Şəbnəm Məmmədova
dosent
Çağdaş macar ədəbiyyatının istedadlı nümayəndələrindən olan Laslo Krasnahorkai doğma ədəbiyyata orijinal bədii nəsr nümumələri ilə ilk addımını 1977-ci ildə atmışdır. Onun bədii təfəkkürünün qeyri-adi məhsulları olan roman və novellalarında antiutopik pritçalar təqdim edilməklə, həm də hər hansı ola biləcək və gələcək perspektivlərdən məhrum edilmiş nəticələr ortaya qoyulur. Əsərlərinin janr xüsusiyyətləri, mövzu palitrası, obrazlarının davranışındakı orijinallıq və estetik yanaşmalar və s., heç şübhəsiz ki, birbaşa sənətkarın ictimai mövqeyi və həyat baxışları ilə bağlıdır. Elə buradaca qeyd edək ki, Laslo Krasnahorkai hətta Macarıstanın baş naziri Viktor Orbanın siyasi kursuna və ideyalarına qarşı dayananlardan biridir.
Laslo Krasnahorkainin qələmindən indiyə qədər çoxsaylı romanlar və novellalar çıxmışdır. Onların sırasında “Şeytan tanqosu” (1985), “Müqavimət melanxoliyası” (1989), “Müharibə və müharibə” (1999), “Qalibiyyətlidə aclıq və qüssə” (2004 – Çin haqqında sənədli roman), “Si-van-mu bizim içimizdədir” (2008), “Axırıncı canavar” (2009) “Baron Venkheymin qayıtması” və başqa bu kimi geniş panoramlı romanlar və “Sonuncu şəfqətlik” (1986) kimi novellalar çıxmışdır.
Laslo Krasnahorkai əsərlərinin orijinallığına, özünün qeyri-adi istedadına bu nümunələrdə ortaya qoyulub həll edilmiş problemlərin özəlliyinə görə bir sıra yüksək – Attila Jozef (1987), Koşut (2004), Bukerov (2015) və Nobel mükafatılarına (2025) layiq görülmüşdür.
Laslo Krasnahorkai universal tipli sənətkarlardandır. Macar milli ədəbiyyatı və mədəniyyətində o, novellist, nasir, romançı və kinossenarist kimi məşhurdur.
Laslo Krasnahorkaini macar ədəbiyyatının Dostoyevskisi adlandırırlar. Onun intellektual nəsri və fərdi müəllif traktovkasında təqdim olunmuş kinofilmləri ədəbiyyat, sənət həvəskarlarına və peşəkarlara yaxşı tanışdır. Sənətkarın əsərlərini rus dilinə çevirmiş Oksana Yakimenko Laslo Krasnahorkaini öz nəslinin dahi yazıçısı adlandırmaqla, həm də onu da vurğulayır ki, başqası ilə bağlı “O, Dostoyevskiyə çətin ki, o qədər oxşasın. O, elə Krasnahorkaidir”. Eyni zamanda o, öz bədii mətnlərində o qədər mühüm mənəvi məsələlər qaldırır ki, onların miqyası Fyodor Mixayloviçin maştablarına uyğundur. Onun 1980-1990-cı illərdə yaratdıqları bütünlüklə zəngin və böyük Avropa ədəbiyyatıdır.Yazıçının yaradıcılığında insanın daxili dünyası, mənəvi böhranı əsas mövzu kimi ön plana çəkilir. O, əsərlərində həm fərdi, həm də kollektiv təcrübəni təsvir edir, müasir insanın dünyadakı mövqeyi və qarşılaşdığı halı, vəziyyəti və durumu daha çox ortaya qoymağa səy göstərir. Bu da qeyd edilməlidir ki, Laslo Krasnahorkainin yaradıcılığı həm də tarixi və siyasi kontekstlərlə birbaşa bağlıdır.
Onun əsərlərində Macarıstan tarixinin çeşidli mərhələləri, müasir Avropada gedən proseslər və qlobal sosial-ideoloji dəyişikliklər öz əksini tapır. Odur ki, bu cəhət onun əsərlərini yalnız ədəbi deyil, həm də fəlsəfi və sosial təlatümlərin səbəblərinin açılması baxımından zəngin mənbəyə çevirir.
