“Uçaq qaçırmağ”ın bədəli və ya “Altaylardan Hazara” 28-ci Uluslararası Şeir Axşamlarından geriyə qalanlar


İbrahim İlyaslı

Hər uzaq səfərin bir nədəni, bir vəsiləsi olmalıdır axı. Mənim Türkiyənin Elazığ şəhərində ənənəvi “Uluslararası Hazar Şiir Akşamları”na gedişimin də ilginc bir tarixçəsi var. Bu etkinliyə Dünya Gənc Türk Yazarlar Birliyinin Geneşim kurulu başkanı olaraq 10 il bundan öncə dəvətli idim. Bütün hazırlıqlar görülmüş, uçaq biletim alınmış, Elazığ Hava Limanında məni qarşılayacaq görəvli bəllənmiş, qalacağım otel ayarlanmışdı. Bircə qalırdı Heydər Əliyev adına Bakı Hava limanına özünü çatdırmaq. Vəssalam. İş bu ki, ləngliyimin ucbatından ayarlanmış reysə gecikdim. Durumdan hali olan Elazığ Bələdiyyəsinin Kültür və Sosyal Müdürlüyü görəvlisi, eləcə də Avrasiya Yazarlar Birliyinin başkanı, rəhmətlik Yaqub Öməroğlu mənimlə davamlı olaraq telefon görüşmələri etsələr də artıq iş işdən keçmişdi. Türkiyədən gələn zəngə telefonu açarkən ilk eşitdiyim də bu oldu: “İbrahim bey, uçağı kaçırtdınızmı?” Türkiyədə təyyarəyə gecikmək anlamına gələn bu ifadə bizdə hansısa terrorçunun təyyarəni məcburi şəkildə başqa hava limanına eniş etməyə məcbur etməsi anlamına gəlir axı. Mən də zarafatımdan qalmayıb: “Əfəndim, siz nə danışırsınız, əksinə, uçaq qaçdı, mən qaldım hava limanında” deyə cavab verdim. Başqa bir reysə biletimin dəyişdirilməsi prosesi uzun çəkdiyindən Sumqayıta geri dönməli oldum. Bakıdan çıxhaçıxda “Sizə başqa reysə bilet kəsdiririk” təklifinə “qalsın” deyə cavab verdim və beləliklə bu səfərim baş tutmadı...

Keçən il fəxri üzvü olduğum Türk Ədəbiyyatı Vakfı tərəfindən “Ahmet Kabaklı - 100” medalı mənə təqdim edilərkən bu hekayəti vakfın başqanı, çağdaş Türk poeziyasının ünlü ismi, görkəmli şair dostum sayın Serhat Kabaklıya olduğu kimi danışdım və xeyli güldük. Sonda Serhat bəy: “Bu yıl Elazığda keçirilecek şiir akşamlarında seni bekleyiriz. Vakfımız tarafından devet alacaksın” dedi.

