Hərbi qüdrət tariximizdən – Hüseyn xan Naxçıvanski


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

Görkəmli sərkərdə Hüseyn xan Naxçıvanski 1863-cü il iyulun 28-də (9 avqust) Azərbaycan torpağının qədim elm və mədəniyyət mərkəzlərindən biri sayılan Naxçıvan şəhərində anadan olmuşdur O, Kəlbəli xan Naxçıvanskinin oğlu, Ehsan xanın nəvəsidir.Atası on beş yaşına çatanda Hüseyn xanı Sankt-Peterburqa Pajevski korpus məktəbində oxumağa göndərir.O vaxtlar Sankt-Peterburqda çoxlu naxçıvanlı ziyalı yaşayırdı.Onların arasında xan nəslindən olanlar çoxluq təşkil edirdilər. Rusiya İmperatorunun şəxsi himayəsində olan korpus məktəbini Hüseyn xan 1881-ci ildə əla qiymətlərlə bitirir.Həmin ilin avqust ayının 31-də hərbi xidmətə başlayan Hüseyn xan Naxçıvanskini süvari qoşun üzrə əvvəlcə kornet(12.08.1883),1884-cü ildə 30 mayda isə podporuçik rütbəsinə qədər yüksəlir.12.08.1887-ci ildə Poruçik olur.

Onun hərbi istedadı Qacar dövlətinin (1796-1925) də nəzərini cəlb etməyə başlamışdır.1890-cı ildə Nəsirəddin şah Qacar (1848-1896) Hüseyn xan Naxçıvanskini Qacar səltənətinin dördüncü dərəcəli “Şiri-Xurşid”,1895-ci ildə isə zabit xaçlı Rumınya krallığının “Rumın ulduzu”,ondan iki il sonra isə Avstriya-Macarıstan imperiyasının üçüncü dərəcəli “Avstriya –Macarıstan dəmir xaçı” ordeni ilə təltif olunmuşdur. 17.04.1894-cü ildə ştabs –rotmistr,Rotmistr 06.05.1898 hərbi rütbəsinə qədər yüksələn Hüseyn xan Naxçıvanski eskadron komandiri vəzifəsinə təyin edilmişdir.1901-ci ildə Qacar dövlətinin ikinci dərəcəli “Şiri-Xurşid” və 1902-ci ildə Rusiyanın ikinci dərəcəli “Stanislav” ordeninə layiq görülmüşdür.

Polkovnik (06.04.1903) rütbəsi alan Hüseyn xan Naxçıvanski Qacar səltənətinin birinci dərəcəli “Şiri Xorşid”,Bolqarıstanın üçüncü dərəcəli “Hərbi xidmətə görə” və dördüncü dərəcəli “Müqəddəs Aleksandr” ordenləri ilə təltif olunmuşdur.Həmin dövrdə ona çar hökuməti tərəfindən “Müqəddəs Anna “ ordeni də verilmişdir.1904-cü ildə ikinci Dağıstan süvari alayının komandanı olan Hüseyn xan Naxçıvanski rus-yapon müharibəsinin başlanması ilə əlaqədar şərq cəbhəsinə göndərilmişdir.Qeyd etmək lazımdır ki, Hüseyn xan Naxçıvanskinin başçılıq etdiyi alayın tərkibində xeyli Azərbaycan türkü olan zabit var idi.Onların döyüş meydanlarında göstərdikləri qəhrəmanlıqlar barəsində o dövrün mətuatında xeyli məlumata rast gəlmək mümkündür.

1904-cü ildə rus-yapon müharibəsi başlananda Hüseyn xan Naxçıvanski əksəriyyəti qafqazlılardan təşkil olunmuş ikinci Dağıstan süvari alayına komandanlıq edirdi.Polkovnik Hüseyn xanın alayı 1905-ci il yanvarın on dördündə Lan-Lun-Qou kəndi uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi ala bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü sürətli keçərək onları kənddən vurub çıxarmışdılar.Bu güclü döyüş səhnəsi məşhur rəssam Mazurovskinin yağlı boya ilə işlədiyi rəsmdə əbədiləşmişdir.Əsərdə alay döyüşçülərinin qızğın həmləsi və polkovnik Hüseyn xan Naxçıvanskinin obrazı ustalıqla işlənmişdir.

