Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
VIII Yazı
Əbül Müzəffər Sultan Yaqub
Sultan Yaqub 1464-cü ildə Diyarbəkirdə dünyaya gəldi. Atası Ağqoyunlu Sultanı Uzun Həsən, anası onun əmisi qızı olan sevimli xanımı Səlcuqşah Bəyimdir. Atası Uzun Həsən tərəfindən lələsi olaraq Qazi İsa Savəçi təyin olundu.Haqqındakı ilk məlumat isə atasının ölümü və qardaşı Sultan Xəlilin taxta çıxmasının ardından Diyarbəkir valisi təyin edilməsi, anası və kiçik qardaşı Yusif Mirzə ilə birlikdə paytaxtdan uzaqlaşdırılmasıdır. Mövsüm şərtlərinin ağırlığı və o əsnada Van gölünü donduracaq dərəcədə sərt bir qışın keçməsinə baxmayaraq Diyarbəkirə göndərilməsi, bunun təyinatdan daha çox sürgün olduğunu düşündürür.
Sultan Xəlil dövründə Yaqub bəy Diyarbəkir valisi idi, lakin iyun ayında əyanlar Sultan Xəlili devirərək yerinə Yaqub bəyi taxta çıxardılar. Sultan Yaqub Ağqoyunlu dövlətinin III Sultanı 15 iyun 1478- 14 dekabr 1490 oldu.
O, qardaşı tərəfindən Diyarbəkir valisi təyin edilmiş və qardaşı Sultan olduqdan sonra Azərbaycana gəlib,onun əleyhinə çıxmışdır. Hicri-qəməri 883-cü il rəbiül-əvvəl ayının 14-də çərşənbə günü (1478,15 iyun, bazar ertəsi) Sultan Yaqub Xoy şəhəri kənarında qardaşını öldürüb, özü Sultan olmuşdur.Yaqub bəyin on iki illik hakimiyyəti bu dövlətin parlaq bir dövrünü təşkil edir.
Sultan Yaqubun Hakimiyyəti
Hakimiyyətinin ilk ilində Kirmanda üsyan qalxsa da yatırılmışdı.1480-ci ildə 100 min nəfərlik Misir Məmlük ordusu Ağqoyunlu dövlətinə hücuma keçərək Urfanı almağa cəhd etdi.Sultan Yaqubun lələsi Süleyman bəy Bicanoğlunun və Bayandur bəyin başçılığı altında Ağqoyunlu qoşunu Misir Məmlük ordusunu darmadağın etdi, Məmlük sərkərdəsi Yaşbəy öldürüldü, digər Məmlük sərkərdələri isə əsir alındı. Lakin sonrakı il Bayandur bəy Həmədanda üsyana qalxdı və Qum şəhəri yaxınlığında baş verən savaşda Bayandur bəy öldürüldü.
Sultan Yaqub 1486-cı ildə Gürcüstana hücum etdi və Axıska və Xatun qalalarını alandan sonra, zəngin bir qənimətlə geri döndü.
Sultan Yaqub Şirvanşah ilə dostluq əlaqələri saxlamış və Şirvanşah Fərrux Yasarın qızı Gövhər Sultanla evlənmişdir.Atası Uzun Həsəndən fərqli olaraq Ərdəbil şeyxləri ilə xoş münasibət saxlamırdı.1488-ci ildə bibisi Xədicə Bəyimin oğlu Ərdəbil şeyxi Heydər Şirvanşah dövlətinə hücum edəndə, Fərrux Yasar kürəkəni Sultan Yaqubdan kömək istəmişdi.Məhz Ağqoyunlu ordusunun savaşa qatılması sayəsində Şeyx Heydər 1488-ci il iyulun 30-da Tabasaranda dayısı oğlu Sultan Yaqub və Şirvanşah Fərrux Yasarın birləşmiş ordusuna məğlub oldu və həlak oldu.Sultan Yaqub bu hadisədən sonra Səfəvi xanədanının ona qarşı böyük bir təhlükə təşkil etdiyini anlayıb, bibisi oğlu Heydərin oğulları Sultan Əli, İbrahim və İsmayılı bacısı Aləmşah Bəyim (Marta) ilə birlikdə Farsdakı İstəxr qalasına həbs etdirdi.