Vaxt ötdü, vədə yetişdi və “uçağı kaçırtmağ”ımın bədəli olaraq Elazığ Bələdiyyə Başkanlığından keçən ilin 17-18-19 oktyabrında TÜRSOY-un, TİKA-nın, Elazığ Valiliyinin və Elazığ Bələdiyyə Başkanlığının, eləcə də Türkiyə Daxili İşlər nazirliyinin, Mədəniyyəy və Turizm nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Altaylardan Hazara” adlı Şeir Axşamlarına dəvət aldım. Bu dəfə “mövqelər daha da möhkəmlənmiş”, bir müddət Ə.Kərim adına Sumqayıt şəhər Poeziya Evində mənimlə birgə çalışmış, xətrini çox istədiyim istedadlı gənc şair Elvin Əlizadəyə də dəvət gəlmişdi. Elvinin məsuliyyətli rəftarı sayəsində, elə onun arabasındaca vaxtında hava limanına uğrayıb, qeydiyyatdan keçdik. Gözləmə salonunda xətri mənim üçün də əziz olan xanım şairimiz Xuraman Muradova və gənc şair Ramil Əhmədlə rastlaşdıq. Eyni səfərin yolçuları olduğumuz məlum olduqda buna çox sevindik. Türk Hava Yolları uçağı ilə Bakı-İstanbul reysində Atatürk Hava Limanına endikdə özləri də əslən Elazığdan olan Kabaklılar ailəsi ilə görüşüb birlikdə yolçuluğa davam etdik. İstanbul-Elazığ reysi ilə uğurlu və rahat bir uçuşla Elazığ Hava Limanına endiyimizdə artıq hava qaralmışdı. Hava limanında bizi və müxtəlif Türk cümhuriyyətlərindən gəlmiş müsafirləri bələdiyyə və valiliyin görəvliləri ən əziz adamları, doğmaları kimi qarşılayıb, qalacağımız “Elazığ WINDYHILL” otelinə götürdülər. Bizi otelə aparan minibüsdə, eləcə də otelin vestibülündə ayrı-ayrı uluslararası etkinliklərdə tanış olduğumuz, bəzilərinin isə imzalarını tanıdığımız şairlərlə atüstü görüşüb həmsöhbət olduq. Otel şəhərin kənarında, hündür bir təpənin başında yerləşdiyindən eyvanlardan Elazığ axşamının sehrinə düşməmək mümkün deyildi. Səhər qəlyanaltıdan sonra isə bizi davamlı olaraq zəngin proqramlar gözləyirdi. Öncəliklə onu deyim ki “Altaylardan Hazara” adlı bu ilki 28-ci Şeir Şöləni XI əsrdə yaşayıb-yaratmış böyük türk düşünürü və yazarı, “Kutdagu Bilik” kitabının müəllifi Balasaqunlu Yusuf Has Hacibin anısına(xatirəsinə) düzənlənmişdi.

İlk proqram isə Elazığ Təhsil Müdürlüyü tərəfindən çeşidli liseylərdə ayarlanmış poeziya gecələri oldu. Mən və Türkiyənin Gümüşhanə Universitetinin müəllimi, eyni zamanda Türk Ocaqları Gümüşhanə şöbəsinin başqanı, şair Tələt Ülkər şəhərin qabaqcıl liseylərindən biri olan Çubukbey Anadolu liseyində qonaq olduq. Lisey rəhbərliyi və yerli yazarlar bizi öz doğmaları kimi çox mehribanlıqla qarşıladılar. Qısa təqdimatdan və bizim tanışlıq xarakterli çıxışlarımızdan sonra şagirdlər şeirlərimizdən örnəkllər söylədilər. Bunun ardından sual yağışları başladı və tədbir ilginc bir diskusssiya şəklində davam etdi. Düzü, Tələt bəy də, mən də lisey öyrəncilərinin bizi bunca sorğu-suala tutacaqlarını gözləmirdik. Elə buna görə də görüşdən çox razı qaldıq. Sonda liseyin müdürü Bekir Erol bəy hər ikimizə görüşdən xatirə olaraq plaget və hədiyyələr təqdim etdi.