İgid həmyerlimiz,polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarşı göstərdiyi döyüş məharətinə görə üstü yazılı qızıl silah,dördüncü dərəcəli “Müqəddəs Georgi”,bantlı “Müqəddəs Vladimir” və “İgidliyə görə” ordenləri ilə təltif olunmuşdur.O,həmin dövrdə hökumət tərəfindən üstündə “qəhrəmancasına fərqlənməyə görə” sözləri yazılmış xüsusi qızıl ordenə layiq görülmüşdür.

Fliqel-adyutant (04.04.1906) rütbəsi daşıyan Hüseyn Naxçıvanski Birinci dünya müharibəsinə qədər Rusiya imperatorunun elit kavaleriya xüsusi qoşununda xidmət etmişdir.1907-ci ilin martın 31-də xüsusi leyb-qvardiya alayının komandiri olan Hüseyn xana süvari qoşun üzrə general-mayor rütbəsi verilmişdir.Həmin ildə Naxçıvanski rus çarıının xüsusi və hərbi svitasının (əyanlarının) sıralarına da daxil edilmişdir.

İllər keçdi ... 1911-cü ildə may ayının 31-də Hüseyn xana xidmətlərinə görə general-leytenant rütbəsi verilmiş və o,yenidən “Müqəddəs Georgi və Vladimir” ordenləri ilə təltif olunmuşdur.Həmin ildə Ağ qartal” medalına layiq görülən sərkərdə 1915-ci ilin iyul ayının 1-də II Nikolayın general-adyutantı (yavəri) seçilmişdir.

Birinci dünya müharibəsinin başlanması ilə əlaqədar Hüseyn xan Naxçıvanski süvari qoşun korpusunun komandanı təyin olunmuş və Rennenkampfın rəhbərlik etdiyi ordunun tərkibinə daxil edilmişdir.Müharibənin ilk iyirmi gününü təsvir edən Yevgeni Borsukov,general Naxçıvanskinin uğurlu hücumu haqqında yazır: “Bir döyüşdə Hüseyn xan Naxçıvanskinin süvarilərinin beş batalyonu,iki eskadronu,on iki topu İnster çayının o tərəfinə ataraq,iki top və dörd qutu mərmi ələ keçirmişdilər.İnster çayında, Meken,Kraupişken və Lauqaden yaxınlığındakı bərələr tutulmuşdu. “

Naxçıvanskinin süvari korpusunun tərkibi mükəmməl hərbi təhsil almış və varlı təbəqədən çıxmış zabitlərdən ibarət idi.Naxçıvanski 1914-cü ilin avqustunda Şərqi Prussiyaya yürüşlərdə iştirak etmişdir.General-leytenant Hüseyn xan rus süvarilərinin ən yaxşı hissələrinə-birinci və ikinci qvardiya süvari diviziyalarına komandanlıq edirdi.Avqustun on beşindədən iyirmi birinədək məşhur Qumbien döyüşlərini qələbə ilə başa çatdıran Naxçıvanskinin süvariləri,həm də birinci ordunun kəşfiyyat əməliyyatını aparmış və döyüşlərdə onlara kömək etmişlər.Az sonra Hüseyn xanın qvardiya süvariləri Kraupişken şəhəri ətrafında,səkkiz kilometr məsafədə özünə müdafiə mövqeyi tutmuş almanlarla döyüşə girdi.Bu, həlledici döyüş idi.Almanlar bir addım belə geri çəkilmək istəmirdilər.Onlar ilk gündən hücumu şiddətləndirib İnster çayı sahillərini tutmağa can atırdılar.Düşmən tərəf Naxçıvanski süvarilərinin güclü hücumuna tab gətirmədi.İlk dəfə 2-ci kavaler korpusunun eskadronları almanların müdafiə xəttini yarıb bir neçə topunu ələ keçirdi... Çoxlu zabit və əsgər itkisi verən düşmən tələsik geri çəkildi.

Sentyabr ayında almanlar cəhd edirdi ki,iki rus korpusunu birləşdiyi yerdə yaxalasın və onlara qəfil zərbə endirsin.Düşmənin bu niyyətini hiss edən general Naxçıvanski Qordauen-Nordenberq dəmir yolu boyunca mövqe tutaraq şiddətli döyüşləri dayandırmadı.Almanların cəbhəni yarmaq cəhdi baş tutmadı.

