İranın ABŞ və İsrailin hücumlarına ballistik raketlərlə cavab verməsindən sonra bölgədə gərginlik daha da artıb.
Turkustan.az xəbər verir ki, İrandan atılan bəzi raketlər Təl-Əviv istiqamətində düşüb. İsrailin hava hücumundan müdafiə sistemləri işə salınsa da, şəhərin müxtəlif nöqtələrində partlayışlar qeydə alınıb və səmaya qalxan tüstü buludları müşahidə edilib.
Hücum zamanı Təl-Əvivdə təşviş yaşanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə raketlərin yüksək sürətlə yerə doğru hərəkət etdiyi və zərbə anında güclü partlayışların baş verdiyi görünür. Partlayış səslərinin kilometrlərlə uzaqdan eşidildiyi bildirilir.
Zərbə endirilən ərazilərdə yanğınların baş verdiyi, tüstünün isə küləyin təsiri ilə yaşayış məntəqələrinə yayıldığı qeyd olunur.
Şəhərdə həyəcan siqnalları səsləndirilib, sakinlərə sığınacaqlara enmək tövsiyə olunub. Hadisələrlə bağlı rəsmi qurumların əlavə açıqlamaları gözlənilir.
Aytən Yaşar/ Turkustan.az