər dəfə qəzetin yeni nömrəsini mollaya verəndə deyirdi: “Minbərdən camaata oxu! Bu sənin nağıllarından daha faydalıdır”.Həsən bəy çox hazırlıqlı vəkil idi.Kəndlilər tez-tez kömək,məsləhət üçün ona üz tuturdular.
Tağıyev qızlar məktəbi və Həsən bəy Zərdabi
XIX əsrin II yarısından etibarən Azərbaycanda təhsil və mədəniyyət sahəsində xeyli yeni dəyişiklik yaşamışdır.Mədrəsələrlə yanaşı yeni məktəblər açılmağa başlamışdır.Hacı Zeynalabdin Tağıyev qız məktəbi açmaq üçün Rusiya imperatoru III Aleksandra (1881-1894) müraciət etmişdir,ancaq bu istək də geri çevrilmişdir.Rus xalqının ruhu pravoslav kisə tərəfindən formalaşmış, dini formasiya almışdı.İmperatorun ölümündən sonra Hacı Zeynalabdin Tağıyev yeni Rusiya imperatoru II Nikolayın (1894-1917) həyat yoldaşı Aleksandra Fyodorovnaya çox dəyərli hədiyyələr göndərərək məktəb açmaq üçün icazə istəyir,əgər icazə verilərsə məktəbə onun adının veriləcəyini bildirir.Beləcə icazə alınır və məktəbin nizamnaməsi Həsən bəy Zərdabi Məlikov tərəfindən yazılır. Nizamnamədən sonra yaradılan idarə heyətinin rəhbərliyinə Hacı Zeynalabdin Tağıyev,rəhbər müavinliyinə Tağıyevin istəyi ilə Həsən bəy Zərdabi gətirilir.1901-ci ilin sentyabrında hər şey hazır olduğu halda yetərli qədər şagird olmadığı üçün məktəb açılmır.Zərdabi özü və dostları Bakı ətrafına gedərək, birbaşa xalqdan qızlarını oxutmalarını istəyir.Nəticədə 1901-ci ilin 7 oktyabrında 58 qız şagird ilə məktəb fəaliyyətə başlayır.
Azərbaycan tarixində bir ilk olan qız məktəbinin açılmasında Hacı Zeynalabdin Tağıyev,Həsən bəy Zərdabi və Hənifə xanımın böyük zəhmətləri olmuşdur.
Ardı var