Qrip simptomlarını 24 saat ərzində tamamilə aradan qaldırmaq mümkün olmasa da, xəstəliyin ilk əlamətləri görünən kimi atılan addımlar bərpa prosesini sürətləndirə və ağırlaşmaların qarşısını ala bilər.
Turkustan.az xəbər verir ki, orqanizmdəki toksinlərin kənarlaşdırılması üçün bol maye qəbulu əsas şərt sayılır. İlıq bitki çayları, xüsusilə zəncəfil və limon qarışığı boğazdakı iltihabı azaltmağa kömək edir. Şəkərli içkilərdən uzaq durmaq tövsiyə olunur, çünki şəkər immun sisteminin mübarizə qabiliyyətini zəiflədə bilər. Toyuq bulyonuna bişirilmiş şorbaların isə həm bədən temperaturunu qoruduğu, həm də orqanizmi lazımi minerallarla təmin etdiyi bildirilir.
Qeyd olunur ki, virusla mübarizə aparan bədənin enerjiyə ehtiyacı olduğu üçün tam istirahət vacibdir. Qaranlıq və sərin otaqda dincəlmək, eyni zamanda otağın havasını tez-tez dəyişmək və rütubət səviyyəsini normada saxlamaq tənəffüsü asanlaşdırır. Quru havanın burun və boğazın selikli qişasını qıcıqlandıraraq öskürəyi artıra biləcəyi vurğulanır.
Məlumatda həmçinin C vitamini ilə zəngin meyvələrin və sink tərkibli qidaların virusun yayılma sürətini azalda biləcəyi qeyd edilir. Duzlu su ilə qarqara və burun yuma prosedurlarının infeksiya ocağının təmizlənməsinə kömək etdiyi bildirilir. Yüksək temperaturun bədənin müdafiə reaksiyası olduğu, lakin hərarət 38.5 dərəcəni keçdiyi halda həkim məsləhəti ilə qızdırmasalıcı vasitələrdən istifadə edilməsinin məqsədəuyğun sayıldığı diqqətə çatdırılır.
Halsızlıq və yüksək qızdırma uzun müddət davam edərsə, özbaşına müalicədən çəkinmək və tibbi yardıma müraciət etmək tövsiyə olunur. /Demokrat.az/