Kamil Şahverdi
IV yazı
4-cü hissə
1943-cü il dekabrın 14-də Siyasi Büro yeni sovet himnini təsdiq etdi. Bu münasibətlə Moskvada Böyük Teatrda keçirilən təntənəli yığıncaqda iştirakçılara müraciətlə Stalin deyir:
"Biz ölkəmizin yeni himnini qəbul etdik. Bu çox böyük hadisədir... Aleksandr Vasilyeviç Aleksandrov bir vaxtlar bolşeviklər partiyasının himninin musiqisini yaratmışdı və bu musiqi Sovet İttifaqının Himni üçün daha çox uyğun gəldi.
(Şostakoviçə müraciətlə.)
Sizin yazdığınız musiqi çox melodik səslənir, amma nə etmək olar, Aleksandrovun himni təntənəli səslənməsinə görə himn üçün daha uyğun gəlir. Bu qüdrətli ölkənin himnidir, o musiqidə dövlətimizin gücü və qələbəyə inam öz əksini tapıb.
Yoldaş Şerbakov! Yəqin ki, biz Xalq Komissarları Sovetinin qərarını qəbul etməliyik? Və himnin ilk ifa olunacaq gününü də təyin etməliyik. Biz yeni il gecəsi himni ifa etmək üçün bizim radioya göstəriş verməyi çatdırarıq?"
(pikabu.ru/story/gosudarstvennyiy_gimn_sovetskoqo_soyuza_1943_gstalinskiy_istoriya_sozdaniya_5955427.
09.06.2018)
1943-cü il dekabrın 22-də SSRİ Xalq Komissarları Soveti yeni himn haqqında qərar qəbul etdi. Bununla da SSRİ himni rəsmən təsdiq olundu.
1944-cü il yanvarın 1-də saat 00:00-da yeni sovet himni S. N. Vasilenkonun xor və simfonik orkestr üçün edilmiş redaktədə Ümumittifaq radiosu ilə yayımlandı. Lakin bu redaktə variantı ölkənin ali rəhbərliyi tərəfindən bəyənilmədi. (Ona görə də əvvəlcədən nəzərdə tutulduğu kimi hər gün səhər və gecə himnin radio ilə səslənməsi təxirə salındı-K. Ş.) Əsəri xor və simfonik orkestr üçün yenidən redaktə etmək (orkestrləşdirmək-K. Ş.) D. R. Roqal-Levitskiyə tapşırıldı. Yeni redaksiyada sovet himni ilk dəfə 1944-cü il aprelin 17-dən 18-nə keçən gecə Ümumittifaq radiosu ilə səsləndi. SSRİ himninin həmin redaksiyası bu gün də Rusiya himninin musiqisi kimi istifadə olunur. (tatfrontu.ru/news/14-dekabrya-1943-goda-utverzhdyon-tekst-gimna-sovetskogo-soyuza.
15 dekabr 2023)
İ. V. Stalin sovet himnin qəbulu və səslənməsi prosesində əvvəldən sona qədər şəxsən iştirak etmiş və ən xırda detalları belə nəzərdən qaçırmamışdı. Himnin ilk redaksiyasını da o bəyənmımişdi və yenidən işlənməsi tapşırığını vermişdi. Onu da qeyd etməliyəm ki, himnin yazılmasında iştirak edənlərin hamısı mükafatlandırılmışdı.
"Ölkədə ağır müharibə dövrünə baxmayaraq, sovet hökuməti Dövlət himninin yaradılmasında iştirak edən bütüm bəstəkarların və şairlərin əməyini yüksək qiymətləndirmişdi.
Tarixdə belə bir hadisə olmamışdı ki, qəbul olunmayan əsərlərə görə yüksək qonorar ödənilsin. 1944-cü ilin yanvarında SSRİ xalq komissarları Soveti "Sovet Sosialist Respublikalar İttifaqının Himninin yaradılması işində iştirak etmiş bəstəkar və şairlərin mükafatlandırılmas üçün" o dövrdə fantastik sayılan məbləğdə-1 212 000 rubl ayrılması haqqında qərar qəbul etmişdi.
Himnin mətninin müəllifləri Sergey Mixalkov və El-Registan hər biri 100 000 rubl almışdı. Musiqinin müəllifi A. Aleksandrova da 100 000 ödənilmişdi. Digər iştirakçılar da diqqətdən kənarda qalmamışdı. Onların hər biri iştirakının səviyyəsindən asılı olaraq yüksək məbləğdə mükafat almışlar.