Sultan Yaqub hakimiyyətinin ilk illərində vergiləri 70 min tümən məbləğində azaltmışdır.Sultan Yaqubun hakimiyyəti dövründə onun vəziri Qazi İsa yeni torpaq-maliyyə islahatını həyata keçirmək üçün plan hazırlamışdı.Bu plana görə soyurqallar ləğv olunacaqdı.Bundan əlavə Elxanlı dövləti (1256-1335) qanunları ləğv olunacaqdı-yəni tamğa da ləğv olunurdu. Lakin bu planlar Sultan Yaqubun anası Səlcuqşah Bəyim tərəfindən öldürülməsi ilə yarıda qaldı, Qazi İsa özü isə daha sonra öldürüldü.
Səlcuqşah Bəyim hakimiyyətə kiçik oğlu Yusifi çıxartmaq üçün yolla getmədiyi hökmdar oğlu Sultan Yaqubu ortadan qaldırmaq niyyətində idi.Bunu həyata keçirmək üçün ən uyğun zamanın Sultan Yaqubun Qarabağda qışladığı vaxt olduğuna qərar verdi.
1490-cı ilin 14 dekabrında Sultan Yaqubun hamamdan çıxarkən yediyi qaysı qurularını zəhərləyir.Ancaq qardaşı Yusiflə birgə yediklərindən hər ikisi zəhərlənir. Bunu öyrənən Səlcuqşah Bəyim əsgərlər tərəfindən öldürüləcəyini bildiyindən tez müdaxilə edib, masadakı qaysılardan yeyir. Nəticədə güclü zəhərdən üçü də zəhərlənərək bir gündə ölürlər. Sultan Yaqubun ölümü ilə Ağqoyunlu dövləti sürətlə tənəzzül edib dağılmağa başlayır. Səlcuqşah Bəyim əri Uzun Həsən, doğma oğulları Sultan Xəlil, Sultan Yaqub və şahzadə Yusifin ölümünə bais olmaqla Ağqoyunlu Azərbaycan İmperatorluğunu məhvə aparır.
Baysunqur Mirzə
Baysunqur Mirzə 1490-cı ildən 1493-cü ilə qədər hakimiyyətdə olmuş Ağqoyunlu dövlətinin IV Sultanıdı. O, Sultan Yaqubun (1478-1490) oğlu və vəliəhdi olmuş, hakimiyyəti dövründə əlində az hakimiyyət var idi, hadisələri idarə edən şəxs isə onun atabəyi və sərkərdəsi olan Sufi Xəlil bəy Mosullu olmuşdur. Sufi Xəlil bəy Mosullu bu mövqeyini 1490-1491-ci illərdə saxlamış,1491-1493-cü illərdə onun yerinə Süleyman bəy Bicanoğlu keçmişdir.
Baysunqur Sultan Sultan Yaqubun (1478-1490) ən böyük oğlu idi.Anası Şirvanşah Fərrux Yasarın (1465-1500) qızı Gövhər Sultan idi. Doğum tarixi 1481-ci il olan Baysunqur Sultan olduğu zaman doqquz yaşında idi,onun üçün atabəyi Mosullu Sufi Xəlil dövlətin idarəsini ələ aldı.O, müstəbid və kinli bir bəy idi.
