Turan Uğur
AYB-nin üzvü, yazıçı
(Səməd Vurğun, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Əli Kərim)
Qeyd: Bu esseni vaxtilə Mədəniyyət Tv-də yayımlanan, müəllifi olduğum “Sətirlər” verilişinin, “Baharda doğulanlar” rubrikasının ssenariləri əsasında yazmışam.
Bahar əyyamıdır, yatanın yetəndən, tənbəlin işləyəndən, əlini belinə qoyanın əli qabarlıdan xəcalət çəkdiyi vaxtlardı bu vaxtlar.Nənələrimizdən belə eşitmişəm, nənələrimizə qurban olum. Onların sözləri yerə düşüncə düşmənin boynu qırılsın.Odur ki, nənələrimizi eşidib, sizi salamlamağa, həm də səsləməyə çıxmışam. Güvənclərimizi, ucalarımızı, ulularımızı səsləməkdə pərgaram, dostlar. Bu bahar ağzında, bu yazın alaçalpo vaxtlarında, Boz ayın bozara-bozara üstümüzə çımxırdığı günlərdə, “Yaz ağzı, dəryaz ağzı” - deyibən şairlərimizi, ədiblərimizi səsləməkdən gözəl nə ola bilər ki?!
Masamın üzərində də səmənim var, ruzili, bərəkətli olsun! Başı yam-yaşıl, ətəyi qırmızı kəmərli səmənidir; bir şairimizi mən səsləyəndə, birini də o çağırır...O şairləri çağırır ki, onlar məhz bu mübarək bayram günlərində ulusumuzun taleyinə yazılıblar. Belə sənətkarlarımız “bir mənə bax, bir mənim həyat tarixçəmi səhifələ” deyərlər. O şairlər ki, baharda doğulmuşlar, hələ o yazarlarımız ki, baharın ilk bəşarətçiləri sayılmışlar – Aşıq Ələsgər, Cəfər Cabbarlı, Səməd Vurğun, İsmayıl Şıxlı, Əli Kərim, İsa İsmayılzadə, Ələkbər Salahzadə kimi, deməli....
Deməli, mətləbə keçmək olar.
Mən aşığam bəxti kəm,
Yar zülfünə bağ tikəm.
Fələyə neyləmişəm,
Fələk mənə baxdı kəm.
Fələyə kəm baxmayan, lakin hər zaman bahar təravətli şeirləri ilə baharda doğulduğunun isbatını verən Səməd Vurğun da Novruz bayramı günündə dünyaya göz açıb - 21 mart 1906-cı ildə.Fikir vermişəm, diqqət kəsilmişəm bu tarixlərdə doğulanların şeiriyyatına. Bulaq kimi çağlayan həmin şeirlərin, həmin misraların ünvanı ürəklərə hesablanır, qəlbdən gəlib qəlblərə yollanır. Necə deyərdi Səməd qağa?
BAHAR VƏ MƏN
Bahar nə xoş gəlir, ruha dad verir.
Xəyala, duyğuya qol-qanad verir;
Var olsun şerimiz, şairlərimiz! –
Hər gülə, çiçəyə təzə ad verir.
Çıxır dağ döşünə körpə quzular,
Tərlanın səsini əks edir sular.
Səhər yuxusundan ayıldır məni
Sinəmə sığınayan böyük duyğular.
Könül dinc durmayır, oynayır yenə,
Əzəldən aşiqəm həyat şerinə;
İlk dəfə oğlumun əlindən tutub,
Çıxmışam səhərin tərlan seyrinə.
Ölümə can vermə ölsən baharda,
Könül müqəddəsdir, qalmasın darda;
Baharın eşqiylə çıxır yuvadan,
Balası dalında qarışqalar da.
Yaşıl köynəyini geyinir meşə,
Yaxama quş kimi qonur bənövşə;
Qoy məndən dərs alsın qoca təbiət,
O da könlüm kimi gülsün həmişə.
Bahar nə xoş gəlir, ruha dad verir,
Xəyala, duyğuya qol-qanad verir;
Var olsun şerimiz, şairlərimiz!
