İŞIQLI ATALI
21 Azər Hərəkatı hər şeydən əvvəl Güney Azərbaycan demokratlarının SSRİ-yə bel bağlamağının acı nəticələrini göstərdi. Ancaq hərəkat Moskvanın istəyinin nəticəsi kimi meydana çıxmadı, tamamilə ulusal yön aldı. Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsində (Güney Azərbaycanda) Milli Hökumətin qurulması, Moskvanın istədiyi kimi hadisələrin cərəyan etməməsi, Qərbin, Avropanın sözügedən məsələyə cidd-cəhdlə qarışması səbəbindən bir il sonra Milli Hökumət süqut etdi.
Tarixi parçalanmalarımızın səbəblərini diqqətlə öyrənməliyik.
Pişəvəri zaman-zaman İran tərəfdən "satqın", "Sovetlərin casusu", “Moskvanın əlaltısı", "Vətən xaini" kimi ittihamlara tuş gəlib, indi də gəlməkdədir. Ancaq ona bu ittihamlar yapışmaz. Onun Moskvanın imkanlarından istifadə etmək cəhdi və acı gerçəkliyi (sonucu) isə ortadadır.
Birillik dönəmdə Pişəvəri Hökumətinin gördüyü genişmiqyaslı xəlqi işlər misilsizdir: qadınlara kişilərlə yanaşı, hüquq verilməsi, anbarlarda saxlanılan məhsulların sabit dövlət qiyməti ilə bazarlara çıxarılması, çox işlənən ərzaq məhsulları üzərindən vergilərin götürülməsi, savadsızlığın ləğv edilməsi ilə bağlı kursların, radio stansiyası və bankların milliləşdirildirilməsi, körpə evlərinin, xəstəxanaların təsisi, ana dilində kitabların çapı, Azərbaycan türklərindən başqa burada yaşayan ulusların nümayəndələrinin də eyni hüquqlara malik olması, torpaq islahatının həyata keçirilməsi, Milli Hökumətin xüsusi proqramının hazırlanması, ana dilində məktəblərin, kitabxanaların açılması, başlıcası isə Azərbaycan Türkcəsinin dövlət dili elan edilməsi...
Bu, o dönəm idi ki, 1925-ci ildən bəri (Rza şah dövründən) Azərbaycan türkcəmizin rəsmi olaraq (hətta türk ailələrində belə!) işlədilməsi qadağan idi. Pişəvəri dönəmində fars şovinizmi tərəfindən farslaşdırılmış yurd-yer adlarının türkcələşdirilməsinə başlanıldı, milli universitet təşkili edildi, milli musiqimizin, mədəniyyətimizin inkişafı ilə də bağlı işlər görüldü…
Ümumi, müəyyən maddi sınırlar ölçüsündəki islahatlar ulusumuzun onillər, yüzillər ərzində ayaqda qalmasını yarada bilməzdi, necə ki, yaratmadı. Ulusumuz yüzillərdən bəri özündən ayrılmış, dövlətçilik ənənəsindən məhrum edilmişdi. Ulusal istəyimiz böyük olduğu dərəcədə gerçəkləşmə imkanlarımız zəif oldu.
Hərəkatın qələbəsindən az sonra Moskva Azərbaycan Milli Hökumətini Tehranla danışıqlara getməyə məcbur etdi. Pişəvəri vəziyyətdən çıxış yolu axtarsa da tapa bilmədi. Ancaq bir çıxış yolu vardı: İranla bağlanmış müqavilədən imtina etmək, xalqı yeni mübarizə mərhələsinə kökləmək. SSRİ isə bu məqamda İranla dil tapa bildi. Qərblə də anlaşma yarandı.
Bunlar Pişəvəri hərəkatının çöküşünü yaradan başlıca amillər idi…
Beləliklə, Güney Azərbaycanımız tamamilə təkləndi. Haradasa Səttarxan Məşrutəsi dönəmindəki kimi bir vəziyyət yaratdılar ulusumuza, yurdumuza qarşı. 1946-cı ilin noyabrında qırğınlar başlandı. Bir neçə ayda rəsmi şəkildə 25 min nəfər soydaşımız güllələndi və asıldı.
Bu hadisələr zamanı Pişəvərinin Mircəfər Bağırova müraciəti, Bakıdan kömək almaması, ala bilməməsi doğal sayıla bilər. Bağırov Moskvanın əmrlərini yerinə yetirirdi…
Bəs bu hadisələrdən az sonra gerçəkləşən Pişəvərinin ölümü bizə nə deyir? Pişəvəri təsadüfən qəzaya düşdü, ya “avtoqəza oyununda” öldürüldü? Təhlillər göstərir ki, Pişəvərinin qətli peşəkar şəkildə həyata keçirilib. Moskva ehtiyatlandı ki, o, yenidən Güneyə qayıda, ən azı ordakıları ayağa qaldıra bilər. Bütün hallarda isə Pişəvərinin sağ qalması üçün heç bir işıq ucu yox idi.
