Bir daha Himnimiz haqqında


No description available.
Kamil Şahverdi

III yazı

(əvvəli BU LİNKDƏ)

Saat 13:30-da Tamerlan Qarayev iclası tərk etdi. Onu digər sədr müavini Afiyəddin Cəlilov əvəzlədi. Tamerlan Qarayev getdikdən sonra himnin müzakirəsi və qəbulu gündəliyə salındı. Lakin hiss olunurdu ki, bəzi deputatlar paylanan qüsurlu mətni nümunə gətirərək müzakirənin aparılmasına mane oımağa, vaxtı uzatmağa çalışırlar. Bəziləri himn əvəzinə marş yazıldığına etiraz edirdilər. Bir sözlə müxtəlif bəhanə və iradlarla mövzudan yayınırdılar. Çünki, saat 14:00-da deputatlar nahar fasiləsinə çıxacaqdılar. Qurulmuş plan da bundan ibarət idi ki, Təmerlan Qarayev nahar fasiləsinə 30 dəqiqə qalmış iclası tərk edir, onu Afiyəddin Cəlilov əvəzləyir. Sonra isə saat 14:00-da deputatlar nahar fasiləsinə gedir və əksəriyyəti fasilədən qsyıtmır. Beləliklə, mayın 27-də Milli Məclisdə himnin müzakirəsi təxirə salınır. Himnin qəbulunun tərəfdarı olanların əsas arqumenti o idi ki, sabah 28 May-ADR-in ildönümü oldüğü üçün bayram ərəfəsində himn qəbul olunmalıdır. Bu baş vermədiyi halda məsələ də aktuallığını itirir və sonra nə olacağını təsəvvür etmək çətin deyil. Əsas məsələ həmin gün himnin müzakirəsinə və qəbul edilməsinə imkan verməmək idi. Bunları hiss edən, bəlkə də bu planlardan xəbərdar olan deputat Sabir Rüstəmxanlı növbəti dəfə söz alır və emisional şəkildə Milli Məclisdə çalışan bəzi əməkdaşların bilərəkdən təxribat törətmək istıdiklərini qeyd edir. Deputat bir daha xatırladır ki, paylanan mətnin hər sətrində orfoqrafik səhv var və bunu qəsdən bu şəkildə paylayıblar ki, himni gözdən salsınlar. O bu məsələ ilə bağlı hələ iki ay qabaq irad bildirdiyini söyləsə də, yenə həmin qüsurlu mətnin paylandığını bu günkü iclasın baş tutmaması üçün edildiyini qeyd etdi. Daha sonra Sabir Rüstəmxanlı Afiyyəddin Cəlilovdan xahiş etdi ki, fasiləyə çıxmadan himn məsələsinin müzakirəsinə və səsə qoyulmasına şərait yaratsın. O açıq şəkildə bildirdi ki, fasilədən sonra deputatların əksəriyyəti qayıtmayacaq. Bəzi deputatlar Ali Soveti Rəyasət Heyətinin yaratdığı komissiyanın himnin ən yaxşı mətnini seçmək üçün yaradıldığını xatırladaraq Azərbaycan SSR himnin sözlərini müzakirə etməyi təklif etdilər. Mübahisələr getdikcə qızışırdı. İclasa sədrlik edən Afiyəddin Cəlilov Sabir Rüatəmxanlının fasiləyə çıxmadan himnin müzakirəsini davam etdirmək təklifini dəstəklədi. Əslində təcrübəli dövlət xadimi Afiyəddin Cəlilov bununla da "Azərbaycan Marşı"nın əleyhinə olanların planlarını pozmuş oldu. Açığını bildirim ki, Afiyəddin Cəlilovun Sabir Rüstəmxanlınım təklifini dəstəkləməsi və fasiləyə çıxmadan məsələnin müzakirəsini davam etdirməyə razılıq verməsi "Azərbaycan Marşı"nın Dövlət Himni kimi qəbul olunmasında ən vacib addımlardan biri idi. Bir daha vurğulamaq istəyirəm ki, əgər deputatlar nahar fasiləsinə çıxsaydılar, həmin gün heç bir müzakirə və səsvermə baş tutmayacaqdı. Çünki, deputatların əksəriyyəti fasilədən qayıtmayacaqdı. Bu qabaqcadan düşünülmüş bir plan idi. Afiyəddin Cəlilobun çox güman ki, bu plandan xəbəri yox idi və yaxud xəbəri olsa belə, "Azərbaycan Marşı"nın himn kimi qəbulunu əngəlləyən biri kimi tarixə qalmaq istəməmişdi. Bu addımı ilə təcrübəli dövlət xadimi "Azərbaycan Marşı"nın əleyhinə olan qüvvələrin qarşısına sipər çəkdi.