Nahardan sonra isə şəhərin Cümhuriyyət Meydanından başlayan daha zəngin və rəngarəng bir proqrama qatıldıq. Elazığ Bələdiyyə başqanı Şahin Şərifoğulları və Elazığ valisi Numan Hatipoğlu şölənə dəvət olunmuş şairlərlə tək-tək görüşüb onlarla tanış oldular, hansı məmləkətdən gəldikləri ilə maraqlandılar və şölənimizə uğurlar dilədilər. Bunun ardından möhtəşəm mehtər marşlarının müşaiyyəti ilə şəhər ictimaiyyətinin də qatıldığı Kültür Park Amfiteatrına yürüş baş tutdu. Park boyu sıralanmış yaşayış binalarının eyvanları bayraqlarla süslənmişdi, yaşayışçılar eyvanlara çıxıb uzaqdan bizləri salamlayırdılar. Mehtər marşlarının qürurverici sədaları altında bələdiyyə başqanı və şəhər valisi ilə birlikdə Ahmet Tevfik Ozan Fuar və Konqre Mərkəzinə vardıq. Möhtəşəmliyi ilə heyranlıq doğuran mərkəzdə protokol çıxışlarının ardından “28-ci Hazar Şiir Akşamları” başlandı. Öncə söz Azərbaycan şairlərinə təqdim olundu və sırayla Saxa Yakutiyadan tutmuş Anadoluya qədər, Şimali Makedonyadan tutmuş Qazaxstana qədər bütün türk cümhuriyyətlərindən etkinliyə qatılmış şairlər öz şeirlərini oxudular. 1000-dən çox tamaşaçının qatıldığı tədbirdə bütün çıxışlar sürəkli aiqışlarla qarşılandı. Tədbirdə eyni zamanda, burada oxunan şeirlərdən ibarət “Altaylardan Hazara” adlı kitabın təqdimatı keçirildi. Sonra isə böyük həvəslə Türk dünyasının ünlü sənətçisi Esat Kabaklının konsert proqramını seyr etdik və zövq aldıq.

Sabahısı gün əsasən Elazığın gəzməli, görməli yerləri, eləcə də tarixi abidələri ilə tanışlıq üçün xüsusi proqram üzrə hərəkət etdik. Elazığa bağlı olan qədim Harputda “Qəzetçilik və mətbəə” muzeyi ilə tanışlıq və Xəzər gölünün sahilindəki Sivricə “Öyrətmən Evi”ndə vali və bələdiyyə başqanı, eləcə də Elazığ millət vəkilləri ilə birlikdə nahar fasiləsi, ardından iştirakçılara plaget və hədiyyə təqdimatları səfərimizə xüsusi bir rəng qatdı.

Onu da xatırladım ki, rəsmi görüşlərdən kənarda, gəzinti və restoranlardakı, çay süfrəsindəki səmimi söhbətlərin, axşamlar otelin vestibülündə düzənlənən sərbəst şeirləşmələrin və ünsiyyətin isə ayrıca yeri var idi. Vakfımızın başqanı Serhat bəy, eləcə də bələdiyyə görəvliləri bütün səfər boyunca hər kəsə fərdi yanaşıb, xüsusi diqqət göstərir, hamının qayğıları ilə maraqlanırdılar. Söhbətlər zamanı can atdığımız ortaq türkcə demək olar yerindəcə yaranırdı. Əsasən Türkiyə türkcəsində anlaşsaq da, söhbətə hərə öz türkcəsinin özəl qatqısını sağlayırdı.

Səfərimizin sonuncu günü qəlyanaitı zamanı “TRT Avaz”ın müxbiri Ayşegül xanımın məni aradığını söylədilər. Görüşüb yaxından tanış olduq. Şeir axşamında Azərbaycan şairlərini xüsusi zövqlə dinlədiyini, “Turan yaşasın” adlı şeirimi çox bəyəndiyini və proqram üçün müsahibə verməyimizi rica etdi. Bütün Türk Cümhuriyyətlərində yayımlanan “TRT Avaz”ın vəsiləsi ilə Elazığdan bütöv türk ulusuna səslənmək, əlbəttə, bizim də ürəyimizcə oldu. Xuraman xanım Muradova, Ramil Əhməd, Elvin Əlizadə və mən televiziya tamaşaçıları ilə öz təəssüratlarımızı bölüşdük, ümumtürk ədəbiyyatının qalxınması və təbliğ olunması ilə bağlı istək və arzularımızı söylədik.

Türkiyənin bu gözəl və tarixi diyarından özəl və xoş təəssüratlarla ayrıldıq.

