ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu məxfi məlumatları gizlətmək və sızdırmaqda ittiham edib.
Turkustan.az xəbər verir ki, Tramp Boltonu “müharibə həvəskarı” adlandıraraq onun daim qarşıdurma və müharibə tərəfdarı olduğunu bildirib.
ABŞ lideri Vaşinqtondan Viskonsin ştatına təyyarə ilə səfəri zamanı jurnalistlərin gündəmdəki məsələlərlə bağlı suallarını cavablandırıb.
Məxfi məlumatlarla bağlı ittihamlarla üzləşən Con Bolton barədə danışan Tramp onun heç vaxt yaxşı məsləhətçi olmadığını iddia edib. Prezident bildirib ki, Boltonu administrasiyaya yalnız müəyyən məqsədlər üçün və məhdud müddətə cəlb edib.
Tramp keçmiş müşavirini tənqid edərək onun kifayət qədər ağıllı olmadığını və “müharibə tərəfdarı” mövqeyi ilə seçildiyini vurğulayıb.
“Mən heç vaxt Con Boltonu sevməmişəm”, – deyə, ABŞ Prezidenti bildirib.
Boltonun sərt baxışlara malik olduğunu qeyd edən Tramp əlavə edib:
“O, ağzını açan, səsini çıxaran hər kəslə mübarizə aparmaq istəyirdi. Həmişə insanları öldürmək və yeni müharibələr başlatmaq niyyətində idi.”
Aytən Yaşar/ Turkustan.az