1490-cı ildə Sultan Yaqub zəhərlənərək öldürüldü.Onun öldüyü gecə Sufi Xəlil hakimiyyətə əsas namizəd olan Sultan Xəlilin oğlu Sultanəli Mirzəni öldürdü. Bəzi əmirlər və şahzadələr isə Uzun Həsənin oğlu Məsih bəyi sultan elan etdilər və onlarla Sufi Xəlil arasında döyüş oldu. Məsih bəy öldürüldü, tərəfdarı şahzadə Rüstəm bəy isə tutulub Əlincə qalasında həbsə atıldı. Beləliklə, Sultan Baysunqur Sufi Xəlilin əli ilə taxta oturdu. Sufi Xəli bəy Mosullu əmir əl-üməra təyin edildi.1491-ci ildə Sufi Xəlilin əmri ilə Qazi İsa Savəci asılaraq edam edildi. Hakimiyyət faktiki olaraq Sufi Xəlilin əlinə keçmişdi.Onun zülm və hakimiyyətindən bezikən bəylər Diyarbəkir valisi Süleyman bəy Bicanoğlu ilə birləşib Sufi Xəlili devirməyi qərara aldılar.
1491-ci ildə Sufi Xəlilə qarşı narazılıqlar başladı.Bunun səbəbi isə Sufi Xəlilin dikbaşlığı zülmü ilə əlaqədar idi.Əmir və sərkərdələrin bir çoxu Süleyman bəy Bicanoğlu ilə birləşdilər və Diyarbəkirdə qiyam qaldırdılar. Üsyanı yatırmaq üçün Sufi Xəlil və Sultan Baysunqur Diyarbəkirə doğru hərəkətə başladılar.
Sufi Xəil uzun müddət idi ki, Diyarbəkirdə olan Süleyman bəy Bicanoğlu ilə düşmən idi.Süleyman bəy Sufi Xəlil ilə illərin düşməni olmaqla birlikdə, Sultan Yaqubun mühafizəçisi və keçmiş baş komandanı olmuşdu. O,1491-ci ildə Diyarbəkirdəki Sufi Xəlilin qohumu Gülabi bəyi məğlub etdi və Sufi Xəlil tərəfə yürüşə başladı.Uzun müddət davam edən toqquşmalardan sonra Sufi Xəlil və adamları Təbrizə geri çəkilməyə başladılar və yolda 29 iyul 1491-ci ildə Süleyman bəyin ordusu tərəfindən məğlub edildilər. Döyüşdə Sufi Xəlil və qardaşı Bəkr bəy öldürüldülər.Lakin Süleyman bəy Baysunqura toxunmadı və onu hökmdar taxtında saxlayaraq özü Sufi Xəlilin mövqeyini götürdü. Baysunqur 1491-ci ildə Süleyman bəy Bicanoğlu ilə birlikdə Təbriz şəhərinə daxil oldu. Onun əmri ilə Xacə Ruhullah Qəzvini maliyyə nazirliyinə,Qara Osman Qorxmaz ibn Qur Məhəmməd Bayandur ordu komandanlığına təyin edildi.
Süleyman bəyin və Sultan Baysunqurun taxtı içəridə də laxlamaqda idi. Ağqoyunlu hərbi elitası Əlincə qalasında həbsdə saxlanılan Rüstəm bəyi hakimiyyətə gətirmək üçün hərəkətə keçdi.Süleyman bəy Bicanoğluna qarşı ilk üsyan Uzun Həsənin ətrafındakılardan və Bayandur elinin əsas əmirlərinin iştirakı ilə ordunun baş komandanı Qorxmazın (həm də Uzun Həsənin qaynı) rəhbərliyi altında Təbrizdə başladıldı. Lakin Süleyman bəy Bicanoğlu üsyanı yatırdı və Qorxmazı edam etdirdi. Qorxmazın edamı Qarabağ qışlaqlarındakı Ağqoyunluları hərəkətə keçirdi.Qorxmazın qardaşının oğlu İbrahim ibn Dana Xəlil (ləqəbi Eybə Sultan) rəhbər seçildi və onun ətrafında rəhbər Ağqoyunlu əmirləri, Səfəvi ordeni tərəfdarları, Pörnək və Qacar tayfaları, həmçinin Mosullu tayfasından sağ qurtulmağı bacaranlar birləşdi və Əlincə qalasındakı Rüstəmi xilas etmək üçün yürüş başlanıldı.Qalanın komandanı olan Pörnək Sidi Əli bəy üsyançılar tərəfə keçdi və dustaq olan Rüstəm bəyi buraxdı. Eyni zamanda Süleyman və Baysunqurun ordusu dağılmaqda, döyüşçüləri qaçaraq Rüstəm bəyin rəhbərliyindəki orduya birləşməkdə idi.Ordusunun zəif olduğunu görən Baysunqur Şirvana qaçıb ana babası Fərrux Yasara sığındı, Süleyman bəy isə Diyarbəkirə getdi. Rüstəm bəy 1492-ci ilin may ayında ordu tərəfindən tərk edilmiş Təbriz şəhərinə daxil oldu.