21 Azər (12 Dekabr) – Pişəvəri Hərəkatı Ulusumuz üçün dərsdir, İnam Ata (Asif Ata) demişkən, öyrənməli, ötməli bir dərs. Bu yerdə Atanın “TARİXİMİZİN CƏNUBİ AZƏRBAYCAN DƏRSİ” adlı içsəsindən bir fikrini xatırlatmaq istəyirəm: “Özgəyə bel bağlayıb özümləşmək meyli faciəvi yanlışlıqdır. Özümləşmək üçün özünə bel bağlamalısan!”
Özümləşmək, ruhən dərinləşmək, sözün böyük mənasında ulus olmaq. Bir olmaq, Bütöv olmaq aqibətimiz var – ona yetməliyik: haya-küyə getmədən. Uzun yolun yolçularıyıq...
***
İNAM ATA (ASİF ATA) SÖHRAB TAHİRİN YARADICILIĞI HAQQINDA
Söhrab Tahirin ikiyə bölünmüş Azərbaycanımızın nisgilini böyük bir yanğıyla ifadə edən şeirləri hər birimizi dərdə məhrəmlik, həmdəmlik üstə köklənməsinə xidmət edib. İkiyə bölünmüş Azərbaycanın dərdilə yaşamaq onillərdir ki, onun ömrünə, aqibətinə çevrilmişdi. Bu vaxta qədər Güney dərdimizlə bağlı neçə-neçə dərdli soydaşımız ömrünü başa vurub. Dərdlilər ölüb, böyük dərdimiz yenə də yaşayır…
Söhrab Tahirin Güney Azərbaycan dərdimiz üstə köklənmiş poeziyasında nəinki dərdi çağırmaq, dərdlə bir olmaq, dərdi yaşamaqla bağlı bitməyən həmdərdliyi vardı. Şair ağlı kəsəndən də əvvəl, ta beşikdən fitrətən ana dilini duyub, ona bağlanmışdı. Çünki bu dilin ulusun ruhundan ilahi bir soraq olduğunu iliyinə kimi duyur, bu duyğunu canlı yaşayırdı...
Ana yurdumuzun Qoşqarı, Kəpəzi Savalanından ayrı düşüb; Onun Savalan dağına xitabı son dərəcə duyğuludur. Yurduna, ulusuna təpədən-dırnağacan bağlı olanda, üstəgəl də yurdunu öz dilində öymək imkanın olanda səni sevməyənlər hiss edirlər ki, bu sevginin qarşısında duruş gətirmək mümkün deyil. O, “Savalanım”-deyə müraciət etdiyi dağı öyür, onun üçün bulud, günəş, yağış olmağı fəxarət sayır.
İnam Atanın (Asif Atanın) “Şeir dərdi” fəlsəfi-tənqidi əsərində yaradıcıdan şeiriyyətin mahiyyətinə uyğun yazmaq, yaşamaq tələb olunur. Ona görə ki, zamana uyğun şeiriyyət olmur.
Əsərdə Vətən, İnsan dərdinin Azərbaycan şairlərinin yaradıcılığında ifadəsi araşdırılır, çatışmazlıqlar göstərilir, insani, yaradıcı ölçüyə uyğun gələnlər təqdir edilir: “Dərddən yaranıb şeir – dərdsizlikdən ölə bilər” - deyilir. Eləcə də “Şeir dərdi”ndə dərdçiliyin ayrı-ayrı çalarları açılır, insanın var olmasında özüylə üz-üzə qalmağın, dərdindən güc almağın yolları göstərilir. Əsərdən bir parçanı - Söhrab Tahirin Güney dərdi haqqında “VƏTƏN – DÜNYA” bölümünü təqdim edirəm.
İŞIQLI ATALI
***
İNAM ATA (ASİF ATA)
VƏTƏN – DÜNYA
Vətən dərdindən böyük dərd yoxdur, Vətən dünyadır əslində...
Dünya dərdini Vətəndə çəkmək gərək - Vətən dərdidir əslində dünya dərdi, dünya boyda dərdi var Vətənin, Vətən dərdinə qalan dünya dərdinə qalanır; Vətən taleyi keçir insan ömründən, Vətən yolu keçir insan ömründən, dünya boyda yük düşür Vətənin çiyninə, Vətəndə başlayır və Vətəndə qurtarır Dünya.
“Qır atının yalmanı qan,
Yalı qan,
Azadlığın taleyi qan,
Yolu qan,
Qılıncının qabağı qan, dalı qan,
Səbr evinin quyuları
Dolu qan
Şəhid olmuş düzlərində
Ulu qan”. (S.Tahir)
Dünyəvi dərddir dərdimiz, dünya miqyaslıdır kədərimiz, dünya boyda qara göynəyir sinəmizdə, dünya boyda ağrı yanır qəlbimizdə, bir dünya dərdik!
