İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneyinin dəfninə hazırlıq gedir.
İyunun 15-də başlayacaq dəfn mərasimi 3 gün davam edəcək. Xameneyi ilə vida mərasimində 20 milyona yaxın insanın iştirakı gözlənilir. Matəm tədbirlərinin üç gün ərzində Tehran, Məşhəd və Qum şəhərlərində keçirilməsi nəzərdə tutulub. Seyid Əli Xameneyinin Məşhəd şəhərində, İmam Rza məqbərəsinin ərazisində torpağa tapşırılacağı bildirilir.
Bu, İran İslam İnqilabının banisi Ruhulla Xomeyninin 1989-cu ildə keçirilmiş dəfnindən sonra ölkədə ən böyük vida mərasimi olacaq. Fevralın 28-də İsrail hərbi hava qüvvələrinin endirdiyi raket zərbələri nəticəsində Tehran şəhərindəki iqamətgahında öldürülmüş 86 yaşlı Xameneyinin cənazəsini 10 kilometr uzunluğunda insan axınının müşayiət edəcəyi xəbər verilir.
Dəfn prosesi ilə bağlı yaranmış suallardan biri də Seyid Əli Xameneyinin oğlu, İranın hazırkı ali lideri Müctəba Xameneyinin matəm tədbirlərində iştirak edib-etməyəcəyi ilə bağlıdır. Müctəba Xameneyinin dəfnə qatılması və ya iştirak etməməsi onun özü ilə bağlı bir çox suallara aydınlıq gətirə bilər. Çünki Müctəba Xameneyinin həyatda olub-olmadığı məlum deyil. Bəzi məlumatlarda onun fevralın 28-də atası və ailə üzvləri ilə birlikdə həyatını itirdiyi, başqa informasiyalarda isə sadəcə yaralandığı deyilir.
İran rəsmiləri əvvəllər onun ayağından yaralandığını bildirsələr də, sonradan Müctəba Xameneyinin sağlam durumda öz vəzifəsinin başında olduğunu dedilər. Lakin bu məlumatların heç biri indiyə qədər təsdiqini tapmayıb. Bu baxımdan, Müctəba Xameneyi atasının dəfnində iştirak edərsə, onun sağ olduğuna şübhə yeri qalmayacaq. Bu da öz növbəsində, həm İran cəmiyyətində, həm də beynəlxalq ictimai rəydə Tehran hakimiyyətinin mövqeyini gücləndirən amilə çevrilə bilər.
Əksinə, Müctəba Xameneyinin dəfnə gəlməməsi onun öldüyünə dair ehtimalları artıracaq. Nəticədə, İranda real hakimiyyətə Xameneyinin deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarət etdiyinə dair qənaət daha da möhkəmlənə bilər.
Güney Azərbaycandan olan araşdırmaçı jurnalist və fəal Məhəmməd Rəhmanifər hesab edir ki, İran rejimi belə kütləvi dəfn mərasimləri təşkil etməklə həm ölkə daxilində öz ideologiyasını yaymağa, həm də beynəlxalq ictimaiyyətə siyasi dayaqlarının güclü olduğunu nümayiş etdirməyə çalışır:
“İran hakimiyyəti əvvəllər də bu cür dəfn mərasimləri təşkil edib. Məsələn, 2020-ci ildə Qasim Süleymanini bu cür dəfn etmişdilər. Yəni onları normal vəziyyətdə torpağa tapşırmırlar. Bunu böyük bir mərasim halına gətirməklə təbliğat aparmağa çalışırlar. Xameneyinin dəfnindən də belə təbliğat vasitəsi kimi istifadə etmək istəyirlər. Seyid Əli Xameneyinin dəfn olunacağı xəbəri əvvəl yayılsa da, sonradan rəsmi media bunu inkar etdi.
Amma İranda adətən bir xəbəri ortaya atıb, sonra təkzib edərlər. Sonradan birinci xəbərin həqiqət olduğu məlum olar. İyunun ortalarında Xameneyinin dəfni planlaşdırılır. Burada bir məqam da dəfn prosesinin “Qum -Qədr” bayramına və Məhərrəm ayı ərəfəsinə təsadüf etməsi ilə bağlıdır. Bu günlərdə xalq İmam Hüseyni yad edir, hərəkətlilik olur. Dəfn mərasimini bu günlərə salmaqla xalqın hərəkətliliyini Xameneyinin adına bağlamaq və xalqın meydana çıxdığını göstərmək istəyirlər. Xameneyini Tehranda deyil, Məşhəddə dəfn edirlər ki, o, Xomeyninin kölgəsində qalmasın. Çünki Xameneyi müstəqil olmaq istəyib və özünü Xomeynidən üstün tutub".
