Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, tanınmış hüquq müdafiəçisi Novella xanım Cəfəroğlunu 85 illik yubileyi münasibətilə təbrik edib.
Komitə sədrinin ünvanladığı təbrik məktubunda Novella Cəfəroğlunun uzun illər boyu insan hüquqlarının müdafiəsi yönündə göstərdiyi prinsipial və ardıcıl fəaliyyətin Azərbaycan vətəndaş cəmiyyətinin formalaşması və inkişafında mühüm rol oynadığı vurğulanır. Bildirilir ki, yubilyar Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhfələr vermişdir.
Məktubda qeyd olunur ki, Novella Cəfəroğlunun rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən çoxsaylı təşəbbüslər minlərlə insanın hüquqi maariflənməsinə, hüquq və azadlıqlarının müdafiəsinə xidmət edib. Novella Cəfəroğlunun 500-dən artıq layihəyə rəhbərlik etməsi, beynəlxalq insan hüquqları platformalarında ölkəmizi uğurla təmsil etməsi və konstruktiv əməkdaşlıq şəbəkələrində fəal iştirakı onun ictimai mövqeyinin geniş miqyasını nümayiş etdirir.
Eyni zamanda vurğulanır ki, 2021-ci ildə “Şöhrət” ordeni ilə təltif olunması dövlət tərəfindən onun ictimai fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Fazil Mustafa məktubda 85 illik ömrün zəhmət, mübarizə və vətəndaş məsuliyyətinin müdrik zirvəsi olduğunu qeyd edərək, yubilyara möhkəm cansağlığı və yeni uğurlar arzulayıb.