“Yüz ildir ki, süfrəmizdə qan dadı!” (S.Tahir)
Dünya acısı, ağısı qatılıb taleyimizə, dünya acısını, ağısını yeyirik, parçalanıb-paralanmışıq, dünya boyda dağ gəzdiririk içimizdə.
“Mənim yerim iki ölkə,
İki tale arasında,
İki yandan gizlədilən,
Bir millətin yarısında”. (S.Tahir)
“Bölünmüşük dünyanın sinəsində, dünya ağrısı daşıyır – ikidə birlərin birlik ərkiyəm!” (S.Tahir)
“Nəhəng dünya dərdi yaranıb taleyimizdə: - Bir bütövü qırmaq üçün neçə qırıq əlləşib!” (S.Tahir)
Dərdimiz dünyaya çatıb, dünya dərdimizə çata bilməyib.
“Qırx il əzab,
Qırx il fəryad,
Qırx il sürgün,
Qırx il təhqir,
Qırx il döyüş!” (S.Tahir)
Əzablaşan, fəryadlaşan, zindanlaşan, sürgünləşən, təhqirləşən, döyüşən illər dərdində dünya görünüb, bilinib, dünya dolub illərə, dünyəvi dərd yüklənib Vətənin ürəyinə.
“Çaylar axır əks tərəfə,
Gül çevrilib dalı üstə,
İstəyimə güllə dəyib,
Düşüb sınıq qolum üstə”. (S.Tahir)
Yaralanan, sınan istək dərdində dünya görünür, bilinir, dünya misallı dərd yaşayır nisgilli arzuda:
“Xoşbəxt oldu bədbəxtlər də,
Mənim bəxtim gətirmədi”.
Dünya misallı dərddir dərdimiz – tək çəkirik, tək çəkilən dərddən yaranır fədailik, ən çox təklərin aqibətinə düşür dünya boyda dərd, təklər yaşadır çoxluğu, təklənir çox vaxt qeyrət.
“Mənə qardaş demədilər
Siyasətdə dilibirlər,
Haradasa ayrılırdı
Dilibirlər, elibirlər”. (S.Tahir)
Təklərin, təklənənlərin ruzusuna qatılır kədərli ibrət, fəlakətli həyat dərsi, acı nemət.
“Bir də səni tapşırmaram
Hər yoldaşa, hər qardaşa”.
“Bundan sonra ey inamlım,
İnananda yaxşı inan.
İnamını xalça etmə
Ayaq altda atam, anam!”
İnam dərdi törəyir aldanış işgəncəsindən, ümidə boylanır dərd, ümidə sığınır, ancaq dərd ölmür – ümidlə yaşayır.
“İki yanın fəryadıyam,
İki sahil yarğası
İki yandan iki qürbət,
İki ibrət sırğası”. (S.Tahir)
Sahil parçalanır – dərd parçalanmır, qürbət parçalanmır, ibrət parçalanmır; ölkə parçalanır – ölkə dərdi parçalanmır.
“İki Vətən həsrətindən
İki gözüm bir dolub”. (S.Tahir)
Vətəndə dünya bilinir, görünür, Vətəndən böyük dünya yoxdur, bu səbəbdən də Vətən dərdindən böyük dərd yoxdur, Vətən dünyadır əslində...
(1990)
***
İNAM ATA (ASİF ATA)
BƏŞƏRİLİK MƏRASİMİ ÜSTƏ MÜTLƏQLƏ TƏMAS
Özünün Özündən Yüksək Mənasını daşıyan.
Aqibətindən Yüksək olan!
Tarixindən Yüksək olan!
Mahiyyətindən aşağı Yaşayan!
Özünə çatmayan –
Bəşər!
Özünə çatmalısan!
***
İŞIQLI ATALI
BƏŞƏRİLİYİMİZİN ÖZÜLÜ – ULUSALLIĞIMIZDIR
Bəşərilik Bayramı Bəşərilik uğurlarının insanlıq ölçüsündə, tələbində dəyərləndirilməsi, kutlanması deməkdir!
Ulussuz – bəşər yoxdur.
Bəşərliliyimizin özülü – ulusallığımızdır.
Bəşərin var olmasını istəyiriksə, ulusallığımızı göz-bəbəyimiz kimi qorumalıyıq.
Aqibəti Mütləq İnamlı Bəşərim! Varlığımı yaradıram, sənin ali mahiyyətinə layiq oluram! Ulusallığımı yaşadıram, ulus mahiyyətini təsdiq edirəm!
Bəşərliyimi yaradıram, sənin Bəşər mahiyyətini təsdiq edirəm!
İnam Ata (Asif Ata) yazır: “Qapı-qapı düşüb Bəşər axtarmıram. Bəşər yanımdadır”.
Ruhumdasan - Özümdəsən, Bəşərim!
Var olduğum dərəcədə Bəşəri var edirəm!