Mühacirətdə döyüşən uyğur kinosu



Nəriman ƏBDÜLRƏHMANLI

Çin hökuməti 2014-cü ildən əksəriyyəti uyğur olan bir milyondan çox müsəlmanın heç bir qanuni proses olmadan həbs düşərgələrində saxlanılmasına gətirib çıxaran siyasət yürütməyə başladı. Bu, İkinci Dünya müharibəsindən bəri etnik və dini azlıqların ən böyük miqyaslı soyqırım cəhdi kimi dəyərləndirilir. Minlərlə məscidin dağıdılması və ya zərər görməsi, yüz minlərlə uşağın zorla valideynlərindən qoparılıb internat məktəblərinə göndərilməsi, Şərqi Türküstanda yaşayan xalqların zorakı yolla assimilyasiyası etnik və ya mədəni soyqırım sayılır. Bir sıra hökumətlər, aktivistlər, müstəqil QHT-lər, insan hüquqları ekspertləri, alimlər və mühacirətdə olan Şərqi Türkistan höküməti Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya əsasən, soyqırım kimi qəbul edib. Uyğurların dövlət tərəfindən maliyyələşdirilən həbs düşərgələrində saxlanılması, məcburi əməyə məcbur olunmaları, dini inancların təzyiq altında saxlanması, siyasi təlqin, kəskin qəddarlıq, zorla sterilizasiya, məcburi kontrasepsiya və məcburi abort, nəticədə əhali artımının xetyli azalması bu siyasətin açıq-aşkar əlamətləri sayılır. Əksər dünya dövlətləri bu siyasəti kəskin şəkildə pisləsələr də qarşısının alınması üçün təsirli tədbirlər görmək iqtidarında deyillər.

Dövrün çin rejissorları tərəfindən çəkilən filmləri Şərqi Türküstan sakinlərinin “xoşbəxt həyatını” ekrana çıxarır. Məsələn, Vanq Linanın “İlk vida” (2021) filmində sincanlı oğlan Eysanın və onun uşaqlıq dostu Kaybinurun hekayəsi təqdim edilir. Eysanın xəstə anasına sevgisi dərin emosional hisslər yaradır. Film uyğur və çin dillərində deyilən şeir kimi başlayır. Saqqallı qoca keçi sürüsü otarır. Onun başındakı uyğur çiçək naxışlı papaq batan günəşdə parıldayır. Eysanın bütün hissləri xəstə anasına yönəlib. Ana Kaybinur və kiçik qardaşını Çin dilini öyrənmək üçün Kaşqara göndərmək fikrindədir.

Bu yeni ənənə son illərdə də davam edir və mədəniyyətlərarası əməkdaşlığın vizyonu olan “Mahnı qanadları” (2021), Çiçəklər niyə bu qədər qırmızıdır?" (2022) kimi filmlər çoxsaylı etnik qruplardan olan gənclərə ünvanlanıb, mavi çöllər və müasir şəhər mənzərələri fonunda çəkilib.

2014-cü ildən sonrakı Uyğur milli kinosunda artıq üç tendensiya aydın sezilir: 1. Ekran əsərlətrinin mövzularının dəyişməsi, demək, olar, əksəriyyətinin məhz xalqın taleyinə və soyqırım faktlarına həsr olunması; 2. Milli kino istehsalının məkan dəyişməsi, filmlərin, əsasən, uyğurların kompakt halda yaşadıqları və mühacirət həyatı sürdükləri ölkələrdə (Qazaxstan, Əzbəkistan, Türkiyə, bir sıra Avropa ölkələri, ABŞ) çəkilməsi; 3. Bir sıra uyğur ekran sənətçilərinin Çin filmlərində çəkilmək məcburiyyətində qalmaları.

Rejissor və prodüser Abdurahman Uyğur Öztürk (1981) Şərqi Türküstanın Aksu şəhərində anadan olub. 2001-ci ildə Mədəniyyət və İncəsənət Akademiyasını bitirib. Elə həmin il Şərqi Türküstanın paytaxtı Urumçidə “Ezitku Studios” şirkətini təsis edib. Prodüser kimi iyirmidən çox musiqi videosu və film çəkib. Bir çox xarici filmin dublyajını və yayımını həyata keçirib.