– Hər gülə, çiçəyə təzə ad verir
Hər gülə, çiçəyə təzə ad verən, baharda doğulan, dünyasını dəyişsə də, günaşırı aramıza qayıdan İsa İsmayızadəni də xatırlamaq xoşdur. Ona görə ki, İsanın şeirlərindən doymadıq, onun orijinal misralarından usanmadıq, əksinə, tamarzı qaldıq, dostlar! “Gözləyin, dünyaya qayıtmağım var” - deyən, şair İsa İsmayılzadəni bilmirəm, ölüm sükutundan oyatmağımıza gücüm çatacaqmı? Çiçəklə, ya otla, ağacla, yaxud buludla, dəli bir qışqırıqla, nə bilim bəlkə də elə pıçıltı ilə buna gücüm yetəcək, amma söz vermirəm.Ehhh, əgər ufacıq taqətim olsaydı, darqursaq olmayıb özümü bu ruhla söhbətə hazır bilsəydim, şairi bu mübarək gündə anmış olardım.Anıb da halını sormuş, kefini sorub da “Novruz bayramın qutlu olsun” deyərdim
İsa İsmayılzadəyə.
GÖZLƏYİN, DÜNYAYA QAYITMAĞIM VAR
Bu dünyaya bir də qayıtmağım var
Qəbrimin üstündə bitən gülləri,
Uyumuş,
soyumuş torpağı-daşı
Ölüm sükutundan oyatmağım var.
Bilmirəm çiçəklə, bilmirəm otla,
Bilmirəm ağacla, yoxsa buludla,
Dağları yerindən oynadıb gələn,
Dəli qışqırıqla, yoxsa sükutla,
deyə bilmərəm.
Apardım özümlə öz dünyamı mən
Ulduzlu göyləri, Ayı, günəşi,
İlğımlı çölləri, təpəlikləri,
Dağları, düzləri, biçənəkləri
Son gündə, son anda, son saatımda
Apardı gözüm.
O günü, o anı, dəqiqəni də
Apardım özüm.
Səsləri, sözləri, pıçıltıları,
Kür tərəfdən gələn uğultuları
Mikrofon qulağım «yazdı» apardı.
Gecəli-gündüzlü, ömrüm boyunca
Kürün uğultumu məni çağırıb,
Suyun şırıltısı məni çağırıb,
Məni haraylayıb Qarayazıdan.
Mən də yuxularda hey uça-uça
getmişəm ora.
İlğımlar çağırıb məni uzaqdan,
Yəhərbel ilğımlar, kəhər ilğımlar,
Qarayel ilğımlar, ağyel ilğımlar
– Bilmirəm, onları kimlər azaldıb,
Çağırıb düzlərdən – Qarayazıdan.
Şair İsa İsmayılzadə ilə eyni ildə, 1941 ci ildə - eyni ayda, martda və eyni gündə - yəni ayın 15-də doğulmuş, poeziyaları ilə bir-birilərinə yaxın sayılan Ələkbər Salahzadə də bahar fəslinin bizə olan lütfi-kərəmidir.Spesifik, estetik şeirləri, yazdığı hər misrası Ələkbəri şöhrətli şairlərimizlə bərabər tutub.Fərdi üslubu ilə hər kəsdən seçilən şair Ələkbər Salahzadənin ruhu bu bahar çağında sanki bizimlədir .Bu gözəl bayrama yaxın onu xatırlamaqdan nəhayətsiz dərəcədə şadam.Şadam ki, Ələkbər Salahzadə kimi söz ustadları fəsli-baharda bizə ərməğan edilib.
Biçənəkdəki otlar –
Tər yaşıl, çiçək təki otlar!
Adları ot içində itib-batar,
Qoxuları havanı udar,
Yamacı tutar, qalar.
Bu, qoxumu?
Yoxsa kimsə tar çalar?
Bu qoxuda
Həzin-həzin sızlayar kamançalar.
Hansı otsa qoxusuyla oxuyar,
Hansı gülsə meh əsdikcə solo oxuyar…
Çiçək ot qoxuyar,
Gül ot qoxuyar,
Biçənəkdəki otlar,
Çiçək təki otlar
Qoxuduqca qoxuyar.
Ətriylə, nəfəsiylə oxuyar,
Nəğməli bir quşun həvəsilə oxuyar.
Bahar günlərində doğulan Əli Kərim bədəninin son zərrəsinə, saçının ən incə telinə qədər şair idi. Yaxşı bilirəm, bildiyimə şükür, tanıyıram o yerləri, Əli Kərimin doğulduğu el-obaya əla bələdəm.Göyçayda – Böyük Qafqaz dağlarıın qoynunda Əli Kərimin adını daşıyan parkda, mərkəzi stadionun bələdçisi Beydulla kişinin uşaqlığımızı qovan çubuğundan, parkın döşündə samovarı qaynayan çayçının bizə etdiyi qulluğundan tanıyıram o yerləri.Dağətəyi Şirvanın gözütox camaatından, Göyçayın qurumuş çayından, hər müsafirinə uzatdığı payından,
əlaçıqlığından, səxavətindən tanıyıram.
