Bu həftənin ilk iş gününün yekunlarına əsasən, neftin qiyməti təxminən 10 faiz, qazın qiyməti isə 40 faizə yaxın artıb. Söhbət əsasən Avropa bazarlarından gedir. Azərbaycanın qaz ixracının təxminən yarısı məhz bu bazarların payına düşdüyü üçün baş verən artım ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, qiymət artımı bölgədə davam edən hərbi münaqişə ilə birbaşa bağlıdır:
Onun fikrincə, hazırda bazarda əsas faktor geosiyasi risklərdir:
“Münaqişənin qısamüddətli olmayacağı gözlənilir. ABŞ-nin Prezidenti Donald Tramp belə qarşıdurmanın bir neçə həftə davam edə biləcəyini istisna etməyib. Müharibənin genişlənməsi, enerji obyektlərinə mümkün hücumlar və nəql prosesində fasilələrin yaranması ehtimalı bazarda panika və qeyri-müəyyənlik yaradır. Bu isə enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olur”.

İ.Şaban vurğulayıb ki, bu, müharibə şəraitində enerji bazarlarının verdiyi tipik reaksiyadır:
“Azərbaycan gündəlik təxminən 550 min barel neft ixrac edir. Qiymətlərdə hər 1 dollar artım gündəlik gəlirlərimizə ciddi təsir göstərir. Bu baxımdan qlobal bazarda baş verən dəyişikliklər ölkənin ixrac gəlirlərində də özünü birbaşa göstərir”.
İran müharibəsi fonunda neftin nə qədər bahalaşacağına gəlincə, ekspert vurğulayıb ki, bunun konkret proqnozlarını vermək çətindir:
“Çünki vəziyyət birbaşa münaqişənin gedişindən asılıdır. Əgər rəqəmlərə baxsaq, görərik ki, qazın qiyməti Avropada münaqişədən əvvəl - cümə günü 375 dollar idi. Lakin bu gün qiymət 720 dollara qədər yüksəlib. Yəni demək olar ki, iki dəfəyə yaxın artım baş verib. Bu kəskin bahalaşma Qətərin hərbi təcavüzə məruz qalması və enerji obyektlərinin birbaşa hədəfə çevrilməsi ilə əlaqələndirilir. Enerji infrastrukturuna risk artdıqca bazarda qeyri-müəyyənlik güclənir və qiymətlər də buna reaksiya verir. Ona görə də sabah və ya bir neçə gün sonra qiymətlərin necə dəyişəcəyini indidən dəqiq söyləmək mümkün deyil. Bütün proseslər müharibənin gedişindən və bölgədəki vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq”.
Qeyd edək ki, martın 3-də Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,85 ABŞ dolları və ya 9,4% bahalaşaraq 79,6 ABŞ dolları olub. Ölkənin builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.