Xoşca qal, gözəl Elazığ! Xoşca qal, bala Xəzər! Yenidən görüşənədək, Elazığlı dostlar!

P.S. Elazığda olarkən daha bir sürprizlə qarşılaşası oldum. Nahar fasiləsi zamanı iki il öncə məni Şimali Makedoniyada keçirilən, lakin üzürlü səbəbdən qatıla bilmədiyim Poeziya Festivalına dəvət etmiş makedonyalı xanım şair Leyla Şerif Eminlə rastlaşdıq. İlk dəfədir görüşməyimizə baxmayaraq, internet üzərindən tanış olduğumuzdan, vaxtaşırı telefon əlaqəsi saxladığımızdan dolayı bir-birimizi həmən tanıdıq. Lap köhnə tanışlar kimi görüşüb hal-əhval tutduq. Söhbət baş tutmayan səfərdən düşüncə Leyla xanım: “Bu yıl Şimali Makedonyada “Yehya Kemal” Şiir Şöləni düzənlənəcək,- dedi. – Sizi hemin etkinliye davet edeceyiz. Lütfen, davetimizi degerlendirirsiz.” Leyla xanım vaxtı çatanda internet üzərindən əlaqə saxlayıb, Dəvət Məktubunu mənə göndərdi. Bütün xərclərin onlar tərəfindən qarşılanacağını da əlavə etdi. Lakin, bu dəfə də başqa bir problemlə üzləşəsi olduq. Əvvəlki illərdən fərqli olaraq, Şimali Makedonyadan ölkəmizə viza rejimi tətbiq edildiyindən və bundan həm təşkilatçılar, həm də mən gec xəbər tutduğumuz üçün yenə də Şimali Makedonya səfərim baş tutmadı. Ümidvaram ki, növbəti dəfə belə olmaz...

Sonda, Elazığlı günlərdən xatirə olaraq Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı, çağdaş Türkiyə şeirinin ünlü imzalarından olan şair Tələt Ülkərin bir neçə şeirini sevimli “TÜRKÜSTÜN”ın dəyərli oxucularına təqdim edirəm.

TƏLƏT ÜLKƏR

(Türkiyə)

Məmləkət gözəlləməsi

“Könül ayrılmayır öz baharından,

İlham baharından, söz baharından.

Deyirəm vətənin bircə qış günü,

Yaxşıdır qürbətin yüz baharından.”

Nəbi Xəzri

Günəşi ovlamağa qərar verdiyimiz gün,

Köçdük diyar-i-Ruma Xəzərin kənarından.

Başdanbaşa bu yurdun və onu saran göyün

Dövr aldıq tapusunu Romanın küffarından.

“Göy girsin, qızıl çıxsın” gər baxsaq ardımıza,

Deyə yəqin eylədik düzən verib qopuza.

Söz verib düyün etdik göydə ayla ulduza,

Düşgün saydıq bu yolda dönəni iqrarından.

Atına kəfəniylə minincə başbuğumuz,

Yeddi iqlim dörd köşə yayıldı buyruğumuz.

Göyü otaq eylədik, günəş oldu tuğumuz,

Diz çöküb, baş əyməyən düşdü etibarından.

Yəsəvi əmanəti kök atdı könüllərdə,

Yeddi verən qönçələr pardaqlandı hər yerdə.

Ərlər qalxdı səmaya, açıldı doqquz pərdə,

Hacı Bektaş Vəlinin ol gökcə nəzərindən.

Ana deyib doluşduq o isti qucağına,

Qazıdıq izimizi tək-tək hər bucağına.

Düz odun daşımaqda Türkcənin ocağına,

Eşq ilə bizim Yunus qutlu söz baharından.

Ərənlərin dəsturu cümlə qapılar açar,

Nəsimi al qanını eşq ilə yerə saçar.

Girər durna donuna, haqqın yanına uçar,

Pir Sultan şaha gedər pirlərin qatarından.

