İçini tanıyan - dünyanı tanıyır



İşıqlı Atalı

Sayğının, dostluğun, sevginin çoxluğu insan üçün dərmandır, problem insanın yarımçıqlığındadır. Mütləqə yetmək gərək.

İnsan təbiəti nisbiliyindən cəfəngiyyat axtarır, gözəlliklərindən bezir. Başqa tərəfdən bu gözəllikləri daşımaq hünər istəyir. Pis olmaq, adiləşmək isə asandır.

***

Ruhsallıq – mənəvilik deməkdir. Mənəvilik – ulusal olaydır.

***

Ulusal dəyər – Ulusun ruhundan yaranır.

***

İnsanın içinə baş vurması, Mütləqləşmək - var olmaq imkanını üzə çıxarması, özünü öyrənməsi çətindir, ancaq qaçılmazdır. İçinin gözəlliklərini aşkarlaya bilməyən İnsan qıraqdan kömək umur, var ola bilmir.

***

Bəşər yeniləşməlidir, deməli, ona yeni Dünyabaxış, yeni bayramlar gərəkdir. İnam Atanın yaratdığı bayramlar (İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik) İnamlaşacaq dünyanın - Mütləqə İnam Sivilizasiyasının, kamilləşən, ruhsallaşan İnsanındır - İnsanlarındır.

***

Vaxtı itirmək – Özünü itirmək.

Vaxtı diriltmək – Özünü diriltmək.

***

Fərəhli olmaq üçün Zamanı gözləyənlər yanılır.

Fərəhli olmaq imkanı həmişə var: içdə yetirilən, qorunan, ifadə olunan...

Zaman İnsana Fərəh vermir, imkanı yoxdur.

Mahiyyətinə tən olmaq imkanın var, İnsan!

Səni özündən yaxşı tanıyan, bilən, ifadə edən olmayacaq.

İçinə baş vur, gözəlliklərini aşkarla, halının yiyəsi ol.

***

Özümlüyündən - Ulusal ruhundan ayrılan Bəşəriliyindən ayrılır.

***

Sevgi gözləmə, sevgi göstər, sevgi görəcəksən.

Qayğı gözləmə, qayğı göstər, qayğı görəcəksən.

***

Özünə sayğılı olan başqasını da dəyərləndirir... Ruhsal (İnsani) imkanlarımız bitmir, tükənmir. Yeni imkanların aşkarlanması Bədənin də imkanlarını artırır.

***

Özümlüyünə yetən - Özü olur... Çoxu elə bilir ki, ailədə adi davranmaq olar, evdən qıraqda ciddi olmaq gərəkdir. Əksinə, ailədə doğma, ruhlu olmaq gərəkdir ki qıraqda oyunçuluğa gərək olmasın.

İçdən köklənən yıxılmır.

***

Hər şeyi oxumaq yox, İnsana gərək olanı oxumaq.

İçini tanıyan - Dünyanı tanıyır.

***

Ərdəmli ömür (yaşam) ən böyük yaradıcılıq örnəyidir.

***

Türklüyə olan sevgi, bu hal üstə yaşam mahiyyətcə insanlığa təndir. Bu gün dünyanın halı daha qarışıqdır, getdikcə bu qarışıqlıq artacaq. Yəni minillərdən bəri dünyada gedən müxtəlif yönlü proseslər insanın halının qarışıqlığından doğub. Ədalət, həqiqət, xeyir uğrunda mübarizələr çox hallarda tam gerçəkliyini tapmır, bəşər ulusların timsalında sanki yenidən mübarizənin əvvəlinə qayıdır, hər şey yenidən başlayır. Ona görə ki, dünyanın halı insanlıq ölçüsünə uyğun deyil. Sayırıq ki, türklüyün ömürləşməsi dünyanın halsızlığının aradan qaldırılması üçün ciddi bir başlanğıc ola bilər.

***

İnsanlığımız mayasını, gücünü ulusallığımızdan alır.

Zəngin ulusallığımızla bəşəriliyə layiq oluruq.

Uluslar olmasaydı, bəşərin əlvanlığı olmazdı, yeknəsəqlik onun məna gözəlliyini yarada, təsdiq edə bilməzdi.

Türk xarakteri, yaşamı, mədəniyyəti, fitri duyumu öncə Ulusumuzun fərdlərinin içində tam mənasıyla ömürləşməlidir...

***

Özünlə ruhsal danışa bilirsənsə, yetər.

***

Yaşamaq - İnsanın İnsanlıq imkanı ölçüsündə var olmasıdır, habelə başqalarını da var etməyə çalışmasıdır, gerçəkliyi insanlığa yüksəltməsidir.

***

Həyata münasibətin əsilliyi tələbi insanların mənəviyyat axtarışlarının qaçılmazlığından, Mütləqiliyindən qaynaqlanır.

***

Dünyanın gedişatında, gerçəklikdə mənasızlıq çeşidləri çoxdur, ancaq mayasında - Mütləqdə yoxdur. İnsanın Mütləqləşmək - var olmaq imkanı var.


MANŞET XƏBƏRLƏRİ