2006-cı ildə siyasi səbəblər üzündən Hollandiyaya getməli olub, 2008-ci ildə Avropada uyğurlar tərəfindən çəkilmiş ilk tammetrajlı televiziya filminə quruluş verib. 2009-cu ildə dünyanın hər yerindəki uyğur türklərinin səsini dünyaya eşitdirmək üçün internet televiziya kanalı olan “erktv.com”u təsis edib. 2010-cu ildə Hollandiyadan Türkiyəyə gəlib. 2011-ci ildən Türkiyə Respublikası vətəndaşlığı alıb, 2012-ci ildən “Erk Film” şirkətini təsis edib, TRT və digər televiziya kanalları üçün müxtəlif layihələr hazırlayıb, ilk tammetrajlı “Bəyaz balina” (2015) filmini çəkib.

“Bəyaz balina” filmində (senariçilər - Ozan Akıncı, Sühan Bozdağ, quruluşçu-operator - Kadir Volkan Öncel, bəstəkar – Ceng Erdoğan, rollarda - Çiçek Acar (Turkan), Erden Alkan (Hüseyin), Burak Çimen (Koreyalı Yılmaz), Pelin Su Engez (Zeynep), Züfikar Gürlek (Kroosmarkt), Umut Karadag (Bürhan), Efe Karaman (Vahap), Özge Kepkebir (Fatimə), Ergin Kilikçier (Komendant), Hüseyin Namas (Cerci), Ibrahim Öner (Şef), Atilla Pekdemir (kitabxanaçı), Günəs Sayin (Münəvvər), Kaan Ürkmez (Əli) və s.) 80-ci illərdə Anadolunun ucqa bir kəndində yolları kəsişən iki gəncin - Əli və Vahapın – təsirli hekayətidir. Əlinin atası dənizçi imiş, bir müddət əvvəl fırtına zamanı həlak olub. Anası oğlanı Amerika yazıçısı H.Melvillin dünya tarixinin ən mübariz ruhlu ədəbi əsərlərindən biri olan “Mobi Dik” romanı ilə tanış edir və Əli hekayəyə heyran qalır. Onu bir sual maraqlandırır: Kapitan kin və inadkarlıqdan qovur, yoxsa romanın sonunda qəddar düşmənini məğlub edə biləcək?

Rejissor Nəbican Əlanın “Yatmış vicdan” adlı qısametrajlı filmində (2020) ailəsi Urumçidə olan Kayserin Şərqi Türküstana qayıtması ilə başlayan Çin təqibi təsvir edilir. Hadisələr Şərqi Türküstandan İstanbula işgüzar səfər edən və geri qayıdan bir uyğur iş adamın başına gələnlərlə başlayır. Səfərdən qısa müddətdə xəbər tutan Çin polisi iş adamının ailəsi ilə əlaqə saxlayır, həyat yoldaşını mümkün qədər tez Şərqi Türküstana qayıtmağa çağırır. O, qayıtdıqdan sonra “Türkiyəyə səfər etmək cinayəti”nə görə həbs edilir, bu da ailənin həyatını kabusa çevirir.

2024-cü ildə Norveç Uyğur Məhkəməsinin iştirakı ilə Oslo Beynəlxalq Kinoestivalında nümayiş etdirilən “Virtual reallıq: Uyğur Konsentrasiya Düşərgəsi” sənədli filmi isə hadisələrin şahidi olan insanların şəhadətləri ilə zəngindir,

Rejissor Kamilla Abdeldinovanın “Rəng dadı” (2019) qısametrajlı sənədli filmi çoxmillətli Qazaxıstanda yaşayan türk etnik qruplarına həsr olunmuş “Qazaxıstan Türk xalqları” seriyasının bir hissəsidir. O, hekayəni uyğur etno-avangard rəssamı və modelyer Venera Vajitovanın hekayəsi vasitəsilə danışır. Tamaşaçılar onun Almatı bölgəsindəki doğma kəndi Çuncuda uyğur mədəniyyəti və məişəti ilə bağlı incəliklərə varırlar. Film Kəlküttə Beynəlxalq Film Festivalında ən yaxşı sənədli film seçildi.