31 şairə, hər birinə 4000 rubl olmaqla, qonorar ödənilmişdi. Daha uğurlu müəlliflərə, lakin şeirləri təsdiq olunmayan şairlər N. N. Aseev, M. V. İsakovski hərəyə 8000 rubl almışlar. O. Y. Kolıçev 12 000, S. Alımov və M. S. Qolodnıy hər biri 16 000, ən çox isə V. M. Qusev və V. İ. Lebedev-Kumaç, hərəyə 20 000 rubl qazanmışlar.
Bəstəkarların da əməyi layiqli şəkildə qiymətləndirilmişdi. 116 bəstəkara, hərəyə 4000 ödənilmişdi. Maraqlı melodiyalar daha yüksək dəyərləndirilmişdi: 27 bəstəkara 8000, 10 nəfərə 12 000 rubl verilmişdi. Finala çıxan A. İ. Xaçaturyan 28 000, D. D. Şostakoviç isə 32 000 rublla mükafatlandırılmışdı.
Oxucular sovet hökumətinin himn üzərində çalışan bəstəkarlara və şairlərə səxavətini qiymətləndirə bilmələri üçün bir rəqəmi nümunə gətirmək istəyirəm: müharibə vaxtı əlçatmaz sayılan
"Moskviç"
avtomobilinin qiyməti 9000 rubl idi"
(Dmitri Sokolov
TASS/E. Tixonov
"Mir novostey"
9 oktyabr 2017)
1918-ci ildən Rusiya Sovet Sosialist Respublikasının, 1922-ci ildən SSRİ-nin himni sayılan "İnternasional" 1943-cü ildə yeni himn ilə əvəzləndi. 1944-cü il martın 18-dən hər gün, hər yerdə səslənən sovet himni sovet insanının həyatında mühüm atributa çevrildi.
1944-cü ildə Stalinin göstərişi ilə müttəfiq respublikalara da öz himnlərini yaratmaq tapşırığı gəlir. Yeni SSRİ himni nümunəsində hər respublika öz himnini yaratmalı idi. O vaxta qədər respublikaların himni yox idi. "İnternasional" SSRİ-nin himni kimi bütün respublikaların da himni sayılırdı. Hər respublika "İnternasionalı" öz dilinə tərcümə edərək ifa edirdi.
Azərbaycan dilində "İnternasional" proletar himni belə idi:
I
Oyan, artıq yuxudan oyan,
Oyan əsirlər dünyası.
Zülmə qarşı kinimiz vulkan,
Bu ölüm dirim davası.
Gəl yıxaq bu köhnə nizamı,
Biz yeni aləm istəyirik.
Bizi azdan sayanlar bilsin,
Bundan sonra hər şey bizik.
Nəqarət
Bu bizim təbiətimizdir,
Bu kavga savaşdır artıq.
İnternasionalla qurtulur insanlıq.
II
Bəylər, şahlar, sultan və patron
Bizləri necə qurtarar.
Bizi təkcə qurtaracaq olan,
Bizim öz qollarımızdır.
Ucaldın qurtuluş bayrağın,
Bizim üçün küləklərlə olur.
Yer göy yanıb tutulacaqdır,
Alovıanır, dirənir ruh.
Nəqarət
III
Həm zavod, həm də torpaq
Hərey işçinin mülküdür.
Biz parazitlərə haqq vermirik
Hər şey sənin işin olmalıdır.
Cəlladlar tərəfindən tökülən qan
Bir gün onları boğacaq.
Bu qan dənizinin üfüqündən
Qırmızı günəş çıxacaq.
Nəqarət
Moskvadan sonra Stalinin tapşırığı ilə artıq müttəfiq respublikalarda da yeni himn yaratmaq prosesinə başlanmışdı. Əslində Stalinin bu tapşırığı dünya düzəninin yenidən qurulmasında divident qazanmaq üçün idi. İkinci dünya müharibəsinin Hitler Almaniyasının məğlubiyyəti ilə başa çatacağı şübhəsiz idi. Müharibədən sonra Avropa Böyük Üçlük dövlətləri tərəfindən (ABŞ, Böyük Britaniya, SSRİ) iki düşərgəyə-Qərbi və Şərqi Avropaya bölünməsi haqqında razılığa gəlinmişdi. Şərqi Avropa sosialist blokunda, yəni SSRİ-nin təsir dairəsində olacaqdı. Ona görə də Stalin həm ABŞ və Böyük Britaniyaya, həm də sosialist blokuna daxil olacaq Şərqi Avropa ölkələrinə mesaj vermək istəyirdi ki, SSRİ öz təsiri altına alacağı dövlətlərin suveren fəaliyyət göstərmələrinə şərait yaradacaq. Ona görə də 1944-cü ildə SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikalara öz himnlərini yaratmaq tapşırığı verildi. Əks halda vahid Sovet İttifaqının himni olduğu halda, bu ittifaqın tərkib hissəsi olan respublikalarda himnə nə ehtiyac vardı ki. Himn dövlət atributu olaraq müstəqillik, suverenlik rəmzlərindən biridir. SSRİ tərkibinə daxil olan redpublikalar isə müstəqil, suveren dövlət deyildilər.
