Əvvəl İraq, sonra Əfqanıstan, indi İran – Rezonans doğuran plan gerçəkləşir?


ABŞ-İsrail ittifaqı ilə İran arasında yaşanan genişmiqyaslı hərbi qarşıdurma Yaxın Şərqin gələcək arxitekturası ilə bağlı fundamental sualları yenidən gündəmə gətirir. Vaxtilə Vaşinqtonun strateji konsepsiyası kimi təqdim olunan və regionun siyasi xəritəsinin yenidən formatlanmasını nəzərdə tutan “Böyük Orta Doğu Projesi”nin (BOP) taleyi bu kontekstdə aktuallaşır.

İraq və Əfqanıstana müdaxilələr, “Ərəb baharı” prosesləri və ardınca baş verən rejim dəyişiklikləri fonunda BOP-un mərhələli şəkildə irəlilədiyi iddia olunsa da, İran faktoru uzun illər bu strategiyanın qarşısında əsas geosiyasi baryer kimi qiymətləndirilib.

Analitiklərin bir qismi hesab edir ki, İrana qarşı açıq və ya dolayı hərbi təzyiqin artması layihənin yeni, daha sərt mərhələsinə keçidin göstəricisi ola bilər.

İrana hücum həqiqətən BOP-un yeni mərhələsinin başlanğıcıdır? İran zəiflədilər və ya məğlub edilərsə, bu layihə tamamlanmış sayılacaq, yoxsa region yeni və daha mürəkkəb qarşıdurmalar mərhələsinə qədəm qoyacaq?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, “Böyük Orta Doğu Projesi”nin həyata keçirilməsi yalnız İranla məhdudlaşan məsələ deyil:

“Bu proses digər ölkələri də əhatə edir. Məsələn, ABŞ Misiri hələ tam şəkildə öz təsir dairəsinə sala bilməyib. Halbuki bu prosesdə Qahirə mühüm halqadır. Eyni zamanda Körfəz ölkələri və Türkiyə də tam şəkildə nəzarət altına alınmayıb. Türkiyədə ümumiyyətlə ABŞ-ın istədiyi səviyyədə siyasi proseslərə nəzarət edə bilmir və buna nail olmaq üçün müxtəlif vasitələrdən istifadə edir.

zeynal serh
Zeynal Əmrəliyev

Suriyada da proseslər Vaşinqtonun məqsədlərinə uyğun istiqamətdə getmir. Radikal qrupların sıradan çıxarılması və bölgədə nəzarət imkanlarının artırılması ABŞ üçün prioritet olaraq qalır. Bütün bunlara baxmayaraq, İran böyük maneə idi.

İsrail və ABŞ-ın İrana hücumu bu prosesi sürətləndirmək, Tehranı zəiflətmək və layihənin icrasına bir qədər də yaxınlaşmaq məqsədi daşıya bilər. Lakin bu, son dərəcə geniş və mürəkkəb prosesdir. Yəni məsələ təkcə İranla yekunlaşmır”.


MANŞET XƏBƏRLƏRİ