Ruhlu danışmaq - gözəl danışmaqdır



İşıqlı Atalı

İNAM ATA

SƏNƏT

Gözəlliyin ən atəşin, ən fədai bir aşiqi ulu Loğmanın qəlbi qövr edirdi. Onun odlu gözlərindən axan yaşlar dilə gəlib söyləyirdi:

- Ey Təbiət, müdriklikdə tayın yoxdur, lakin sənin məchul və amansız bir hikmətin mənim ürəyimi qan eylədi.

Niyə açıb cilvələnən qızılgüllər bir gün solur?

Niyə parlaq alov saçan od-ocaqlar bir gün sönür?

Ey, əbədi gözəl olan, yaratmadın elə bir şey ki, əbədi gözəl ola!

Ey, əbədi gənclik olan, yaratmadın elə bir şey ki, əbədi gənclik ola!

Bir diqqət et, payız vaxtı o sahibsiz, o paltarsız, yazıq, məsum ağaclara: baharının təzadına!

Bir diqqət et, çinar kimi qamətlərin qoca vaxtı yer süpürən kölgəsinə. Gəncliyinin təzadına!

İnsanlara zəka verdin hökm etsinlər asimana. Niyə bəs sən məhrum etdin, o qüdrəti əbədiyyət hüququndan? Dünən qanun sayılan şey, bu gün yanlış olur, niyə?

Niyə dünən pərvazlanan əql ağacı bu gün belə solur, niyə?

Niyə bütün aylar, illər dönüb gözəl yaz olmasın?

Niyə gənclik bir an olsun, ömür olmasın, dövr olmasın?

Düşünürəm, daşınıram, özün qədər hüdudsuzdur məhəbbətim sənə mənim. Niyə qoydun gözəlliyə, təravətə hüdudu sən?!

Cavab gəldi təbiətdən:

- Ulu Loğman, insanların incisisən əqldə sən, kamalda sən! Lakin mənim hikmətimi dərk etməyə qüdrətin yox!

Sən hissəsən, mən bütövəm!

Sən səhifə, mən kitabam!

Ayrı-ayrı bədən kimi, zəka kimi, çiçək kimi, – bil – gözəllik keçicidir. Bütövlükdə əbədidir!

Hər bir yazın qışı vardır, düz deyirsən. Lakin qışın da yazı var, unutma gəl, bu hikməti. Sən dünənki baharını sabahkı baharla ara.

Ataların gəncliyini bugünkü övladda ara!

- Amansızdır bu sözlərin, ey Təbiət, – dedi Loğman.

Hər gözəllik nişanəsi əvəzsizdir dünya kimi. Bir gözəllik iki dəfə yaranmayır bu aləmdə.

Mələksima nazəninin sifətinə qırış düşür. Odlanıram, yanıram mən.

Həmdəmimin arıq, titrək əllərindən əsa düşür. Kainatı insanlara bəzən düşmən sanıram mən...

Bir əbədi gənclik gətir insanlara, ey Təbiət!

Qoy dünənin bu günümə lağ etməsin! Gözəllik adlanan suyun damlası da qoy itməsin!

Bu gün gözəl olan bir şey, qoy daima gözəl olsun!

Ey Təbiət, sən sonsuzsan, gözəllik də sonsuz olsun!

- Təbiətə təbiətin gözüylə bax, mənim axır sözüm budur.

- Onda özüm yaradaram, – dedi Loğman, – bu əbədi gözəlliyi.

Dağlar-daşlar, çaylar-sular hiddətləndi, dilə gəldi, çox qorxulu, çox əcayib nida səsi lərzə saldı kainata.

Tük ürpətdi dərələrin istehzalı qəhqəhəsi, şimşək çaxdı meşələrin başı üstə, yağış yağdı leysan-leysan, dolu vurdu çadırları, ormanları.

- Dayan, dayan, ey Təbiət! Hiddətlənmə. Gözəlliyi yaradacam səninlə birlikdə mən. Şimşəyindən güc alacam, Günəşdənsə hərarət.

“Yanacaqsan Kərəm kimi”, – dedi dağlar, dedi çaylar.

“Şimşək səni sarsıdacaq. Günəş səni əridəcək”.

Qoy sarsıtsın. Qoy əritsin. Qoy kül olum, Kərəm kimi. Güc-qüdrətin çoxdur sənin, ey Təbiət, lakin soyuq ürəklə sən yaratmısan gözəlliyi.