Ağqoyunlu taxtına iddia edən iki şəxs arasında vasitəçilərin dəstəyi ilə uzlaşma təmin edildi.Gəncə və Bərdə şəhərləri Baysunqura verildi, Rüstəm isə Təbriz və yerdə qalan əraziləri idarə etməyə başladı.1493-cü ilin baharında Şirvanşah dövlətinin dəstəyi ilə Baysunqur taxtını geri almağa çalışsa da, Kür çayı sahilində Eybə Sultan tərəfindən məğlub edildi.Bundan bir qədər sonra Baysunqur Qara Yülük Osman bəyin soyundan gələn İsfahan hakimi Kosa Hacı və Şeyx Həsən ilə birlikdə yenidən Təbriz üzərinə yürüşə başladı.Təbrizin şimalında Eybə Sultan yenə də Baysunquru məğlub etdi. Eyni zamanda Pörnək ordusu Kosa Hacı rəhbərliyindəki Əcəm İraqı üsyanını da yatırdı.Köməkçiləri tərəfindən tək buraxılmış Baysunqur Rüstəm bəyin əsgərləri tərəfindən ələ keçirildi və 1493-cü ildə ögey qardaşı Həsən və Kosa Hacı ilə birlikdə Təbrizdə edam edildi.
Qızılbaşların Baysunqurun taxtdan endirilməsində yardımı
Bayanduri şahzadələrindən olan Uzun Həsənin əmisi oğlu Dana Xəlil və Aybə Sultanın oğlunun əli ilə sərbəst qalan Rüstəm Mirzə 1492-ci ildə Təbrizdə taxtda çıxdı.Baysunqur məğlub olub Şirvana qaçsa da hakimiyyət iddiasından heç də əl çəkməmişdi.
Bundan sonra Rüstəm Mirzə xüsusi bir dəstəni Şeyx Sultan Heydərin övladlarının ardınca göndərdi. İstəxr qalasından həbsdən azad edildilər.
Rüstəm Mirzə Ağqoyunlu qoşunlarının baş komandanı vəzifəsinə tanınmış sərkərdə Aybə Sultan Bayanduru (əsl adı İbrahim bəy) təyin etdi və Şeyx Sultan Əlini də onun tabeliyinə verdi. Aybə Sultanın sərəncamında 20 min nəfərlik qoşun dəstəsi var idi. Bu qoşun dəstəsinin 30 min nəfər olduğu üçün, çox güman ki, bu ordunun 10 min nəfəri sufi müridlər idilər və Sultan Əlinin rəhbərliyi altında döyüşə qoşulmuşdular. Bir digər mənbə göstərir ki, Sultan Əlinin sərəncamında 11-15 min nəfər qızılbaş toplanmışdı. Məsələyə Şirvanşah da qarışdığı üçün Sultan Əli və onun döyüşçüləri təkcə “Baysunqurun fitnəsini dəf etməyə” deyil, həm də Şirvanda qətlə yetirilmiş Səfəvi Şeyxlərinin qanını almağa gedirdilər.
Ardı var