Ölümə aparan tapşıqırlar: "Mavi Balina" yenidən gündəmdə


Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

Turkustan.az Bakıvaxtı.az-a istinadən xatırladır ki, hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 13 yaşlı Kəmalə Məmmədovanın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb.

Polisin telefon araşdırması zamanı isə məlum olub ki, Kəmalə təhlükəli "Mavi Balina" ("Синий Кит") oyununu oynayıbmış. Son aldığı mesaj isə belə olub: "Bu gün son gündür".

Bu isə həmin oyunun azyaşlıları psixoloji manipulyasiya və şantaj yolu ilə ölümə sürükləməsi barədə narahatlıqları yenidən artırıb.

Oyun iştirakçıların şəxsi məlumatlarını necə toplayır? Psixoloji cəhətdən zəif uşaqlar hansı üsullarla hədəf seçilir? Sosial şəbəkələrdə bu cür qrupların aşkarlanması niyə çətindir?

Bakıvaxtı.az-ın bu və digər suallarını cavablandıran informasiya texnologiyaları (İT) üzrə mütəxəssis Elvin Abbasov deyib ki, “Mavi Balina” 2013-cü ildə Rusiyanın “VKontakte” sosial şəbəkəsində “Ölüm Qrupu” adlı icma vasitəsilə yayılmağa başlayıb. Yaradıcısı artıq ölsə də, oyun müxtəlif formalarda bu gün də davam edir.

Ekspert bildirir ki, oyunun mahiyyəti psixoloji şantaj və psixoloji cəhətdən zəif uşaqların manipulyasiyası üzərində qurulub:

“Əvvəlcə yüngül tapşırıqlarla başlayan proses tədricən ağırlaşır. Kuratorlar sosial mühəndisliklə uşaqları qruplara cəlb edir, daha sonra şəxsi fotoları və videoları tələb edirlər. Bu materiallar sonradan kiberşantaj alətinə çevrilir və ölüm yönümlü tapşırıqlar verilir. Sonuncu tapşırıq "bu gün sənin son günündür, intihar etməlisən" olur. Özünü öldürməyəcəyi təqdirində bu məlumatların yayılacağı bildirilir”.

Elvin Abbasov: Bu oyun psixoloji cəhətdən zəifləri hədəfə alır

E.Abbasov qeyd edib ki, oyunun tətbiqi və ya rəsmi saytı olmadığı üçün onun texniki olaraq qadağan edilməsi mümkün deyil:

“Mavi Balina” hər hansı formada yüklənən proqram deyil. Link formasında sosial şəbəkələrdə mesajlaşma yolu ilə yayılır. Ona görə də qadağan olunmalı bir "fiziki forma" mövcud deyil. Bu da oyunun qarşısını almağı çətinləşdirir”.

Mütəxəssis vurğulayıb ki, əsas risk psixoloji cəhətdən zəif gənclərin manipulyasiya qarşısında aciz qalmasıdır:

“Azyaşlılar kuratorun təsiri altına düşür və şantaj edilə biləcək məlumatları özləri təqdim edirlər. Sonda isə ölüm yönümlü tapşırıqlara məcbur edilirlər”.

Ekspertin sözlərinə görə, bu cür halların qarşısını almağın yeganə yolu ailə nəzarətinin gücləndirilməsi, uşaqların emosional vəziyyətinə diqqət və sosial şəbəkə təhlükəsizliyi barədə maarifləndirmənin artırılmasıdır.


MANŞET XƏBƏRLƏRİ