1915-ci ildə alman süvari qoşun hissələrinin məhv edilməsində Hüseyn xan Naxçıvanskinin sərkərdəlik məharəti o dövrün mətbuatında öz əksini tapmışdır.1916-cı ilin yanvarın 23-də Hüseyn xan Naxçıvanskiyə süvari qoşun üzrə tam general rütbəsi verilmişdir.Qeyd edək ki, Rusiya imperiyası ordusunda cəmi dörd general rütbəsi (general-mayor, general-leytenant, general və general-feldmarşal) var idi.Ordu içində general rütbəsində olanlar tam general adlandırılırdı.Bəzən də qoşun növünü nəzərə alaraq, hərbçilərə artilleriya generalı,infanteriya (piyada qoşun) generalı və süvari qoşun generalı kimi bir-birindən fərqlənən rütbələr verilirdi.Beləliklə,Hüseyn xan Naxçıvanski süvari qoşun üzrə tam general adına layiq görülmüş ilk Azərbaycan türkü olan hərbi sərkərdədir.O, həmçinin Səməd bəy Mehmandarovdan (1857-1931) sonra tam general rütbəsi almış ikinci Azərbaycan türkü,hərbi döyüş sərkərdəsidir.Mehmandarov artilleriya üzrə tam general adına Hüseyn xan Naxçıvanskidən cəmi doqquz ay əvvəl layiq görülmüşdür.

1916-cı ildə rus ordusunun cənub-qərb cəbhəsində geniş əks hücumu başlandı.Tarixə Brusilov əməliyyatı adı ilə daxil olmuş bu əks-hücum rus qoşunlarının alman ordusunu yarıb keçməsi ilə nəticələndi.Həmin döyüş əməliyyatının həyata keçirilməsində Hüseyn xanın rəhbərlik etdiyi süvari qvardiya korpusunun əsgərləri də böyük qəhrəmanlıqlar göstərdilər.İstedadlı sərkərdə bu dəfə ikinci dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunmuşdur.

Müasir rus hərbi tədqiqatçısı Fyodr Nesterov “İllərin əlaqəsi” (1984-cü il) tarixli-publisistik əsərində əlahəzrətin sadiq generalları sırasında artilleriya generalı N.İ.İvanovun,general qraf Kellerin və general Hüseyn xan Naxçıvanskinin adlarını fəxrlə çəkir.O yazır ki, Rusiya İmmperatoru II Nikolay (1894-1917) manifestə qol çəkib hakimiyyətdən imtina edəndə belə,bu əsilzadə generallar əlahəzrətə teleqramla müraciət edərək bildirirdilər ki,biz həmişə sənə sadiq qalacağıq.İmperator uzun illər boyu bu əsilzadə generallara inanmaqda zərrəcə səhv etməmişdi.

Hüseyn xan Naxçıvanski döyüşən ordu generalı idi.O,bütün rütbə və təltiflərə məhz cəbhələrdə xidmətinə görə yayiq görülmüşdü.O, buyruq və məiyyət generalı deyildi.Hərbçilər daha yaxşı bilirdilər ki,süvari qoşunu üzrə tam ali general rütbəsinə çatmaq nə qədər böyük istedad və sərkərdəlik bacarığı tələb edir.Hüseyn xan Rusiyanın o dövrdəki adlı-sanlı generalları ilə birgə işləyirdi.Şöhrəti bütün Rusiyanı dolaşan,Aleksey Alekseyeiviç Brusilov, Draqomir Mixail İvanoviç, Alekseev Mixail Vasileviç kimi generallar,onun ordu heyətindəki, müharibədəki döyüş xidmətlərini yüksək qiymətləndirirdilər.

28 yanvar 1917-ci ildə Çarskoye Seleda general Hüseyn xan Naxçıvanski ilə imperator II Nikolayın son görüşü baş tutdu.

2 mart 1917-ci ildə Dino dəmir yol stansiyasında imperator II Nikolay taxtdan imtina aktını imzalamağa məcbur oldu.Ali Baş Komandanın qərargahından imperatorun taxtdan imtina etməsi məktubunu aldıqdan sonra general Hüseyn xan Naxçıvanski Ali Baş Komandanın qərərgah rəisi general M.V.Alekseyevə teleqram göndərdi: “ Böyük hadisələr haqqında məlumat bizə gəldi.Xahiş edirəm Əlahəzrətin izi ilə qvardiya süvarilərinə sonsuz sədaqət və hörmətlə Monarxımız üçün ölməyə hazır olmaqdan imtina etməyin.General Hüseyn xan Naxçıvanski”.