Qazaxstanda istehsal edilmiş daha bir sənədli ekran əsəri - Əziz Sayptullanın “Tamçılar” (2024) filmi isə rejissorun şəxsi hekayəsinə əsaslanır, sadəliyi, səmimiyyəti ilə tamaşaçıları heyran qoyur. Filmdə sevgi, nostalji, yumor və xəyalların gerçəkləşməsi mövzuları araşdırılır. Rolları Ə.Sayptullanın dostları və həmkarları ifa edirlər.

“Bacımı axtarıram” (2023) sənədli filmi tamaşaçıya Çin Uygur Hərəkatının rəhbəri Ruşen Abbasın Şərqi Türküstandakı Çin düşərgələrinə atılmış bacısı Dr. Gülşən Abbasın qaçırılması və onu axtaran bacısının hekayəsini təqdim edir. Filmdə fikirləri yer alan şəxslər arasında Dünya Uyğur Konqresinin prezidenti Dolkun İsa və akademik Əbdülhəkim İdris də var. Filmdə, həmçinin, Şərqi Türküstanın tarixi keçmişi və iki respublikanın qurulması, kommunist Çin hökuməti tərəfindən işğal və davam edən Uyğur soyqırımı araşdırılır. Sənədli filmin ssenari müəllifi və rejissoru Kanadada yaşayab pakistanlı Cavad Mirdir.

Filmin nümayişindən az sonra Pekin hökuməti qondarma muxtar bölgə nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirərək, “Bacımı axtarıram” filmi ilə bağlı əsassız iddialar irəli sürdü. Filmin gizli bir razılaşma əsasında çəkildiyini iddia edən kommunist rejim rəsmiləri Abbasın bacısını tapmaq səylərini etibardan salmağa çalışdılar.

Beş il ərzində yeddi ölkədə çəkilmiş, Çinin uyğur xalqına qarşı sistematik soyqırımını araşdıran “Şikayət və səs-küy” sənədli filminin (2023, rejissor - Devid Novak) baş qəhrəmanı Cövhər İlham da atası, uyğur iqtisadçısı və akademik İlham Tohtini Çin həbsxanalarından xilas etməyə səy göstərir. Cövhər İlham 2014-cü ildə Çində “separatçılıq” ittihamı ilə həbs edilən, ömürlük cəzaya məhkum olunan, hələ də işgəncələrə məruz qalan Tohtinin taleyindən söz açır. Filmdə Şərqi Türküstanın müsəlman əhalisinə qarşı sistematik soyqırımdan qaçan çoxsaylı uyğurların hekayələri, özləri və ailələrinin yaşadıqları faciələri danışan uyğur türklərinin şəhadətləru də yer alır. Çin rejiminin günahsız insanların, xüsusən də Uyğurlar da daxil olmaqla, bölgədəki türk etnik qruplarının haqlı üsyanlarını yatırmaq üçün gizli niyyətlərini ifşa edən ekran əsərinin adı 2017-ci ildə bir Çin rəsmisinin “Sincandakı bütün səs-küyü aradan qaldırmalıyıq” iddiasından qaynaqlanıb.

