Vyana toplantısı göstərdi ki, ATƏT dərin və sistemli böhran içindədir


Azay Quliyev

Milli Məclisin deputatı

Bu gün Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurasının ikigünlük iclası başa çatdı. Builki toplantı bir daha sübut etdi ki, təşkilat uzun müddətdir yığılıb qalan struktur və siyasi problemlərin təsiri altında ciddi tənəzzül yaşayır. Tarixən belə zəif iştirak və bu qədər aşağı səviyyədə siyasi maraq ilə müşayiət olunan Nazirlər Şurası iclası, demək olar ki, olmayıb. Həm ATƏT PA-nın Büro iclasında, həm Nazirlər Şurasında edilən çıxışlarda, həm də bir sıra diplomatlarla etdiyim qeyri-formal söhbətlərdə demək olar ki, hər kəs ATƏT-in gələcəyi ilə bağlı ciddi narahatlığını ifadə edirdi.

Bununla belə, iclas Azərbaycan üçün xüsusi bir mərhələ ilə yadda qaldı: ATƏT sədrliyi Minsk qrupunun və ona bağlı bütün mexanizmlərin rəsmən ləğv edildiyini elan etdi. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov iclasda məzmunlu çıxış edərək cənab Prezident İlham Əliyevin liderliyi ilə bölgədə aparılan sülh, təhlükəsizlik və etimad quruculuğu prosesinə diqqət çəkdi. Nazir həmçinin ölkəmizə qarşı ərazi iddiasını ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsinin regional sülhün davamlılığı üçün zəruri olduğunu vurğuladı və Azərbaycanın prioritet hesab etdiyi məsələləri qeyd etdi.

Qürurla qeyd etməliyəm ki, Azərbaycan bu gün ATƏT çərçivəsində prinsipiallığı ilə seçilən, eyni zamanda mövqeyi nəzərə alınan, hörmət edilən, fikrinə istinad olunan nüfuzlu ölkələrdən birinə çevrilib. Bu münasibət Nazirlər Şurasında çıxış edən bir çox ölkə nümayəndələrinin yanaşmalarında da açıq görünürdü.

ATƏT-in nüfuz itkisi və iştirak səviyyəsi

Vyana iclası ATƏT-in hazırkı durumu barədə narahatlıq doğuran real vəziyyəti üzə çıxartdı. Təxminən 20 ölkə xarici işlər naziri səviyyəsində yox, daha aşağı səviyyədə toplantıya qatıldı, ABŞ isə ən aşağı səviyyəli təmsilçi ilə iştirak etdi. Bu, ATƏT-in siyasi çəkisinin və təsir imkanlarının üzv dövlətlər tərəfindən artıq sual altına alındığının ən açıq göstəricisidir.

13 il ərzində ATƏT PA Bürosunun üzvü kimi Nazirlər Şurası iclaslarında iştirak edən şəxs olaraq deyə bilərəm ki, bu qədər aşağı təmsilçiliyə və bu qədər açıq laqeyd münasibətə heç vaxt rast gəlinməmişdir.

ABŞ-dan ATƏT-ə sərt ultimatum

İclasın ən diqqətçəkən məqamlarından biri ABŞ tərəfindən verilən açıq ultimatum oldu. ABŞ Dövlət Departamentinin rəsmisi Brendon Hanrahan bildirdi ki, ATƏT fundamental və real islahatlara başlamasa, Amerika təşkilatda iştirakını yenidən nəzərdən keçirəcək.

ABŞ-ın irəli sürdüyü tələblər bunlardır:

1. 2026-cı il büdcəsinin ən azı 15 milyon avro azaldılması;

2. Üzv ölkələrin daxili siyasi proseslərinə müdaxilə edən strukturların yenidən qurulması;

3. Rusiya ilə real və effektiv münaqişə idarəçiliyi dialoqunun bərpası.

Görün, vəziyyət nə həddə çatıbsa, ATƏT-i uzun illər müdafiə edən və təşkilatın əsas dayaqlarından biri olan ABŞ bu gün artıq onu üzvlükdən çıxmaqla açıq şəkildə təhdid edir. Bu, təkcə ATƏT-in institusional böhranının göstəricisi deyil, həm də multilateralizmin, yəni beynəlxalq əməkdaşlıq və kollektiv təhlükəsizlik modelinin tarixi bir dönüş nöqtəsinə çatdığını göstərir.

Bu tələblər bir daha onu təsdiq edir ki, ATƏT mövcud idarəetmə və fəaliyyət modeli ilə yoluna davam edə bilməz. Təşkilatın gələcəkdə funksional qalması yalnız ciddi, mərhələli və nəticə yönümlü islahatlarla mümkündür.

Şübhəsiz ki, Vyanada baş tutan 32-ci Nazirlər Şurası ATƏT-in son 50 illik tarixində ən kritik mərhələyə keçdiyini, dərin böhranla üzləşdiyini bir daha ortaya qoydu.

Bu gün təşkilat üçün seçim açıqdır: ya özünü yenidən qurub regionun təhlükəsizlik arxitekturasına real töhfə verən instituta çevrilməli, ya da geosiyasi proseslərdən kənara çəkilərək təsir imkanlarını və funksiyanallığını tam itirməlidir.

kürsü ve şunu diyen bir yazı 'OSCE MINISTERIAL COUNCIL 2025 4-5 December Vienn OSCe: SUOMI FINLAND 2025 MgHu IIImmI 32 2nd OSCE Annual Ministerial Council Opening remarks' görseli olabilir


MANŞET XƏBƏRLƏRİ