Xocalı soyqırımı bəşər tarixinin ən faciəvi səhifələrindəndir


Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı

Azərbaycan tarixinin ən ağrılı və faciəvi səhifələrindən biri olan Xocalı soyqırımı təkcə bunu törədən bir xalqın deyil, ona bu qətliamın törədilməsinə rəvac verən siyasi mərkəzlərin, erməni separatçılığına açıq dəstək göstərən müxtəlif ölkələrin tarixi səhifələrinə yazılmış qara ləkədir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni millətçi-silahlı dəstələrinin keçmiş SSRİ ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinə hücumu nəticəsində, insanlıq tarixində misli görünməmiş bir qətliam törədildi. Həmin dəhşətli gecə dinc əhali – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi, əsir götürülənlərə işgəncələr verildi, şəhər yerlə-yeksan edildi. Bu hadisə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş bir cinayət idi.

Xocalı faciəsinin miqyasını dərk etmək üçün təkcə hadisənin özünə deyil, onun baş verdiyi tarixi şəraitə də nəzər salmaq lazımdır. 1992-ci ilin əvvəllərində Azərbaycan dövlətçiliyi dərin siyasi böhran içində idi. AXC–Müsavat cütlüyü ölkə rəhbərliyinə yiyələnmək uğrunda mübarizəni milli təhlükəsizlikdən üstün tutaraq, dövlət idarəçiliyini səriştəsizlik və xaos vəziyyətinə salmışdı. Qarabağda gedən proseslər nəzarətsiz idi, ordu təşkilatlanmamış, cəbhə bölgələrində vahid komandanlıq mövcud deyildi. Xalqın və əsgərin taleyi siyasi intriqaların qurbanına çevrilmişdi.

Bu siyasi məsuliyyətsizlik nəticəsində Xocalı kimi strateji əhəmiyyətli bir şəhər müdafiəsiz qaldı. Halbuki həmin dövrdə dövlət rəhbərliyi hadisənin qarşısını almaq, əhalini təhlükəsiz ərazilərə köçürmək və beynəlxalq ictimaiyyəti xəbərdar etmək üçün real addımlar ata bilərdi. Lakin AXC-Müsavat hökumətinin bacarıqsızlığı nəticəsində xalq tək qoyuldu, yüzlərlə günahsız insan vəhşicəsinə qətlə yetirildi. Əminliklə bəyan edə bilərik ki, Xocalı soyqırımı təkcə erməni təcavüzünün deyil, həm də Bakıda hakimiyyət uğrunda mübarizə aparan siyasi dairələrin məsuliyyətsizliyinin acı nəticəsi idi.

Xocalı faciəsi zamanı xalqının səsini eşitməyən o dövrün iqtidardan və 1992-ci ilin iyun ayında hakimiyyətə gələn AXC-Müsavat mənsublarından fərqli olaraq, ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra bu soyqırımın siyasi və hüquqi qiymət alması üçün prinsipial mövqe ortaya qoydu. 1994-cü ildə onun təşəbbüsü ilə Azərbaycan Milli Məclisi Xocalı soyqırımı haqqında qərar qəbul etdi və 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olundu.

Heydər Əliyev bu faciəni bəşəri cinayət kimi qiymətləndirərək bildirirdi: “Xocalı soyqırımı təkcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş vəhşilik aktıdır. Bu faciə yaddaşımızdan silinməməli, gənc nəsillər həqiqətləri bilməlidir.”

Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev bu tarixi ədalətin beynəlxalq səviyyədə tanınması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirdi. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə qlobal miqyasda aparılan ən uğurlu təşəbbüslərdən birinə çevrildi.

“Xocalıya ədalət” hərəkatı sübut etdi ki, Azərbaycan tək deyil bu mübarizə bəşəri dəyərlərin müdafiəsi uğrunda aparılır.

Xocalı faciəsi uzun illər xalqımızın sinəsində sağalmaz yaraya çevrilsə də, ədalətə olan inam heç zaman sönmədi. 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə bu ədalətin bərpasının başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu 30 il işğal altında qalmış torpaqlarımızı azad etdi.

2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası uğrunda həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalıda Azərbaycan bayrağını ucaltdı. Bu an tarixi ədalətin bərpası, milli qürurun təntənəsi idi.

Bu gün Xocalı artıq azaddır. 2024-cü il fevralın 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı Soyqırımı Memorialının təməlini qoydular. Elə həmin ilin may ayında şəhərdə yenidən qurulan yaşayış binalarına ilk sakinlər qayıtdı. Bu, yalnız bir şəhərin dirçəlişi deyil, Azərbaycan xalqının iradəsinin və yenilməzliyinin simvoludur.

Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq, lakin Xocalıdan alınan dərs bir həqiqəti əbədiləşdirib: ədalət mütləq qalib gəlir.

Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla anır, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.


MANŞET XƏBƏRLƏRİ