Kənan HACI
Akif Azalpın “Mələklərin eşqi” kitabı üzərinə notlar
Bu günlərdə tanınmış şair, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə ömür sərf etmiş, iki ölkə arasında ədəbi körpüyə çevrilmiş dəyərli qələm adamı Akif Azalpın mənə bağışladığı “Mələklərin eşqi” kitabını oxudum. Heyrət və minnətdarlıq hissi bir-birinə qarışdı. Akif Azalp son dərəcə orijinal bir forma seçərək unikal bir dram əsəri yazıb. “Mələklərin eşqi” musiqili mənzum dramı başdan-başa əruz vəznindədir. Muğamlarımızın adları canlı insan obrazları ilə dil açıb danışır. Və bu obrazların öz adlarına uyğun şəkildə xarakteri yaradılır. Müəllif kitaba giriş sözündə yazır:
“Dramda bir-birindən çətin üç vəzifənin - əsas muğamların özünəməxsus təbiəti və mahiyyətinin müəyyən şərtiliklərlə canlandırılmasının, onların öz tarixi vətənləri sayılan Qarabağ torpağının gələcəyi və azadlığı uğrunda mübarizəsinin, nəhayət, bütün bu mətləblərin uğurlu və təsirli bədii əksi üçün vacib şərt kimi onların əruz ahəngləri ilə ifadəsinin bir-biri ilə nə dərəcədə uyğunluq təşkil etdiyi, eyni zamanda əsərdə ortaya qoyulan dramatik konfliktin və digər məsələlərin bədii həllində necə rol oynadığı haqqında sonuncu söz, əlbəttə, həssas oxucunun münasibəti olacaq”.
Ritm, ahəng baxımından böyük Hüseyn Cavid romantikası ilə səsləşsə də bu əsər XXI əsrin romantikasına poetik biçim verməkdədir. Əsərdə torpaqlarımızın işğal altında olduğu illərə nəzər salınır, Mələklə İblisin (Teyf və Şeytanın dialoqu) üz-üzə gəlməsi fonunda İlahi Ədalətin qələbəsinə böyük inam hissi kamertona çevrilir.
Şeytan
Ya cənnətə iddiadan əl çəkməlisən sən,
Ya ərzi bütün mülki-cəhənnəm edəcəm mən!
Vaz keç, nə qədər ki, deyiləm şərtimə peşman,
Vaz keç o nəfəsdən, o muğamdan, o imandan!..
Teyf
Bu səfsətələr Rəbbimə başdan-başa üsyan,
Lənət sənə, lənət sənə, lənət sənə, şeytan!
Əlbəttə, bu kontekstdə Şeytan məğlubiyyətə məhkumdur. Əsərdə Segahla Çahargahın məhəbbəti lirik palitra yaradır və məhəbbət nifrətə qalib gəlir. “Mələklərin eşqi” əsəri Vətənin taleyi haqqında sevgi dastanıdır. Bu lirik palitra polifonik çalarlarla zəngindir. Şair öz təbinin, ilhamının odunu Füzuli ahından, Nəvai şöləsindən, Cavid atəşindən, yandırıb. Xocalı faciəsi, Ağdamın işğalı əruzun ağır ləngərində söz sapına düzülür. Bu qanlı misralar yaralı torpağın naləsinə ahəng tuturlar.
Bayatı Şiraz Ağdamın işğalını xatırlayaraq dilə gəlir:
Gəldi hardan qara günlər başına Ağ şəhərin,
Dondu Qarqarın özü göz yaşına Ağ şəhərin.
Bülbülün cəh-cəhini bağrına çox gördü zaman,
Hopdu şəhid qanı hər bir daşına Ağ şəhərin.
Dram əsərinin məhz səkkiz şəkildən ibarət olması 8 noyabr – Zəfər gününə işarədir. Əsərdə Zəfərimiz coşquyla tərənnüm olunur, Ali Baş Komandan İlham Əliyevin şücaəti, əzmi, qətiyyəti sözün qüdrəti ilə gözlərimiz önündə canlanır.
Klassik üslubla müasirlik duyğusunu birləşdirmək şairdən böyük istedad tələb edir. Akif Azalp klassik formada Zəfər dastanı yazıb. Azərbaycan poeziyası və dramaturgiyasında bu, bir ilkdir. Dramın xanəndələr tərəfindən səhnələşdirilməsi mədəniyyətimizdə bir yenilik olardı. Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə ilə görüşdə bu barədə təkliflərimizi dilə gətirdik. Görkəmli rejissorumuz Mərahim Fərzəlibəyovun bu arzusunu Sahib Paşazadə məmnunluqla qəbul etdi və çox güman ki, yaxın gələcəkdə bu niyyət gerçəkləşəcək. Belə olarsa, doğrudan da bir sənət hadisəsi yaşanmış olardı.
Kitaba daxil edilmiş “Cənnət çiçəyi Xarıbülbül” mənzum musiqili monopyesini də şair Qələbəmizdən iki il sonra – 2022-ci ildə qələmə alıb. Şuşa azad edildiksən sonra Ağabəyim ağanın ruhu Xarıbülbüllə üzbəüz dayanır və bayram sevincini onunla bölüşür:
...Dilə gəlib deməsən də, əminəm ki, mən,
Quru cismin saralsa da orda təkinə,
Otuz ildə bir açılıb gülməmisən sən,
Öz ruhunla çəkilərək yerin təkinə!
