Qarabağda evləri hökumət tiksin, köçkünlərin özləri? - Tanınmışlardan REAKSİYA


44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbədən dərhal sonra Qarabağda böyük tikinti, bərpa-quruculuq işlərinə start verilib. Bu gün Qarabağda minlərlə yaşayış binası və fərdi evlər tikilib.

Hazırda Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış çərçivəsində məskunlaşdırılma həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə görüləsi işlər isə hələ çoxdur. Söhbət dağıdılmış yaşayış məntəqələrindəki evlərin yenidən tikilməsindən gedir. Məhz bu tikintilər zaman-zaman müəyyən müzakirələr doğurub, müxtəlif təkliflər səsləndirilir.

Belə təkliflərdən biri də keçmiş məcburi köçkünlərə öz evlərini özlərinin tikməsinə şərait yaradılması ilə bağlıdır.

Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev də belə bir təkliflə çıxış edib.

"Qarabağa qayıdan keçmiş məcburi köçkünlər evlərini özləri tiksiinlər. İşğaldan azad olunmuş ərazilərdə vacib işlər görülür. Evlər tikilir, yollar, məktəblər, xəstəxanalar salınır. Amma dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzunmüddətli həll deyil. Bu, nə büdcə üçün dayanıqlıdır, nə də insanların orada kök salması üçün doğru modeldir.
Bu gün biz köçkünlər üçün evi də, kommunalı da, infrastrukturu da dövlət hesabına qururuq. Amma nəticə nədir? Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır. Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır”,-R.Nurullayev deyib.

Qarabağdan olan bəzi tanınmış şəxslər Modern.az-a açıqlamada Razi Nurullayevin təklifinə münasibət bildiriblər.

Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas bu təkliflə qəti şəkildə razı olmadığını bildirib:


"Qarabağda bu gün səliqəli şəkildə böyük şəhərlər və kəndlər salınır. İndi istədiyi kimi biri üzü gündoğana, digəri günbatana ev tikəcək. Kimsə kimdənsə küsüb, gedib evi onun qabağında köndələn inşa edəcək. 2026-cı il "Memarlıq və Şəhərsalma İli"di. Ağdamı, Kəlbəcəri tikiblər. Görün yolları, evləri, infrasturukturu necə də səliqə ilə qururlar. Necə səliqəli formada işığı, qazı, suyu çəkirlər. İndi gedib, hərə özünə qaz, su çəkdirəcək? Ağdamda vaxtilə eləydi. Asfaltı, qazı özümüz çəkirdik. Razı deyiləm, bu düzgün təklif deyil. Hökumət 2040-cı ilə kimi özü hər şeyi tikib təhvil verəcək. Mən Ağdama, Qarabağın digər ərazilərinə tez-tez gedib-gəlirəm. Gedişata baxıram və görürəm ki, vaxtından əvvəl tikinti başa çatacaq. Məsələn, Ağdamda 3 kənd tikiblər. Bağçası, məktəbi, stadionu hər şeyi səliqəlidir. Mən hər kəsin gedib öz evini tikməsi fikri ilə razı deyiləm".

Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədovun fikrincə, əhalinin öz evlərini özlərinin tikməsi məsələsi indi yox, gələcəkdə nəzərdən keçirilə bilər:


"Hazırda dövlət bütün işləri öz üzərinə götürüb. Görülən işlər də böyük vəsait tələb edir. Dövlət özü vahid layihə və plan əsasında infrastrukturu qurur. Yəni bu gün dövlətin yanaşması ondan ibarətdir ki, tikinti və köç prosesini də özü həyata keçirsin. Burada kənar müdaxilə, kiminsə özünün addımlar atması qeyri-mümkündür. Bəzən mətbuatda da müxtəlif fikirlər səsləndirilir. Qarabağda yol, qaz və su çəkilir. Vətəndaşların özlərinin bunları etməsi kifayət qədər mürəkkəb məsələdir. Ona görə də, hazırda yanaşma ondan ibarətdir ki, evləri dövlət özü tikir və vətəndaşa təhvil verir. Mən hesab edirəm ki, bu, dövlətin vətəndaşa verdiyi böyük dəyər və qiymətdir. Onu da qeyd edim ki, bu günə kimi Qarabağa 20 milyarddan artıq pul xərcləmişik. Bu, çox böyük vəsaitdir. Evlərin vətəndaşların özləri tərəfindən tikilməsi məsələsinə gələcəkdə baxıla bilər. Yəni hələ ki məsələ gündəlikdə və gündəmdə deyil. Ona görə də, vətəndaşlar da bu məqamı mütləq nəzərə almalırlar".

Kəlbəcərdən olan jurnalist, "Türküstan" qəzetinin rəhbəri Aqil Camal isə Razi Nurullayevin təklifi dəstəkləyib:


"Bu cür təklifləri torpaqlarımız işğaldan azad olunan həmən sonra məhz məcburi köçkünlərin özləri, xüsusilə kənd yerlərindən olan insanlar səsləndirib. Çünki yeni dövrdə artıq əvvəlki kəndlərin hamısının bərpası nəzərdə tutulmur. Mərkəzləşdirilmiş formada bir neçə kəndin birləşdirilməsi ilə kəndlərin inşası nəzərdə tutulur. Bu da hələ ki qarşıdakı dövrdə dövlət proqramları çərçivəsində həll olunacaq.

Nəzərə alsaq ki, zaman gedir. 30-35 il əvvəl o torpaqlardan gəlmiş insanların bir çoxu həyatlarını itiriblər. Doğma torpaqlara qayıtmaq üçün isə onillikləri gözləmək müşkülə çevrilir. Bu baxımdan məhz məcburi köçkünlərin özləri tərəfindən də bir neçə dəfə belə təkliflər səsləndirilib ki, kimin imkanı varsa, həmin şəhərlərdə və yaxud da kəndlərdə öz vəsaitləri hesabına evlərini ya bərpa etsinlər, ya da yeni evlər tiksinlər.

Burada işlər təbii ki, arxitektura, yeni təsdiq olunan baş planlar əsasında gerçəkləşdirilə bilər. Bir də həmin əraziyə, bölgəyə tikinti materiallarının çatdırılması, orada münasib qiymətə təklif olunması nəzərdən keçirilə bilər. Yaxud da məcburi köçkünlərə hansısa formada kreditlərin verilməsi kimi addımlar atıla bilər. Amma ötən beş ildə köçürülən əhali sayına əsasən deyə bilərik ki, Böyük Qayıdışın yekunlaşması üçün bizə bir neçə onilliklər lazımdır. Bu baxımdan hesab edirəm ki, səsləndirilmiş təklif dəstəklənməlidir".


Cəbrayıldan olan Milli Qəhrəman Vahid Quliyev məsələyə belə münasibət bildirib:

"Həqiqətən də yerli əhali, məcburi köçkünlər bu məsələ ilə bağlı mənə də müraciət edirlər ki, "icazə versinlər evıərimiz özümüz tikək". Amma şəxsən mən özümə qalsa, hökumətə inanıram. Hər halda tikinti işləri zamanı hökumət mühəndislərin məsləhətlərini nəzərə alır. Deməli, işlər dövlət standartlarına uyğundur. Şəxsən özüm üçün istərdim ki, hökumət tiksin. Mənim fikrim budur".


MANŞET XƏBƏRLƏRİ