Elə buradaca qeyd etməyə ehtiyac vardır ki, Laslo Krasnahorkainin bədii nəsrinin dili mürəkkəb və çoxqatlıdır. O, uzun, fasiləsiz və bəzən dayanmadan uzun-uzadı cümlələrdən istifadə edərək oxucunu öz düşüncə axınının arxasınca çəkib aparır. Bu üslub oxucudan diqqət və səbr tələb etməklə yanaşı, həm də mətnin fəlsəfi dərinliyini və psixoloji təsirini gücləndirir. Yazıçı hadisələri yalnız nəql etmir, həm də insan şüurunun mürəkkəb və ziddiyyətli strukturuna nüfuz edir. Onun dili oxucuya yalnız hekayəni deyil, həm də ayrı-ayrı ədəbi personajların daxili aləmini hiss etdirməyə imkan verir.
Laslo Krasnahorkainin əsərlərində hadisələr əksər hallarda konkret məkan və zamandan asılı olaraq təsvir olunmur. Belə üslub xətti L.Krasnahorkainin yazılarına universallıq gətirməklə yanaşı, həm də oxucuya təqdim olunan problemləri ümumbəşəri səviyyəyə qaldırır. Onun əsərlərində ümidsizlik, çıxış yolunun tapılmaması və s. kimi məqamlar insanın tale qarşısında acizliyini göstərir. Bununla yanaşı, yazıçı bəzən bu qaranlıq mənzərənin içində zəif də olsa ümid işartıları tapır, oxucuya həm emosional, həm də intellektual təcrübə bəxş edir.
Laslo Krasnahorkainin yaradıcılığında dini və metafizik motivlər də mühüm yer tutur. O, insanın Tanrı, həqiqət və mənəvi xilas axtarışlarını mürəkkəb və əksər hallarda nəticəsiz proses kimi təqdim edir. Bu axtarışlar bir sıra hallarda daxili ziddiyyət və xaosla müşayiət olunur. Yazıçı müasir dünyada insanın öz yerini tapa bilməməsini və daxili böhrankeçirmə hissini başlıca problem kimi ön plana çıxarmağı zəruri hesab edir. Metafizik suallar, fəlsəfi işıq, gündəlik hadisələr, personajların davranışları və ətraf mühitlə əlaqələr vasitəsilə müəllif oxuculara istiqamətlənməklə, həm də öz fərdi bədii priyomunun aparıcı xətti kimi təqdim edilir.
Laslo Krasnahorkainin “Şeytan tanqosu” romanındakı hadisələr dağılan bir kolxoz-fermada vaqeə olunmaqla, həm də sosial və mənəvi baxımdan çökmüş bir icmada cərəyan edir. Burada yaşayan insanlar ümidsizlik, yoxsulluq və mənəvi boşluq və böhran içində günlərini güdür, demək olar ki, gələcəklə bağlı hər hansı real dəyişikliyə ümid bəsləmirlər. Əsərin başlanğıcında icma sakinləri İrimias və Petrinanın qayıdacağı xəbərini alırlar. Onlar əvvəllər bu icmadan çıxıb getmələrinə baxmayaraq, indi “xilaskar” kimi gözlənilirlər. Belə gözlənti isə cəmiyyət üzvlərində saxta da olsa, müəyyən ümid yaradır və onları hərəkətə gətirir. Romandakı apokaliptik motivlər və qaranlıq atmosfer oxucu üçün həm emosional, həm də intellektual gərginlik yaradır. “Şeytan tanqosu” romanını həm real, həm də irreal, metafizik kontekstdə dərk və qəbul etmək mümkündür. Bu da yazıçının ümumi yaradıcılıq strategiyasını yaxşı nümayiş etdirir. İnsanın mənəvi böhranı, zaman və məkanın nisbi təbiəti, həmçinin tarixi və sosial kontekst arasında qarşılıqlı əlaqələr yaradılsa da, bir tərəfdən, ümid, digər tərəfdən, ümidsizlik sindromu ortada dayanmaqdadır.