Həbibinin, Rəsul Rzanın, Ənvər Məmmədxanlının, Qantəmirin, İsgəndər Coşqunun, Anarın, Əli Səmədlinin, İbrahim Göyçaylının, Əkbər Əlioğlunun dostanə misralarından, keçmiş Kommunist küçəsində dağa sarı uzanan yola arı pətəyi kimi səpələnən çinarların qəddi-qamətindən, hər zaman Göyçayı doğma ocaq sanan, məhləmizin həmşərilərinin dəyanətindən tanıyıram.
Yeri gələndə isə bədnam qonşularımızın gözünə ox kimi sancılan, qorxulu kabusuna dönən Qaraməryəm savaşından, təkcə Nuru Paşanın yox, o döyüşlərə müsəlləh əsgər kimi sarılan Əli Kərimin atası arabaçı-fəhlə Paşa kişinin paşa könlündən tanıyıram Göyçayı. Siz, “yaşıldır çinarları, dadlıdır şirin narı” -deyib çıxa bilərsiz Əli Kərimin pişvazına. Elə mən də...
1931-ci ildə fəsli-baharda göz açmışdı bu yer üzünə.Gözəlim Göyçaydan pərvaz eləmişdi şeir səmalarına.Atası Paşa kişi Potudan idi.Göyçaylılar yaxşı tanıyır o kəndi.Əli Kərim doğulanda ailəsi artıq Göyçayın özündə yaşayırdı.
”Bu cahana baharda gəl, aramıza, sıramıza gəl”- deyib hər kəs ürəyinin alisi, şeirimizin Əlisi bilmişdi Əli Kərimi...
Yollar gənc şairi 1948-ci ildə uiniversitetin filologiya fakültəsinə aparmışdı.Xoşbəxtikdən, ya bədbəxtlikdən universitet yataqxana ilə təmin edə bilmir onu.Bəzən belə də olur, əzizlərim.Şairə bir sıcaq otaq, bir avazımış yataq, bir yanan çıraq da çox görülür bəzən.O vaxtkı Teatr İnstitutunun “teatrşünaslıq” fakütəsində oxumaq, 3-cü kursdan isə Moskvada “Qorki adına Ədəbiyyat İnstitutu” nda təhsil almaq, həm də fərqlənmə diplomu ilə oranı bitirmək varmış Əlinin taleyində.60-nı haqlayıb, yetmişinə yetən Əli deyildi, heç səksənini səksəndirib, doxsanını doqqazdan da keçirməmişdi.Sadəcə vur-tut otuzdan çox yaşamışdı Əli...
Fraqmentlər-
Otuzdan çox yaşamışam...
Göyçayda,
Bakıda,
Moskvada,
Tiflisdə.
Arabada, təyyarədə,
Gah qum üstə,
Gah dənizdə.
Sevgi toranında,
Mühazirə salonunda.
Sevgilimlə bir-birimizə deyəcəyimiz
iki söz arasında.
Xəstə olarkən
Həkimin çarəsində.
Bəzən baş tutmayan şeirimin
Dağılmış divarlarının xarabasında.
Bəzən söz yarışında
Bəzən ölüm sözünün polyar qışında
Bəzən günlərimi başlı-başına buraxıb
Onlarsız əylənmişəm.
Sonra da günlərin məni atıb
getməyindən gileylənmişəm.
İllərimin çoxusu mənimlədir,
Ailəmin üzvüdür.
Yoxlayanda bir-bir
Görürəm bəzisindən
günlər düşüb,
hara düşüb?
Nə vaxt düşüb?
Eh onlar çoxdan ötüşüb.
Oğlanlarıma baxıram:
Boylu-buxunlu günlərimdir.
Nurlu gecəm. al səhərimdir.
Şeirlərimə baxıram:
Demə ölmüş günlərimdir.
Yanıb dəftərə tökülmüş günlərimdir.
Otuzdan çox yaşamışam.
Peşman deyiləm.
Gələcəyə baxıram,
Dayan!
Gör nə deyirəm.
O hələ ömründən deyil,
Düşün axşam-səhər
Sən onu fəth etməlisən
Son zərrəsinə qədər.
