“23 min terrorçu İrana girə bilər: sonra isə…” – Pakistanlı politoloqdan sensasiya


Turkustan.az Globalinfo.az-a istinadən pakistanlı politoloq, professor Mahmud Ul Hasan Xanla müsahibəni təqdim edir:

– Cənab Xan, bildiyiniz kimi, ABŞ və İsrailin İrana hücumu, rəsmi Tehranın isə buna cavab olaraq Yaxın Şərqdəki ABŞ bazalarına zərbələri davam edir. Gərginlik hansı nəticələri doğura bilər?

– İrana qarşı ABŞ və İsrailin apardığı bu müharibə bütün region ölkələri üçün ciddi sosial-iqtisadi, geosiyasi və geostrateji nəticələr doğurur.

ABŞ və İsrail tərəfindən irəli sürülən bütün manipulyativ əsaslandırmalara baxmayaraq, hər iki ölkə beynəlxalq hüququ, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərini ciddi şəkildə pozub. Nəticə etibarilə hazırda beynəlxalq əməkdaşlığın, iqtisadi qloballaşmanın və diplomatiyanın institusional tənəzzülünün şahidi oluruq.

İrana hava hücumu nəticəsində 86 yaşlı Ayətullah Seyid Əli Xameneinin öldürülməsi isə bütün regionu təhlükə altına saldı. Xüsusilə deyə bilərəm ki, bu hadisə ilə Yaxın Şərqin mənzərəsini həmişəlik dəyişdirildi. Bununla belə, ABŞ tərəfindən dəstəklənən “Böyük İsrail” gündəliyinin İranın müqaviməti səbəbilə asanlıqla həyata keçirilməyəcəyi də məlum oldu.

– Belə görünür ki, müharibə qısa müddətdə bitməyəcək. Çünki İranda həlak olan dövlət rəsmilərinin yerinə az bir zamanda yeni kadrlar gəldi. Sanki prosesə öncədən hazırlıq vardı. Siz necə düşünürsünüz?

– İran xalqının özünəməxsus millətçilik, qürur və cəsarət geni olduğuna görə, onlar ali dini liderləri Xameneinin aradan götürülməsini unutmayacaq və bunun qisasını almaq üçün bütün çətinliklərə baxmayaraq mübarizə aparmağa üstünlük verəcəklər.

İran ABŞ və İsrailin hava zərbələrinə hazırda cavab verir. Taktiki olaraq Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına – BƏƏ, Küveyt, Qətər, Bəhreyn və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edir. Bu da bütün regionu alov içində qoya bilər. Belə bir vəziyyətin ABŞ ilə Körfəz Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələr arasında gələcək ittifaq münasibətlərində dönüş nöqtəsi olması mümkündür.

Təəssüf ki, transregional bağlantı, rifah, inkişaf, sabitlik və harmoniya, yəni iqtisadi inteqrasiya və firavanlığın əsas xüsusiyyətləri ABŞ–İsrail hegemoniyası, Hindistanın müttəfiq kimi dəstəyi və Əfqanıstanda Taliban rejiminin regiondakı “çirkli oyunları” səbəbilə sarsıdılmışdır. Bu proses birbaşa regional sabitliyə, Çinin arzularına, Yaxın Şərq və Mərkəzi Asiya ilə əlaqələndirilməsinə zərbə vurur.

Belə görünür ki, beynəlxalq güc mərkəzləri və onların regional müttəfiqləri Çinin transregional əlaqələrini məhdudlaşdırmaq məqsədilə ABŞ, İsrail, Hindistan və BƏƏ-dən ibarət yeni bir Təhlükəsizlik Dəhlizi (SC) formalaşdırmağa çalışırlar. Beləliklə, yeni bir “çirkli son oyun” başladıldı”.

WhatsApp Image 2026 03 03 at 15.03.49
Mahmud Ul Hasan Xan

– Bu prosesdə Pakistanın mövqeyi necədir?