Qoç Koroğlu yaslanır qarlı uca dağlara,

Ləngərli yerişiylə damğa vurur çağlara.

Tutub da yar əlindən Əmrah enər bağlara,

Qaracoğlan su işər sevda bulaqlarından.

Dərdli telli sazıyla daşa tutar şeytanı,

Şenlik düşmənə qarşı sazla qorur vətəni.

Ruhsati saz çalmaz da, yenə düzər dastanı,

Veysəl sadiq yarına səslənər məzarından.

Ərənlər bu yollarda tozu qatıb dumana,

Söz ilə hökm edərlər məkana və zamana.

Qovğa günü gəldimi, baş əyilməz fərmana,

Dadaloğlu hay verər igidlər diyarından.

Sinələr ocaq kimi tutuşurkən Harputda,

Tənha otağı bəklər Zihni hələ Bayburtda.

Ölüm ilə ayrılıq bir ölçülür bu yurdda,

Sevib alammayanlar ölür həm əfkarından.

Arifin tərifi

Bilən söyləməsə də, bilməsə də söyləyən,

Sükut içrə imlayıq, dilə bel bağlamarıq.

Qorxarmı boğulmaqdan dəryalara boy verən,

Dərinlərdə damlayıq, selə bel bağlamarıq.

Məlalın dərgahında təni post eyləmişik,

Hüznün meyxanəsində könlü məst eyləmişik.

Yarı cümlə məxluqdan hər an üst eyləmişik,

Qüdrətnə mübtəlayıq, ələ bel bağlamarıq.

Biz ki tən qəfəsində hər nəfəs zərərdəyik,

Səyyahıyıq gecənin, düşlərdə fərardayıq.

Fağır bilib aldanma, eşq ilə iqrardayıq,

Çün məczub-i mevlayıq, qula bel bağlamarıq.

Yetim düşlər görmüşük biz ana qucağında,

Mülk edib əyləşmişik hüznün dörd bucağında.

Bişmişik eşq közüylə həsrətin ocağında,

Kor atəşdən tuğlayıq, külə bel bağlamarıq.

Girib durna donuna ən yüksəkdən uçarıq,

Uçurumlardan adlar, dağı dəlib keçərik.

Məkana sığmarıq biz diyar-diyar köçərik,

Həm qürbət, həm vətənik yola bel bağlamarıq.

Başaqdakı dənik biz xırmanı bəkləmərik,

Eşq mülkündə adağız qurbanı bəkləmərik.

İlğımlarda qeyb olan karvanı bəkləmərik,

Gah Məcnun, gah Leyliyik, çölə bel bağlamarıq.

Bülbül töksün meyini sevda piyaləsinin,

Gizləsin şöləsini həsrət məşaləsinin.

Məhəbbət məktəbində vüsal risaləsinin

Oxunduğu rəhilik, gülə bel bağlamarıq.

Vüsal süfrəsi

İntizar ağzımın dadıdır artıq,

Arasan da olar, aramasan da.

Könül sarayımın qapısı açıq,

Uğrasan da olar, uğramasan da.

İlləri xərclədim yol kirəsinə,

Ağlın yükü dəyməz tən dərəsinə.

Ümid çörəyini san süfrəsinə,

Doğrasan da olar, doğramasan da.

Könül aha batar, ağıl qaraya,

İllər əngəl olub girər araya.

Sinəm içrə qaysaq tutmuş yaraya

Yarasan da olar, yaramasan da.

Qısaltmısan zülflərinin ucunu,

Qısa kakil neylər çiçək tacını.

Hörüyü çözülmüş sünbül saçını

Darasan da olar, daramasan da.

Yola gərilincə əcəlin ağı,

Xəzan yeli çürüdüncə yarpağı,

Məzarım üstünə qara torpağı,

Kürüsən də olar, kürüməsən də.


MANŞET XƏBƏRLƏRİ