Yığacağam ürəyimə günəşinin istisini, olacağam vücudumla, kamalımla mən hərarət. İsidəcəm yaratdığım gözəlliyi hərarətlə. Yaradacam mən heç zaman qocalmayan, pozulmayan, saralmayan bir gözəllik”.

Ulu Loğman yola çıxdı. Müsibətli, məşəqqətli, min enişli, min yoxuşlu, min dolulu, min yağışlı, min sevincli, min kədərli sonsuz yola.

Dəvələrin dırnaqları görünməyən,

Qartalların qanadları görünməyən,

Dənizlərin dalğaları görünməyən,

Əsrlərin hüdudları görünməyən,

Nəsillərin hüdudları görünməyən məchul yola.

Ürəyində günəş boyda hərarəti.

Ürəyində günəş boyda məhəbbəti.

O yaratdı. Niyyətinin qüdrətindən dağlar-daşlar gülə döndü.

Özü yandı külə döndü.

O saxladı kainatın axıb gedən anlarını, qoruyaraq gözəlliyi dövranların fırtınalı dalğasından.

O yaratdı həmişə gənc, təravətli, ölüm bilməz, qada bilməz, payız bilməz, zülmət bilməz, hüdud bilməz gözəlliyi.

Qədir bilən bəşəriyyət ona SƏNƏT adı verdi.

(1972)

***

İŞIQLI ATALI

RUHLU DANIŞMAQ - GÖZƏL DANIŞMAQDIR

Ürəyinizdə Ata Günəşi olsun!

Dil – Ruhsallığın (İnsaniliyin - İnamın, İdrakın, Mənəviyyatın, İradənin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai (sosial) hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə ölüb gedərdi.

Hər bir ulus (xalq) öz adıyla bağlı olan dilin yaradıcısı, yaşadıcısı, qoruyucusudur.

***

Sovet dönəmi ədəbiyyatımız üçün poeziyada Səməd Vurğunun, nəsrdə isə Mövlud Süleymanlının dili örnək sayıla bilər.

Ancaq əsərin dilinin gözəl, axıcı olması da problemin çözümü deyil. Çünki əsər daha çox məzmunla yadda qalır.

***

Yazar xalqını təmənnasız sevdiyi, ona ruhən qovuşduğu dərəcədə gözəl əsərlər yarada bilər.

Yazar ruhlu, inamlıdırsa, əsəri – ömrünün yaşarı, ardıcıl təsdiqidirsə, onun yazdığına həmişə inanacaqlar.

***

Yazıçının yaradıcı müstəqilliyi mənsub olduğu ulusdan asılı olmalı, o, ulus qarşısında məsuliyyətini unutmamalıdır.

Yazarlarımız bacardıqca ana dilimizdə yeni sözlər yaratmalıdırlar.

Öz dilinin təəssübünü çəkməyən yazıçı mahiyyətcə antiulusaldır.

Özünü Azərbaycan yazıçısı, şairi sayan türkcəmizi incəliklərinə kimi bilməlidir. Bunun bir yolu da folklora dərindən yiyələnməkdir.

Çünki ulusun (xalqın) folklor dili qədər duru, anlaşıqlı dili yoxdur.

***

Ulusal (xəlqi) dəyər ölçüsü olmayan, həmin dəyər əsasında yaşamayan yaradıcının əsəri də ulusallığa qarşı çevrilir.

Yazıçı ulusunun adından danışdığına, yazdığına əmin olmalıdır.

Yazıçı ilə ulusun (xalqın) dili bir-birinə aid olmalıdır.

Yazıçının dili onun mənsub olduğu ulusun dili olmalıdır.

Ana dili – ulusal dildir, şəxsin mənsub olduğu ulusun dilidir.

***

Gələcəkdə yığcam janrlara gərəklik artacaq. Bu mənada çağdaş yazarlar İnam Atanın (Asif Atanın) Mütləqə İnam Fəlsəfəsindən yararlana bilərlər: yığcamlıq, mənalılıq, özünəməxsusluq yaradıcılığın başlıca yönü olmalıdır. Dilin və əsərin gözəlliyi yazarın ruhunun gözəliyindən, gücündən asılıdır.

Fərdilik özünə bənzəməkdir.

Atamız var olsun.


MANŞET XƏBƏRLƏRİ