– İranda hədəflənən rejim dəyişikliyi baş verərsə, növbəti hədəf Pakistan ola bilər. Bu səbəbdən artıq siyasətçilər, hökumət və media arasında qızğın müzakirələr başlayıb. Beləliklə, Pakistanın əsasən üç cəbhədə – Əfqanıstan, Hindistan və İran istiqamətlərində qarşıdurma ilə üzləşməsi gözləniləndir.

Hindistanın Baş naziri Narendra Modinin İsrailə son səfəri, bu ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşü və Talibana strateji dəstək vədi Pakistan və onun nüvə proqramına qarşı gizli ittifaqın göstəricisi kimi qiymətləndirilir. Bir çox dərc olunmuş hesabatlara görə, Hindistan İranın hədəfə alınması məsələsində ABŞ və İsraillə eyni mövqedədir. Bununla da regionda və onun hüdudlarından kənarda genişlənən hərbi oyunlarını təsdiqləmiş olur.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin son hesabatlarında Əfqanıstanda çoxsaylı terror qruplaşmalarının, həmçinin Əl-Qaidənin yenidən təşkilatlanması və dirçəlişi barədə ciddi göstəricilər təqdim edilib. Onların sayı hazırda 20–23 min arasında qiymətləndirilir. Təhlükəli məqam ondan ibarətdir ki, onların yarıdan çoxu xarici döyüşçülərdir, bu da regional sülh və sabitliyi pozmaq, həmçinin Çinin layihələrini və birbaşa xarici investisiyalar vasitəsilə həyata keçirilən təşəbbüslərini əngəlləmək niyyətini təsdiqləyir.

– Cənab Mahmud, siz Çin faktoruna toxundunuz. Belə başa düşürəm ki, ABŞ əslində İrana müdaxilədən çox Çinin regional maraqlarını və qlobal güc olmaq niyyətini əngəlləmək istəyir. Doğrudur?

– ABŞ və İsrailin İran hökumətinə qarşı davam edən xarici təcavüzü regionda Çinin təşəbbüsü çərçivəsində sosial-iqtisadi inkişaf, maliyyə inteqrasiyası, infrastruktur quruculuğu, rifah və yoxsulluğa qarşı mübarizə istiqamətində irəliləyişləri sabotaj etməyə yönəlib. Pekinin Tehranla 480 milyard dollardan çox dəyəri olan müqavilələri mövcuddur, lakin ABŞ–İran–Hindistan–BƏƏ arasında formalaşan yeni Təhlükəsizlik Dəhlizi Çinin sürətini, əhatə dairəsini, faydalılığını və effektivliyini zəiflədir.

İnfrastrukturun, limanların, dövlət obyektlərinin, məktəblərin və mülki yaşayış evlərinin dağıdılması yeni Təhlükəsizlik Dəhlizinin formalaşdırılması uğrunda “çılğın təqibi” nümayiş etdirir. Bu çərçivədə Əfqanıstandakı Taliban rejiminə tabe olan 23 min nəfər terrorçudan İranda rejim dəyişikliyinə nail olmaq üçün istifadə ediləcəyi güman olunur.

Belə görünür ki, ABŞ–İsrailin sərt mövqeli siyasətçiləri və hərbi ekspertləri İranın ali dini rəhbərliyini aradan götürməklə ciddi strateji səhvə yol veriblər, çünki onlar İranın möhkəm, funksional və mərkəzləşdirilməmiş iyerarxik sistemini düzgün qiymətləndirməyiblər.

Beləliklə, Tehranda rejim dəyişikliyi ilə bağlı istək və niyyətləri hələ də uzaq perspektiv kimi görünür. İranın BƏƏ, Qətər, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarına cavab zərbələri fonunda Yaxın Şərqdə genişmiqyaslı dağıntı və xaos təhlükəsi artmaqdadır.

Söhbətləşdi: Turan Rzayev
Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