İŞIQLI ATALI
İnam Ata (Asif Ata) Hüseyn Cavidin yaradıcılığı haqqında məşhur “Yerdəkilərin Göy Həsrəti” (1987) adlı fəlsəfi-tənqidi əsərini yazıb. Cavid mövzusunda bir neçə yazı yazmışam. “Asif Atanın fəlsəfi-bədii tənqidi” əsərimin bir fəsli Atanın Cavidlə bağlı fikirlərinin şərhidir. Cavid nəinki Azərbaycanın, bəşər mədəniyyətinin nadir simalarındandır. O, bənzərsiz göy adamıdır. Onun əsərlərində Göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir – inamlı, inadlı, ilahi…
Hüseyn Cavid yaşadığı çağa, mühitə sığmırdı. Onunla toplum arasında yerlə göy fərqi vardı. O, yerdəkilərin qurtuluşu üçün çalışan göy adamı idi. Onun əsərləri, qəhrəmanları bunu göstərir. Əslində Şeyx Sənan ucalığını Hüseyn Cavid özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini göstərdi. Cavid “Şeyx Sənan”da özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə açıb göstərir. Cavidin Xəyyamı insanları göy idrakına qovuşmağa çağırır. Xəyyam mənəviyyatı zamana qarşıdır. O, zamandan, şəraitdən, mühitdən yüksək həqiqət istəyir. Cavidi oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir yerdəkilərə. Onlara qaranlıqları yaran, idrakın göy səviyyəsi gərəkdir. Şairin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, Göy mənəviyyatına yüksəlirlər.
Cavidin “İblis”indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır. Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz iradi imkanlarına inanmayanlara qarşı vuruşurlar.
Atanın Cavidlə bağlı əsərindən bir hissəni sunuram.
***
İNAM ATA (ASİF ATA)
YERDƏKİLƏRİN GÖY HƏSRƏTİ
(Fəlsəfi-bədii məqam)
II YAZI
(Önü ötən sayımızda)
GÖY AQİBƏTİ
Yüksələn məhv olar, fəqət enməz,
Nuri-həqq daim yanar, sönməz.
Yüksəlirlər, Göyə çəkilirlər, göyləşirlər Sənanlar, Xumarlar;
Yer uçurumundan adlayırlar, Göy ənginliyinə qalxırlar, haqqa doğru uçurlar, “müdhiş səadətə”, “dilbər fəlakətə” çatırlar, xalisləşir, müqəddəsləşirlər; yerdəkilərin inanmadıqları, bilmədikləri, görmədikləri həqiqətə, ədalətə, ülviyyətə ucalırlar.
“Uçmaq yalan, qaçmaq yalan, aldanmayın divanələr,
Mümkün deyil uçsun bəşər” – naşılığına qarşı mənəvi, ruhani uçuş məqamı yaranır – müqəddəs, ülvi.
Yüksəldilər İsa kimi,
İşgəncədən qurtuldular.
Ruhanima röya kimi
Qeyb oldular, qeyb oldular.
Yüksəldilər, yüksəldilər.
Cinə, şeytana, axirətə inanan yerdəkilər göyləşmə möcüzəsinə inanmazlar, çünki bu möcüzədən daxilən uzaqdırlar. Göyləşmə – İnsanlaşma deməkdir; məxluqdan, adamdan ayrılma deməkdir ki, əslində bu səmavi aqibət ən düzgün bəşəri yoldur.
GÖYDƏKİLƏR – YERDƏKİLƏR
Göydəkilərin Göy Həsrəti vüsalla nəticələnir.
Yerdəkilərin Göy Həsrəti ayılacaq, oyanacaq. Göyə can atacaq yerdəkilər, yerdən göyə qədər
Dəyişəcək, göyləşəcək əhvalları – mütləq!
3. PEYĞƏMBƏR GÖYÜ
Göy çağırışı – Hökmü
“Buraxıb əczi, durmadan yüksəl!
Yüksəl, ey şanlı qəhrəman, yüksəl!”
(“Peyğəmbər”dən)
Haqqa çağırır Peyğəmbəri Göy!
Sarsıdan, titrədən, coşduran, vəcdə gətirən, kövrəldən, ağladan, özündən ayıran, özünə qaytaran haqqa çağırır!
Çağırış hökmü səslənir qəti, şiddətli, amansız və Göylü bir inamla Peyğəmbər ruhuna sahib olur. Ruh ehtizazla çırpınır, Göy əhvalı doğulur ömürdə və ömür göyləşir: göy yönlü, Göy idraklı, Göy duyğulu həyat başlayır – sirli, cəzbli, cəfalı, qorxulu, qadalı, parlaq, mənalı.