Şükür, şükür Yaradanın ədalətinə,
Savabına ən layiqli ərməğan kimi,
Nisgilinə son qoyaraq cənnətdə sənə
əta etmiş ərşin ən xoş rayihəsini!
Aram tapmış ruhların mələkutda (ruhlar aləmində) söhbəti duyğuları ehtizaza gətirir, Zəfərimizi həm də ədəbiyyatın gözüylə görməyə imkan verir. Hadisələr 1820-ci ildə Qacarların şah sarayında, Ağabəyim ağaya məxsus saray guşəsində başlayır, 2020-ci ilin 9 noyabrına qədər uzanır. Pyes Zəfərimizə və Ağabəyim ağanın Xarıbülbül sevgisinə ithaf olunur. Sözsüz, əsərin baş qəhrəmanı Ağabəyim ağadır. Bu da ədəbiyyatımızdakı ilklərdəndir. Bildiyim qədərilə Ağabəyim ağa haqqında ayrıca bir əsər yazılmamışdı. Akif Azalp bu əsəriylə ona da ədəbi abidə ucaldıb.
Akif Azalp klassik ənənələrə bağlı şairdir. Onun nəfis tərtibatla hazırlanmış, Şərq miniatürləri ilə bəzənmiş kitabına nəfis qəzəlləri, rübailəri, tuyuqları, təxmisləri, Rudəkidən, Ömər Xəyyamdan, Məhsəti Gəncəvidən, Sədi Şirazidən, Hafiz Şirazidən etdiyi tərcümələr daxil edilib.
Könül rübabının sarı simində xoş təranələr ötən şairin qəzəlləri təkcə gözəllərin eşqindən danışmır, bu qəzəllərdə ictimai motiv qabarıqdır.
Ömrüm boyu heç uyqumu tərk etmədi Təbriz,
Röyamda vüsal bəzmini səngitmədi Təbriz.
Gənclikdən onu mən gözümün nuru bilərdim,
Nur getdi gözümdən, gilədən getmədi Təbriz.
Təbriz haqqında böyük şairlərimiz dillərdə dolaşan şeirlər yazıblar. Akif Azalpın “Təbriz” rədifli qəzəli bu Təbriz ünvanlı şeir gülüstanına öz ətriylə, rayihəsiylə qoşulur.
Can versən onun vəslinə, Akif, yenə azdır,
Madam yuxuna girməyi tərgitmədi Təbriz.
Akif Azalpın qəzəllərindən Vətənin taleyi qırmızı xətt kimi keçir. O, Vətən adlı gözəlin aşiqidir, Məcnunudur. Onun Leylası Vətəndir. Şair uzun illər vətəndən kənarda yaşasa da qəlbən, ruhən daim doğma torpağın ağrılarıyla yaşayıb. Bunu onun yaradıcılığı da sübut edir.
Əhdinə yetdin, Vətən, dövran Turan dövranıdır,
Sülh yolunda kükrəyən meydan Turan meydanıdır.
Şairin Nizami Gəncəvidən, Xaqani Şirvanidən, Füzulidən, Xətaidən, Seyid Əzim Şirvanidən etdiyi təxmislər onun klassik Şərq şeirinə, irfan elminə, islam fəlsəfəsinə dərindən bələd olduğunu göstərir.
Xəyal tərzindən öyrənib, hüdud bilmədi minvalım,
Ahım atəşi yüksəlib, göyə yetsə də işğalım,
Sənin payində bir kərə hənuz gülmədi iqbalım,
“Qəmindən şəmtək yandım, səbadan sorma əhvalım,
Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor”.
(Məhəmməd Füzulidən təxmis)
Akif Azalp Özbəkistanda yaşadığı illərdə də ordakı erməni lobbisinə qarşı mübarizə aparmış, Vətənin haqq səsini özbək ictimaiyyətinə çatdırmışdır. Erməni fitnəkarlarına yazdığı “Özbək nidası” adlı poetik triptixi türkdilli ədəbiyyatlarda rezonans doğurmuş, çoxsaylı ithaf və nəzirələrə qaynaq olmuşdur. Özbəkistanda Azərbaycan ədəbiyyatının təbliğində ədəbiyyatşünas alim kimi Akif Azalpın mühüm xidmətləri var.
Mən ötən il özbək yazıçısı Abdulla Qədirinin “Ötən günlər” romanının motivləri əsasında eyni adlı bir pyes yazdım və pyes Bakı Bələdiyyə Teatrında tamaşaya qoyuldu. Tamaşa hazırlanarkən rejissor Mərahim Fərzəlibəyova təklif etdim ki, tamaşa üçün məsləhətçi kimi Akif müəllimi dəvət edək. O, bu təklifimi məmnuniyyətlə qarşıladı və Akif müəllim “Ötən günlər” tamaşasının məsləhətçisi kimi bir neçə ay ərzində faydalı məsləhətlərini bizdən əsirgəmədi. Tamaşanın daha dolğun, əhatəli alınmasında onun da danılmaz payı var. Buna görə ona bir daha təşəkkür edirəm.
İnanıram ki, “Mələklərin eşqi” kitabı klassik şeir bilicilərinin stolüstü kitabına çevriləcək, sevilərək oxunacaq. Eşq ilə yazılan kitablar əbədidir.