Bakıda binada yanğın: 4 ölü, 2-si uşaqdır - VİDEO


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.

Bu barədə qurumun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.

Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dekabrın 5-də, saat 03:15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

"Dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən üçünün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Bir nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub", - deyə məlumatda bildirilir.

***

Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş yanğın nəticəsində 4 nəfər tüstüdən zəhərlənib.

Report-un məlumata görə, hadisə nəticəsində Afət Müzəffər qızı İbrahimova ( 1974), Ramal Niyazi oğlu İbrahimov (2006), Sevinc Fazil qızı Əliyeva (1980) və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) tüstüdən zəhərləniblər.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

/axar.az/


MANŞET XƏBƏRLƏRİ