Laslo Krasnahorkainin əsərlərindəki apokaliptik motivlər heç də öz əksini ardıcıl tapmır. Dünyanın və cəmiyyətin çökməsi, insanın çıxılmaz vəziyyətə düşməsi və ümidsizlik hissi əsərin ana xətti kimi ortadadır. Laslo Krasnahorkainin əsərlərində personajların daxili psixoloji durumu yerli-yataqlı və bütün təfsilatı ilə təsvir olunur, bu da oxucuya onların dünyagörüşünü və qərarsızlıqlarını hiss etdirməyə imkan verir. Bu xüsusiyyət yazıçının əsərlərini yalnız ədəbi deyil, həm də fəlsəfi baxımdan sanballı nümunəyə çevirir. Onun nəsr nümunələri yalnız fərdi təcrübəni deyil, həm də cəmiyyətin və tarixin təsirini ortaya qoymağı hədəfləyir. Personajlarla bağlı gedən proseslərdə sosial hadisələr qarşısında mənəvi və psixoloji böhran yaşanılır. Bu kontekst Krasnahorkainin əsərlərini həm realist, həm də metafizik səviyyədə oxunmasını təmin edir və oxucuya interpretasiyalar etmək imkanı yaradır.
Laslo Krasnahorkai rejissor Bela Tarrla əməkdaşlığı sayəsində həm də əsərlərinin vizual təsirini gücləndirə bilmişdir. Onların çəkdiyi filmlərdə uzun-uzadı qara rənglər və asta ritm və s. müəllifin yazı üslubunun vizual keyfiyyəti kimi qiymətləndirilir. Kinematoqraflarla əməkdaşlıq həm də Laslo Krasnahorkainin əsərlərinin daha geniş çevrədə tanınmasına şərait yaratmışdır.
Laslo Krasnahorkai müasir ədəbiyyatda insanın daxili dünyasını, mövcudluq böhranını və onun mənəvi tənəzzülünü dərin və təsirli şəkildə ifadə edən yazıçılardandır. Onun əsərləri oxucunu rahatlıqdan uzaqlaşdırır, düşünməyə vadar edir, komfortsuzluq yaradır və müasir insanın qarşılaşdığı fundamental suallarla üz-üzə qoyur. Laslo Krasnahorkainin yaradıcılığı fəlsəfi baxımdan müasir dövrün ən dəyərli nümunələri səviyyəsinə qaldırılır.
“Şeytan tanqosu” romanında kommunist mərhələsindən sonrakı dövrdə köhnə bir macar kəndində alkoqolla günlərini keçirən insanların qeyri-adi bir şəraitdə və gizli İrimias adlı bir liderin gəlib onları xilas edib, onlara zənginlik bəxş edəcəklərini gözlədikləri halda, əslində hər şey əksində olur – onun gəlişi xaosa və özü-özündən hər şeyin dağılmasına gətirib çıxarır, “tanqo” isə personajların ümidlərini itirib, rəqs etmələrini simvolizə edir. “Şeytan tanqosu” insanların dağıdıcı reallıqdan çıxa bilməmək ümidlərinin itirilməsi anlamına gəlir. Eyni zamanda əsər fəlsəfi nöqteyi-nəzərdən keçid dövründə yaşamış insanların inam və özgüvəncini ironik bir yozumda illüstrasiya edir.
“Yandeks-Kniq”in şef-redaktoru ədəbi təndiqçi Konstantin Mülçin sənətkarın çeşidli problemlərlə bağlı əsərlərinin müxtəlif tərəflərinə toxunarkən onun bədii mətnlərinin ədəbi kamilliyindən və ustalığından ağızdolusu bəhs edir. Krasnahorkai bu nəhəng və əzəmətli dünyanın xarabalıqlarında olan elə bir məkandan danışır ki, həmin dünyanın özü belə mövcud deyildir. Laslo Krasnahorkainin əsərlərində hər hansı bir evə, keçmişə, itirilmişə qayıdış yer alır. Bu cəhət onun “Müharibə və müharibə” və “Baron Venkheymin qayıtması” romanlarında daha relyeflidir. Laslo Krasnahorkainin istifadə etdiyi cümlələri uzun-uzadı və sonsuz olmaqla, son dərəcə mürəkkəb durğu işarələri ilə zəngindir ki, onlar daim kədər və nostalgiya atmosferi yaradır.
Beləliklə, Laslo Krasnahorkainin əksər əsərlərinə nəzər saldıqda görürük ki, bu nümunələr öz fəlsəfiliyi və metafizikliyi ilə yanaşı, oxuculara yalnız əyləncə və hər hansı hekayə təqdim etmək yox, həm də insanın mənəvi və fəlsəfi dünyasına dərindən nüfuzetmə imkanı yaradır. Elə buna görə də sənətkarın əsərləri yalnız macar oxucuları üçün deyil, bütövlükdə bütün ədəbiyyatsevərlər tərəfindən böyük maraqla qarşılanır.