Müctəba Xameneyinin dəfndə iştirakına gəlincə, ekspert bunu aktual hesab edir:
"Müctəba Xameneyi üç aydır ölkəyə rəhbərlik edir. Lakin onun nə ölüsündən, nə də dirisindən bir xəbər var. Əslində, İran belə inanclara alışıb. Gözlə görünməyən bir şəxsin rəhbərlik etməsi və ya onun adından ölkənin idarə edilməsi onların ideologiyasında qeyri-adi hesab edilmir. Əgər ata Xameneyi dəfn olunursa, oğul Xameneyi xalq arasına çıxmalı, görünməlidir. Yəni belə bir tarixdə də o, məclisə getməsə, atası ilə vida mərasiminə gəlməsə, televiziya ekranlarında görünməsə, artıq Müctəba Xameneyinin həyatda olmadığı, yaxud ağır yaralı və koma vəziyyətində olduğuna dair qənaət güclənəcək. Əgər Müctəba Xameneyi sağdırsa, ictimaiyyət qarşısına çıxmalı və atasının dəfninə getməlidir”.
Siyasi ekspert Əlimusa İbrahimovun sözlərinə görə, Ayətullah Seyid Əli Xameneyinin indiyə qədər dəfn oluna bilməməsi İslam qaydalarına ziddir. Lakin onun indiyə qədər torpağa tapşırılmaması İranın ABŞ və İsraillə apardığı müharibə ilə bağlı idi:
"Yəni rəsmi Tehran dəfn mərasimin təşkili üçün təhlükəsizlik tədbirlərini təmin etməyə çalışırdı. Dəfn mərasimində İranın dövlət rəsmiləri kütləvi şəkildə iştirak edəcəklər. Ona görə də dəfnə gedən İran rəsmilərinin ABŞ və İsrailin hava zərbələrinə məruz qalmaq ehtimalı Xameneyinin cənazəsinin torpağa tapşırılmasını ləngitdi. Artıq ABŞ və İran arasında mövcud olan problemlərin danışıqlar yolu ilə həll edilməsi istiqamətində addımlar atılır. Hesab edirəm ki, Xameneyinin dəfninə şərait yaradılması ilə bağlı ABŞ ilə razılıq əldə olunub. ABŞ atəş açmayacağına və dəfn mərasiminin İran dövlət orqanlarının istədiyi səviyyədə keçirməsinə qəti zəmanət verib. İkinci risk iğtişaşın baş verməsi ehtimalı ilə bağlı idi:
"Bu, uzun müddət İrana rəhbərlik etmiş, xalq arasında böyük nüfuza malik olan bir şəxsiyyətin dəfnidir. Ona görə də İran hakimiyyəti xalq kütlələrinin rejim əleyhinə çevriləcəyindən və iğtişaşların baş verəcəyindən ehtiyat edirdi. Növbəti səbəb isə yeni seçilmiş ali liderin ictimaiyyət qarşısına çıxmaması, onun yaralı, müalicə olunması haqqında xəbərlərlə bağlıdır. İndi əsas məsələlərdən biri Seyid Əli Xameneyinin oğlu, İranın yeni ali lideri seçmiş Müctəba Xameneyinin dəfn mərasimində iştirak edib-etməyəcəyidir. Təbii ki, Müctəba Xameneyinin kütlə qarşısına çıxmaması onun sağ olub-olmaması və ya yaralı olması barədə şayiələrin artmasına səbəb olacaq.
Əgər Müctəba Xameneyi dəfndə iştirak etməyəcəksə, mərasimi bu qədər təxirə salmağa ehtiyac var idimi? Hesab edirəm ki, Müctəba Xameneyi dəfndə ciddi təhlükəsizlik tədbirləri görülməklə iştirak edəcək. Əks təqdirdə, atasının dəfnində iştirak etməməsi ona qarşı ciddi tənqidlərin səslənməsinə səbəb ola bilər. Ona görə də düşünürəm ki, Müctəba Xameneyi dəfn mərasimində iştirak edəcək və insanların qarşısına çıxacaq. Dəfnin təhlükəsiz şəraitdə keçməsi üçün ABŞ tərəfindən alınmış zəmanət danışıqlar prosesinə də müsbət təsir göstərə bilər”.