Təlatüm yaranır ruhda, Göy cəzbinə qovuşur istək, arzu; göyləşir idrak, göyləşir düşüncə, ənginləşir xəyal, səmavi mənalar yağır ürəyə Göy üzündən, nurlanır Peyğəmbər üzü, atəşli Göy hicranı sarsıdır ruhu:
“Yenə sarsıldı müztərib ruhum,
Dur, aman, sanki qəlbi-məcruhum
Şövqü həsrətlə rəqs edər, sızlar,
Onu bir zəhr-xəndə yaldızlar.
Qopuyor ta içimdə bir tufan,
Beynim atəş saçıb durur hər an”.
Göy havası düşür ömrünə Peyğəmbərin, Göy havasına oynayır ruhu, mənliyi, düşüncəsi, Göy işığı düşür ömrünə, müqəddəs xiffət dolur qəlbinə və Göy hökmünə tapınır iradəsi, Göy hökmündə xilas olur xiffətdən:
“Yıx xurafatı, əski bütləri qır,
Kim yol azmışsa, haqqa doğru çağır.
Nərdivanlar yatıb könüllərdən,
Parla, yüksəl vücudi-mütləqə sən!”
Səma kitabının təlatümlü mənası aşkar olur Peyğəmbərə, Göy idrakı oxuyur həmin kitabı və ulduzlu fəzadan Peyğəmbər qəlbinə səmavi mənalar axır.
Çağırış Göyündə hökm səslənir əzəli, möhtəşəm, inadkar:
“Bu qaranlıq mühiti get, parlat!
Tanrı fərmanıdır bu, get söylə!”
Göy əmrindəki mütləqilik, qətilik Göy məqsədinin ucalığına, yüksəkliyinə bərabərdir.
Yüksəkdən, ucadan gəlir bu səs; yüksək, uca mənadan, məqsəddən danışır – uca səslə, uca sözlə! Göy dilində, Göy qaydasında səsləyir Peyğəmbəri.
“Haqqı təbliğ üçün sənin ancaq
Rəhbərin sənəti-kəlam olacaq.
Saçma, həp saçma başqa möcüzələr,
Bu kitab iştə ən böyük rəhbər”.
Göy yarağı – kitabdır, Göy, Peyğəmbəri kitabla yaraqlandırır.
Kitaba çağırır Göy Peyğəmbəri, kitab çağırılır qəlbində Peyğəmbərin və Göyləşir dünyası!
YER ÇAĞIRIŞI – HÖKMÜ
Zora, silaha, qılınca, qana çağırır Yer Peyğəmbəri. Yerdəkilərin silahdan başqa yarağı yoxdur, zordan başqa dərmanı yoxdur, ölümdən başqa nicatı yoxdur…
Vahimədən, qorxudan başqa Göy tanımır yerdəkilər.
Nifrətə çağırır Yer Peyğəmbəri; Hiddətə, qətlə çağırır.
“İnqilab istəyirmisən, mənə bax!
İştə kəskin qılınc, kitabı burax.
Parlayıb durmadıqca əldə silah,
Əzilərsən, qanın olar da mübah.
Eyləməz yardım incə hikmətlər,
Həp sönər busələr, məhəbbətlər.
Əvət, ancaq qılıncdadır qüvvət!
Bundadır haqq, şərəf və hürriyyət!”
Sevməyə, sevilməyə çağırırdı Göy! Əzməyə, əzilməyə çağırır Yer.
Mələk qanadlıydı Göy elçisi! Cəsəd misallıdır Yer loğmanı!
Göy çağırışında ədalət səslənir, Yer çağırışında ədavət!
Göy ruhlu Peyğəmbərə Yer öyüdü verirlər, yerdəkilər Göy səsini eşitmirlər və Peyğəmbər Yer yarağından yapışır, Göylə Yeri birləşdirmək istəyir, Yer əməli qana bulayır saf Amal suyunu, qılıncla suvarılan dünyada Göy alçalır, Yer ucalmır.
Göyləşmirlər, itaətləşirlər adamlar; zor qələbəsi yaranır, ruh qələbəsi yaranmır. Zorla ruhlananlar mütiliyi bərqərar olur. Adamlar Göyə qovuşmurlar, Göydən qorxurlar.
Yer çağırışı Peyğəmbəri Göydən Yerə salır, ancaq Peyğəmbər özünü Göydə görür, Yerdə görmür, Göy çağırışına əməl edən sayır və dəhşətli səhvə yol verir: zorla Göyləşdirmək olmaz, kölələşdirmək olar.