Ancaq general-leytenant Alekseyev teleqramı imperatora ötürmədi.General-leytenant Anton Denikin “Rus çətinlikləri haqqında esselərində” qeyd edir:”Çoxlarına təəccüblü və anlaşılmaz görünür ki, əsrlər boyu davam edən monarxiya sisteminin süqutu öz ənənələrində tərbiyə olunan ordu arasında nəinki mübarizəni,hətta ayrı-ayrı fəsadları da yaratmadı.Ordu öz Vendini yaratmadı... Kəskin ehtirazın yalnız üç epizodunu bilirəm:Sankt-Peterburqdakı iğtişaşların ilk günlərində Baş Qərərgah tərəfindən təşkil edilən general İvanovun Çarskoye Selo bölgəsindəki hərəkəti çox təcürbəsiz edildi və tezliklə ləğv edildi.3-cü süvari və qvardiya süvari korpusunun komandanları Keller və Naxçıvanski tərəfindən göndərilən iki teleqram...Hər ikisi də “üsyanı” yatırmaq üçün özlərini və qoşunlarını dövlətin sərəncamına təqdim etdilər...”

Qostovun sözlərinə görə Hüseyn xan Naxçıvanski tərəfindən teleqram göndərmək qərarı bütün zabitlərin rəyini əks etdirdi və korpus bölmələrinin komandanları ilə görüşdə qəbul edildi.II Nikolayın devrilməsindən sonra Hüseyn xan Naxçıvanski Müvəqqəti hökumətin heyətinə xidmət etməkdən imtina etdi.

16 aprel 1917-ci ildə 416 nömrəli əmrlə Müvəqqəti Hökumətin,Ali Baş Komandan təyin etdiyi Aleksey Brusilov,monarxiya hislərində şübhəli bilinən rus ordusunun idarə kadrlarını təşkil edən 47 yüksək rütbəli hərbçini vəzifələrindən uzaqlaşdırdı.Bununla rus ordusu bolşeviklərə qarşı dayanmaq gücünü itirdi.Bir qrup avara yığınının dövləti ələ keçirməsinin yolunu açdı. Vəzifədən uzaqlaşdırılanlar arasında Mühafizə Süvari Korpusunun komandanı,süvari generalı Hüseyn xan Naxçıvanski də var idi.Kiyev qərargahında,1917-ci il iyulun 23-dən isə Sankt –Peterburq hərbi dairəsində rütbə ehtiyatına yazıldı.Oktyabr çevrilişindən sonra adi insan olaraq ailəsi ilə birlikdə Sankt-Peterburqda yaşayırdı.

Sankt-Peterburq İnqilab və təxribata qarşı mübarizə üzrə Ümumrusiya fövqəladə Komissiyasının fərmanı ilə Hüseyn xan 1918-ci il mayın 18-də əks-inqilabi fəaliyyətdə iştirak ittihamı ilə həbs edildi.Sankt-Peterburqdakı Şpalernaya küçəsindəki ilkin saxlama evində tutuldu. Onunla birlikdə Romanovlar sülaləsinə mənsub Böyük Knyazlar Pavel Aleksandroviç,Nikolay Mixayloviç, Georgi Mixayloviç və Dmitri Konstantinoviç həbs edildi.Vaxtıilə Hüseyn xanın əmri ilə xidmət edən Böyük knyaz Qavril Konstantinoviç də orada idi,sonralar İnqilab və təxribata qarşı mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının zindanından qaçmağı bacardı və xatirələrində həbsxananın həyətində gəzinti zamanı Hüseyn xan Naxçıvanski ilə görüşdüyünü qeyd edirdi.

Hüseyn xan Naxçıvanski Böyük knyazlar Pavel Aleksandroviç, Nikolay Mixayloviç və Dmitri Konstantinoviç ilə birlikdə 29 yanvar 1919-cu ildə Petropavlovsk qalasında güllələnərək öldürüldülər.Hüseyn xan Aleksandr Nevski monastrının qəbristanlığında dəfn olunmuşdur.


MANŞET XƏBƏRLƏRİ