Daha sonra komissiya sədri Firudin Cəlilov çıxış edərək aylarla komissiyanın gördüyü işlərdən danışdı. Qeyd etdi ki, bir qrup ziyalılar Azərbaycan sovet himnini keçirmək üçün əllərindən gələni eləmişdilər və az qala Ali Sovetin qərarını da çıxarmışdılar. Firudin Cəlilov daha sonra bilərəkdən paylanmış qüsurlu mətnə də kəskin etirazını bildirdi.

İclasın sədri Afiyəddin Cəlilov Firudin Cəlilova sual etdi: "Bu mətni deputatlara kim paylayıb?"

Afiyəddin Cəlilov verdiyi sualla onun əvvəlcədən düşünülmüş bu məkrli plandan xəbərssiz olduğunu bir daha sübut etdi. Ondan əvvəl iclasa rəhbərlik edən Tamerlan Qarayev bu məsələyə heç cür münasibət bildirməmişdi. Üstəlik himn məsələsini müzakirəyə çıxarmağı da bacardığı qədər uzadırdı. Hər dəfə "O məsələ hazır olan kimi o saat baxarıq, hazır deyil" deyirdi.

Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyəti tərəfindən himnin ən yaxşı mətni üçün yaradılmış komissiyasının sədri Fazil Muradəliyev də söz alaraq görülmüş işlərdən danışdı. Aparılan müzakirələr, bəstəkarlarla, şairlərlə keçirilən çoxsaylı görüşlər haqqında danışdı və qeyd etdi ki, onun rəhbərlik etdiyi komissiya da "Azərbaycan Marşı"nın himn kimi qəbul edilməsinin tərəfdarıdır. Milli Məclisdən xahiş etdi ki, hır İki komissiyanın rəyi nəzərə alınaraq "Azərbaycan Matşı"nın himn kimi qəbul edilməsinə səs versin...

Həmin gün çıxış edənlər çox oldu. Müzakirələr zamanı bəzən gərginlik yüksək həddə çatırdı. "Azərbaycan Marşı"nın leyhinə və əleyhinə olan deputatların çıxışları ptofessor Asif Rüstımlinin "Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı" kitabında geniş və ətraflı işıqlandırılıb. Maraqlananlar Milli Məclisin bu tarixi iclası ilə tanış ola bilərlər.

Mən daha bir vacib məqamı diqqətinizə çatdırmaq istəyirəm. İclasa sədrlik edən Afiyəddin Cəlilov hər dəfə "Azərbaycan Marşı"nın Dövlət himni kimi qəbul olunmasını səsə qoymaq istəyəndə məlum olurdu ki, yetərsay yoxdur. Hiss olunurdu ki, bu vəziyyət onu ciddi narahat edir. Lakin o təmkinlə, səbrlə deputatlara müzakirələri davam etdirməyi təklif edirdi. Aydın məsələdir ki, yetərsayın olmaması da bilərəkdən təşkil olunmuşdu. Əminliklə deyə bilərəm ki, təcrübəli dövlət xadimi Afiyəddin Cəlilov bu maneələrin qəsdən qurulduğunu artıq başa düşmüşdü. Heç şübhəsiz ki, bu tarixi iclasda dövlət əhəmiyyətli mühüm qərarın qəbul olunmamasında iştirakçı olmasını istəmirdi. Ona görə də səbrlə, təmkinlə, hardasa təkidlə himnin qəbulu ilə bağlı ən mühüm iclası müsbət sonluqla başa vurmaq istəyirdi. Bütün bunları izləmək çox ağır və acınacaqlı idi. Bu gün də o iclasın gedişini xatırlayanda özümə yer tapa bilmirəm.

Milli Məclisin bu tarixi iclasından Asif Rüstəmlinin kitabında yer almış kiçik bir hissəni diqqətinizə çatdırmaq istəyirəm:

"A. Cəlilov: Mən də xahiş eyləyirəm qeydiyyatdan keçək, sonra adbaad səsə qoyaq. Qeydiyyat, üç nəfərin də kartoçkası yoxdur. Demək 32 nəfər, bəli buradadır. Məlumat vermək istəyirəm sizə. Qarayev Tamerlan İsa bəyin (İsa Qəmbər-K. Ş.) tapşırığı var, onu yerinə yetirir. (?-K. Ş.) Əzizov Tofiq yoxdur, Ələkbərov Sülhəddin olub, indi iştirak etmir, Əhmədov Vahid olub, indi iştirak etmir, dedilər xəstələnib. Arif Hacıyev olub, iştirak etmir. Hacıyev Rəhim olmayıb. Qasımov Tofiq olmayıb, bu gün Zeynalov Fərrux buradadır. Məmmədov Xanlar yoxdur. Nəcəfov Nəcəf olmayıb, Rəhimzadə Arif xəstədir. Rüstəmov Tofiq olmayıb. Səmədzadə Ziyad olub indi yoxdur. Tamerlan bəy burada yoxdur, ona görə Sülhəddin getdi. Vaqif buradadır. İxtiyar bəy, Arif bəy yoxdur? 1-32- yə zəng elə, bir də! Ziyad bəyə zəng elə beş dəqiqəlik gəlsin, getsin. Zəhmət olmasa bir də qeydiyyatdan keçin. Gəlin, bir dəqiqə , demək yetərsay var?" (Asif Rüstəmov. "Cəmo bəy Cəbrayılbəylk: həyatı və bədii yaeadıcılığı". "Elm və təhsil". Bakı-2024. səh.179.)