GÖY AŞİQLİYİ
Amala vurulub Peyğəmbər. Amal üçün doğulub, seçilib, Amalda tapıb özümlüyünü, özündən böyüyə qovuşub, böyüyüb. Amalı seçib və Amal üçün seçilib.
Eşqi sonsuz olub və bu səbəbdən də sonsuzluğa seçilib.
Eşqi atəşli olub və bu səbəbdən də atəşliyə seçilib.
Eşqi yüksək olub və bu səbəbdən də yüksəkliyə seçilib.
Amal dəlisi-divanəsidir Peyğəmbər və bu səbəbdən də Amala seçilib.
Amaldan başqa dünyası yoxdur Peyğəmbərin və bu səbəbdən də Amal boyda dünya qazanıb. Özündən keçib Amal üçün, Amala seçilib.
Amal boyda eşqi var Amala:
“Həp mənliyim, kamalım onun,
Həp düşüncəm, bütün xəyalım onun.
Məni həp cəzb edər o incə məlal,
Ah o, yalnız o, qayeyi-amal”.
Yer məhəbbəti var yerdə, Şəmsa adlı Yer atəşi var, ancaq o, Peyğəmbəri yandırmaz, çünki gözəllər gözəli Şəmsanın ülvilər ülvisi Amal adlı rəqibi var, onu kölgələyən, heçə endirən, yox eləyən.
Məğrur, çılğın, işvəkar nazənin var Yerdə Şəmsa adlı,
Ancaq o, Göy gözəli Amalın yanında heç görünmür də.
Sarsılır, hiddətlənir Şəmsa, həm də vurulur Peyğəmbərin gözlərində parlayan səmavi nura, məhv olur, qəhr olur Amala qarşı qoşan aqibətdə.
Göyü seçən Göyə seçilər, Yeri seçən Yerə.
“Səndən arif daha çoxlar var ikən,
Səni seçmiş əcəba tanrı nədən?
– Çünki mən aşiqi-divanəsiyəm,
Mən o hüsnün dəli pərvanəsiyəm!”
Amal hüsnünə vurulan Şəmsa hüsnünə vurulmaz!
Amal hüsnünü gözlə görməzlər, ruhla görərlər.
Ruhun gözüylə dünyaya baxanlar Amalı seçərlər, Şəmsanı seçməzlər.
Göy aşiqləri üçün cismani cazibə seçilməz, ülvi məna seçilər.
Biçimə vurulmazlar alilər, ülvi, səmavi mənaya vurularlar.
Məna hüsnündə ararlar, taparlar səadəti. Mütləqə vurularlar, ancaq Göy sözü tapmazlar, Yer sözüylə onu Allah, Tanrı deyə çağırarlar.
Əslində isə Göy Allahı yoxdur, Yer Allahı var – Mütləqin yanlış ifadəsi.
Mütləqi tapır Peyğəmbər, çünki Mütləq eşqi mütləqdir.
Mütləqi Mütləqlə arayır Peyğəmbər, Mütləqdə tapır.
“Nərdə parlasa haqq, şərəf, vicdan,
Eyilik, doğruluq, gözəllik, inan,
Orda var sevgi, orda var iman!
Orda var şübhəsiz böyük yaradan!”
Səmavi idrak Amal eşqi yaradır. Səmavi mənəviyyat Amal eşqi yaradır.
Səmavi iradə Amal eşqi yaradır.
Göy aşiqinin ömründə Amal göyləşir.
YER MÖMİNLİYİ
Daşdan, ağacdan büt düzəldirlər, bütə iman gətirirlər Yer möminləri.
Üç yüz altmış bütdə bir Mütləqi itirirlər.
Azğınlığı, satqınlığı, qəddarlığı qoruyurlar bütlər.
Torpağa gömülən qadınlıq, yırtıcı qızğınlıq, şərab həvəsi, miskin köləlik, fitnə, fəsad, kütləvi vicdansızlıq törədir Mütləqsizlik.
“Üç yüz altmış büt var ikən,
Bir Tanrıya uymaz insan!”
Cəhalətin, qapısını tay-tay açırlar camaatın üzünə, həqiqətin qapısını bərk-bərk bağlayırlar.
Yerdə tanrılar ordusu tapırlar və tanrısızlaşırlar, vəhşiləşir, naşılaşırlar.
“Öylə bir əsr içindəyəm ki, cahan,
Zülmü vəhşətlə qovrulub yanıyor,
Üz çevirmiş də tanrıdan insan,
Küfrü hal, cəhli mərifət sanıyor”.
Göydən üz çevirənlər Yer fəlakəti törədirlər.
Göy cəzbindən azad olanlar Yer zülmünə cəzb olunurlar.
Göydən uzaqlaşanlar ədalətdən, həqiqətdən, mərifətdən uzaqlaşırlar.