“Fraqmentlər” adlı bu şeirdə hər kəsin həyatından bir fraqment, hər kəsin ömründən bir epizod tapmaq olar.Gözəl şeirdir deyilmi?!...Ümumiyyətlə, Əli Kərim poeziyası deyiləndə burda modern ruh, intellektual poeziya canlanır göz önündə. Zamanı qabaqlayan yox, zamanın ahını alan şair də Əli Kərim idi.Dövründə bir o qədər anlaşılmasa da bu cür şeiriyyatı yaratmaq yüksək intellekt tələb edir insandan.Yazıçı Anar onun zamanında vaxt qürbətinə düşdüyünü,vaxt keçdikcə poeziyasının daha çox duyulduğunu dilə gətirir.Əli Kərim şeiriyyatında - bütün mövzularda söz təzədir, münasibət yenidir. Onun hətta sevgidən yoğrulmuş misralarında belə fikir apaydın şəkildə, özünəməxsus tərzdə sezilir.Yalvarış, dilənçilik klassik nümunələrdən gələn “sən gülsən, mən bülbüləm” kimi deyiliş formalarına rast gəlinmir. Böyük ehtimalla Əli Kərimi digərlərindən özəl edən xüsuslar da məhz bunlardır.Anaya,ataya həsr etdiyi şeirlərdə də m ütilik, acizlik ehtiva olunmur. Onlara sevgi səmimidir, içdəndir. ”Gəldim, dizinə başımı qoydum” demir, “qaytar ana borcunu” - deyir. Əslində, bu ana borcuna, vətən borcu, məmləkət öhdəliyi də demək olar. Yəni kim olursan ol, başlanğıcını, bətnində 9 ay səni daşıyan ülvi məhəbbətini, məmləkətini unutma, yəni ki, “qınından çıxıb qınını bəyənmirsənsə, vay sənin halına” - deyir Əli Kərim. İşvəli-nazlı qızların ağuşunda xumarlanırsan xumarlan, sözüm yoxdur,
”di gəl ki, məstanə gözlərin axarında axıb getmə” söyləyir şair.
Bəzən haqsızlıqlar şairlərin boyuna elə biçilir ki, onda ancaq zərgər dəqiqliyini görmüş olursan.Əli Kərim də ona qarşı olan biganəlik, etinasızlıq mərəzindən azarlamışdı.Yarızirzəmidə yaşayan sevimli şairimizin məişət ehtiyaclarını görməzdən gələnlər bilirsiz nəyə düçar, nəyə mübtəla olmuşlar? Şairin nifrətinə yox, elə şairin biganəliyinə.Əli Kərim kimi şair kiminsə salamını almırsa demək ki, xəcil bir durum var ortada.
Lakin dostları üz çevirmədi şairdən.Heç vədə unutmadılar onu.İsa İsmayılzadə, Fikrət Qoca, Fikrət Sadıq, Adil Rəsul,
Vaqif İbrahim ona qardaş dedilər, qardaş oldular,s irr verib sirdaş oldular. Altay Məmmədov da Əli Kərimin ən yaxın ahbabı sayılar, şair Vaqif Nəsiblə xüsusi dostluq edərdi. Nəzakətli, həlim bir insan olan Əli Kərimi sadə insanlar çox sevərdilər. Dərin düşüncələrə dalmaq şakəri də varmış deyilənə görə. Sənlə söhbət edirkən belə uzun-uzun dalar, kim bilir beynində hansı misranın doğuluşuna şəhadət verərmiş.Bəzən ayaqüstü söhbətlər zamanı ilhamının xoş, kefinin duru vaxtlarında təbi gələr və əlinə nə keçdi onu yazıq-yuzuq edərmiş. Siqaret qutusunun üzərinə, bir parça kağıza nə bilim nə tapsaymış ona yazarmış təzə şeirini. Bunu övldadı, rəhmətlik sayğıdəyər alimimiz Paşa Əlioğlu söyləyib.Sözə ola diqqətindəndir- “Baxımsızlıq olan yerdə, söz özü də baxmır sözə” - deyib özünə və sözünə tələbkarlığını da qeyd edərdi Paşa müəllim.
Gəl üzündən öpüm, saflıq heykəli,
Səndən Əli Kərim qoxusu gəlir...
deyən şair Səyavuş Sərxanlının da ruhuna rəhmət düşür,
şair Əli Kərimi 2 misrada büsbütün portretini cızdığı üçün – bahar portretini, gənclik portretini. O portret ki, bahar günlərində, Novruz ərəfəsində yaşıla boyanar deməli, ulusu təbrik etməyin lap yeridir.
Yurddaşlarım, sizin Çılqayak, Nevruz, Mart 9-u, Ulus günü, Novruz, Baş bahar, Mart bozumu, Sultan Nevruz, Ergənəkon, Bozqurd çağan, Əkin bayramınız qutlu olsun! Bu gecə qaşlarınız yox, tonqallarınız çatılsın.Novruz bayramı kimi başınız uca olub qədim Mezolitə dayansın! Həmişə Novruz təki qədim olaq, amma əsla köhnəlməyək!