Bax belə!.. Yəqin ki, hörmətli oxucular bu mənzərənin nə qədər acınacaqlı olduğinu təsəvvür edə bilərlər. Milli Məclidin kommunist deputatlardan ibarət bloku (komblok) öz mövqeyini gizlətmədən, açıq-açığına "Azərbaycan Marşı"nın himn kimi qəbul olunmasının əleyhinə mübarizə aparır. Demokratik qüvvələri təmsil edən (demblok) bəzi deputatların mövqeyi suallar doğurur. Firudin Cəlilovun, Sabir Rüstəmxanlının, Fazil Muradəliyevin və bir neçə başqa deputatın fədakarlığı, prinsipiallığı, ən başlıcası isə iclasın sədri Afiyəddin Cəlilovun müdrikliyi, tarix qarşısında məsuliyyəti son nəticədə "Azərbaycan Marşı"nın Milli Məclisdə Dövlət

Himni kimi qəbul olunmasına yol açdı.

Milli Məclisin sədr müavini Afiyəddin Cəlilovun təklifi ilə Firudin Cəlilov qərar layihəsini oxudu.

Qərar səs qoyuldu və qəbul olundu.

"Azərbaycan Respublikasının Dövlət Himni haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Qərara alır:

Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan "Azərbaycan Marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilsin.

Bakı şəhəri, 27 may 1992-ci il.

Daha sonra Himn səslındi və deputatlar ayaq üstə qürurla Dövlət Himnini dinlədilər.

70 il ərzində sovetlərin bütün səylərinə baxmayaraq, xalqın ən dərin, ən ülvi hisslərinə köklənmiş "Azərbaycan Marşı"nı unutdura bilmədilər. Vətəndə bu əsərin nəinki ifası, hətta adının çəkilməsi belə yasaqlansa da, mühacir həyatı yaşamağa məhkum olmuş vətən oğulları "Azərbaycan Marşı"nı yaşatdılar. Ana laylası qədər əziz, doğma, halal olan bu müqəddəs əsəri qorudular, onunla təskinlik tapdılar. 70 ildən sonra vətənə qovuşan "Azərbaycan Marşı" ana südü kimi xalqın millətin qanına, canına, ruhuna hopsa da, ona ciddi etiraz edənlər, olmazın maneələr törədənlər də oldu. Bütün çətinliklərə baxmayaraq xalqın, millətin iradəsi ilə "Azərbaycan Marşı" Milli Məclisə daşındı və haqq etdiyi məqama yetişdi. 1920-ci ildə rus-bolşevik işğalı nəricəsində Dövlətin Himni statusunu ala bilməsə də, 1992-ci ildə buna nail oldu. Hər sözündə, hər sətrində, hər notunda, hər səsində millətin qəhrəmanlıq tarixini yaşadan, qəhrəman oğulları vəsf edən, analar balasını əzizlədiyi kimi Vətəni əzizləyən, Alqışlayan, onunla qürur duyan "Azərbaycan Marşı" millətə, xalqa qovuşdu...

Apardığımız mücadilə qələbə ilə sonuclandı. Mübarizəmiz nə qədər çətin, ağır olsa da şərəfli idi. Biz bu mübarizəni ləyaqətlə apardıq...

Təsəvvürümüzə gətirə bilməzdik ki, "Azərbaycan Marşı" Dövlət Himni kimi təsdiq olunandan sonra da ona zaman-zaman hücumlar olacaq, həmlələr ediləcək. 33 il ərzində davamlı olaraq edilən, bu gün də səngiməyən bu hücumlara, gətirilən arqumentlərə cavab verməyin nəhayət ki, zamanı yetişib. Növbəti yazıda "Azərbaycan Marşı"na olan hücumların hardan və nədən qaynaqlandığı, 70 il ərzində vətəndən uzaqda necə və kimlər tərəfindən qorunduğu haqqında bilgiləri diqqıtinizə çatdırmağı düşünürəm.


MANŞET XƏBƏRLƏRİ