Rusiya dövlət siyasəti isə, əlbəttə ki, Çinlə münasibətləri daha da yaxşılaşdırmaq üçün Şərqi Türküstanda baş verənləri görməzliyə vurur, bunu da mətbuatda, ədəbiyyatda və ekranda da vurğulayır. Rus kinematoqrafçıların çəkdikləri “Tyan Şan dağlarının o tayında: Sincanda həyat” sənədli filmi (2021) də bunun bariz nümunəsidir. Filmdə tamaşaçılara Sincan xalqının firavan həyat hekayəsi təqdim edilir, 24 nəfər 17 canlı hekayə danışır. Hamısı da vətənlərini sevir, xəyalları üçün çalışır, özləri və başqaları ilə harmoniyada yaşayırlar. Məlum olur ki, Tyan Şanın əlçatmaz zirvələri buna şahiddir, lakin hər birimizin aradan qaldırmalı olduğumuz ən yüksək silsilələr zehnimizdəki qərəzlərdir, həqiqəti deməklə Sincanla bağlı yalanlara və təhrif olunmuş təsəvvürlərə qarşı mübarizə aparmalıyıq.

Əlbəttə, Çin Şərqi Türküstandakı ədalətsizlikləri ör-basdır etmək üçün ekran sənətinin gücündən maksimum yararlanmağa çalışır. Uydurulmuş ssenari əsasında çəkilmiş, Çinin Şərqi Türküstanda davamlı soyqırım təcrübələrini ifşa edən “Aygül Şanxayda” (2023) filmində Kaşğar əyalətinin Yarkənd şəhərindən olan, Kommunist rejiminin bölgədəki qondarma “məşğulluq” proqramı, “ucuz işçi qüvvəsi” siyasətinə uyğun Şanxaya göndərilmiş Aygül adlı qızın çinli oğlanla dostluğu haqqında absurd hekayələrdən bəhs edir, “Böyük Çin milləti” tərkibində iki fərqli etnik qrupun harmonik birgə yaşaması zərurətini qabardır.

Yerli milli kino istehsalı, demək olar, dayandığına görə, uyğur ifaçılar Çin filmlərində çəkilmək məcburiyyətində qalmışlar. Bu gün çinli tamaşaçıların sevdikləri onlarla uyğur ifaçı sadalamaq mümkündür. Mirşad Yalkun, Məsinə Memet, Dilraba, Gülinaja (Gülnəzər Bəxtiyar), Xani Qızı (Xanqız Ömər) kimi ekran ustaları çağdaş Çin kinosunun ulduzları sayılırlar.

Mədinə Memet (1987) Sincan Ürümçi şəhərində anadan olub. Uşaq yaşlarından rəqslə maraqlanıb. 2003-cü ildə Pekin Şenci İncəsənət Akademiyasını bitirib, Sincan İncəsənət Teatrı Truppasında çalışmağa başlayıb.

2010-cu ildən kinoya gəlib, epizodik və ikincidərəcəli rollar ifa edib, 2014-cü ildən televiziya seriallarında, 2017-ci ildən kinofilmlərdə daha sanballı rollarda çəkilməyə başlayıb.

Dilraba (Dilraba Dilmurat, 1992) mübahisəsiz olaraq, bu gün ən çox tanınan uyğur aktrisalarından sayılır. İlk dəfə 2014-cü ildə çəkilmiş “Qədim qılınc əfsanəsi” dramındakı rolu ilə tanınıb, populyarlığı “Gözəl Li Hui Zhen” (2017) filmində baş rolu oynadığı zaman artıb, sonradan Çinin ən çox izlənilən televiziya serialına çevrilən “Üç həyat, üç Dünya: On min şaftalı çiçəyi” fantastik filmində müxtəlif səpgili obrazlar yaradıb.

İndiki dövrdə Uyğur kino istehsalının hazırkı vəziyyəti sektora investisiya qoyuluşunun olmaması və texnoloji çatışmazlıqla əlaqələndirir. Bu amillər filmin uğuru üçün vacib olsa da, ən vacib cəhət mövzuların işlənməsi ilə bağlıdır. Çin rejimi hələ də kinodan təbliğat vasitəsi kimi istifadə etməsi, kino sənayesinin tamamilə dövlətə məxsus olması, rejimin uyğurlara qarşı irqçi siyasəti Uyğur milli ekran sənətinə kifayət qədər maliyyə vəsaiti ayrılmamasını şərtləndirir, belə bir vəziyyətdə gələcəkdən söz açmaq çətindir.


MANŞET XƏBƏRLƏRİ