Tarixdən də məlumdur ki, Azərbaycan SSR-in 1921-ci il, 1927-ci il və 1937-ci il konstitusiyalarında bayraq və gerb haqqında maddələr olsa da, dövlət himni barədə maddə olmamışdır.
Moskvadan gələn bu tapşırığa əsasən 1944-cü ildə Azərbaycan SSR-də də himn komissiyası yaradıldı. Bu komissiya haqqında hər hansı bir məlumat əldə etmək mümkün olmadı. Yalnız o məlumdur ki, bəstəkar Ağabacı Rzayevanın yazdığı himn müsabiqənin qalibi elan olunub. 2-ci və 3-cü yeri tutan müəlliflər də mükafatlandırılıb. Bu müsabiqədə daha kimlər iştirak edib, komissiyanın üzvləri kimlər olub, məlum deyil. Stalinə Azərbaycanda himnin qəbul olunması haqqında məlumat veriləndə o müəllifin kimliyi ilə maraqlanıb və bundan sonra tapşırıq verib ki, Azərbaycan SSR himnini Üzeyir bəy Hacıbəyli yazmalıdır.
Görkəmli Azərbaycan alimi, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Solmaz Rüstəmova-Tohidi Üzeyir bəy Hacıbəylinin bu günə qədər məlum olmayan məktubları, teleqramları və digər sənədləri araşdıraraq 5 cildlik kitab üzərində çalışır. Tezliklə kitabın 1-ci cildi işıq üzü görəcək. Bu kitabda Solmaz xanım çox qiymətli və nadir sənədlərə istinaq edərək Üzeyir bəyin həyat və fəaliyyətinə aid yeni faktlar üzə çıxarmışdır. Dəyərli alimimiz Solmaz xanımın dediklərinə əsasən məlum olur ki, Stalin Azərbaycan SSR himninin Üzeyir bəy tərəfindən yazılması haqqında göstəriş verir. Mən böyük alimimizin tezliklə işıq üzü görəcək kitabında yer alacaq tarixi məlumatları qeyd etməklə hadisələri qabaqlamaq istəmirəm. Solmaz xanımın dediklərindən yalnız onu qeyd etmək istəyirəm ki, Stalinin xüsisi tapşırığına əsasən Üzeyir bəy Hacıbəyli Azərbaycan SSR himnini yazır.
1945-ci ildə Səməd Vürğun və Süleyman Rüstəm Azərbaycan SSR himninin sözlərini yazırlar. Eyni ilə Moskvada olduğu kimi himnin mətnini yazmaq üçün iki nəfər təyin olunur. Görünür ki, bütün respublikalara Moskvadan göstəriş verilibmiş ki, sovet himni nümunə kimi istifadə olunsun. Yəni, yazılan əsərlər təntənəli mahnı janrında-kuplet, nəqarət formasında olmalıdır. Üzeyir bəy Hacıbəyli də Səməd Vurğun və Süleyman Rüstəm tərəfindən yazılmış mətnə təntənəli mahnı janrında musiqi bəstələyir.
Üzeyir bəyin himn üçün yazdığı musiqi çox möhtəşəmdir. Bəlkə də keçmiş SSRİ-də himnə yazılmış ən gözəl musiqidir. Olduqca melodik, tərafətli, şux, ruhverici musiqidir. Moskvadan, Stalin tərəfindən verilən tapşırığın ən yüksək səviyyədə icra olunmuş nümunəsidir. Lakin yazının əvvəlində qeyd etdiyim himn haqqında anlayışlara uyğun deyil. Üzeyir bəy himn nə olduğunu çox yaxşı bilirdi. Yəni himn və təntənəli mahnı janrların fərqini hər kəsdən daha yaxşı və daha dəqiq bilirdi. 1919-cu ildə yazdığı "Azərbaycan Marşı" ilə himnin nə olduğunu, forma və janrını da göstərmişdi. Azərbaycan sovet himnini isə Moskvadan tapşırılan formaya uyğun yazmaq məcburiyyətində idi. Yəni sovet himni nümunəsində, təntənəli mahnı janrında yazmalı idi. Bunun da öhtəsindən böyük ustalıqla gələn Üzeyir bəy gözəl əsər yaratmışdı.
"Kommunist" qəzetinin 1945-ci il 23 sentyabr tarixli sayının 1-ci səhifəsində Üzeyir bəy Hacınəylinin bəstələdiyi "Azərbaycan SSR Dövlət himni"nin notu çap edilmişdir...
(ardı var)