“Məhv edən haqlı, məhv olan haqsız,
Başçıdır xalqa bir yığın cani,
Həp müvafiq, şərəfsiz, əxlaqsız.
Gülüyor nura daima zülmət,
Gülüyor fəzlə qarşı fisqü fücur,
Ah, ədalət, hüquq və hürriyyət
Ayaq altında çeynənib gediyor”.
Bütlər çoxaldıqca ruhsuzlaşır adamlar.
Ağac rəngində, daş rəngində zülmət gəlir həyata.
Ləyaqətsizləşirlər bütpərəstlər.
Yadlaşır, özgələşir, birlikdən ayrılırlar; hərcayiləşir tanrıları, ayinləri, səcdələri.
Sönür inam, ülviyyət.
“İnsanların issız ruhunda parlar
Hər gün yeni bir büt, yeni bir tanrı…”
Hər məqamda təzələşən bütlərdə dönüklük yaşayır.
Yeniləşənlər əslində cahilləşirlər, ruhani əsarətə fəlakətli bir inam yaranır sönük ürəklərdə; yalançı fərəh, vüqar parıldayır naşı gözlərdə.
Həqarətləşir məbəd, dəllallaşır müqəddəslik, səfilləşir etiqad.
“Haqdan keçib altun deyə
Vicdanı satan səfil
Yəhudi köpəyindən də
Alçaqdır, alçaq onu bil!”
Göysüzləşir dünya, dəhşətli Göy həsrəti yaranır yerdə, Peyğəmbərlərin çiyninə ağır bir yük kimi düşür, dərd dağı olub sinəsinə çəkilir, ağladır qəlbini.
“Ah, insanlıq nasıl enmiş,
Nasıl enmiş də, alçalmış,
Vicdanların nuru sönmüş,
Könülləri vəhşət almış”.
Göysüzlərin Göy Həsrəti düşür Peyğəmbərin ömrünə, Göysüzlərin gerçək həyatından uzaq, ona yad, yağı!
GÖY AQİBƏTİ – YER QİSMƏTİ
Daşa tuturlar Peyğəmbəri, nəslə ləkə sayırlar, məsxərəyə qoyurlar, sərsəri çağırırlar.
Qəbahət sayılır Peyğəmbər ülviyyəti. Yer ölçüsündə yox sayılır onun varlığı. Bilinmir, görünmür Göylülüyü.
Yer idrakında yox sayılır səmavi biliyi. Göylüyə istehzasında, nifrətində, hiddətində inamlı, inadlıdırlar yerdəkilər:
Əski adətlərə kin bəslər imiş!
Tanrıdan gəlmiş o bir Peyğəmbər imiş! – deyə gülürlər.
“Nə var, yenə bu əfsunçu
Yeni bir şeymi söylər,
Əvət bu qurnaz oyunçu
Getdikcə tüğyan eylər” – deyə qeyzlənirlər.
Göylülüyə həmləsində, hədəsində, həm də qorxusunda, vahiməsində əlbirdirlər yerdəkilər; həvəsli, şövqlü, şəstlidirlər:
“– Haydı məcnun!
Haydı sərsəm!
Haydı yalançı Peyğəmbər!” – deyə haykırırlar.
Qətlə çatdırmaq diləyirlər Peyğəmbəri; naşı sayırlar, dinsiz sayırlar, xəstə sayırlar Peyğəmbəri. Döyülür, söyülür, tənə selinə düşür, təhqir çamuruna batırılır Peyğəmbər.
“Xəstədir beyni, tədavü lazım” – deyirlər.
“Ona hər gün beş-üç abdal qanıyor,
Hər nə söylərsə, həqiqət sanıyor” – deyirlər.
Miskin adlandırırlar Göy möhtəşəmini. Təlimini “axmaqca yalan”, “dadlı masal” adlandırırlar.
Ölüm harayı şığıyır Peyğəmbərin üstünə amansız, aramsız:
“Ah, o xain məhv olmalı!
İndi cəzanı bulmalı.
Haydı, yoldan çevrilməli.
Susdurmalı, öldürməli!” – deyə çağırır mütəşəkkil nadanlıq.
Dərd yağır başına Peyğəmbərin lənətlə, qəbahətlə, cəhalətlə birgə:
“Sözlərimin təsiri yox,
Hər rast gələn tən ediyor,
Hər kəs gülür mənə.
Bir ovuc əshabdan başqa
Heç kimsə dinləməz məni”.
Dərd yağır başına Peyğəmbərin, fəqət ümid günəşi bir an da sönmür ruhunda, bir an da dönmür yolundan – göy aqibəti düşüb Peyğəmbər ömrünə yer qiymətilə birgə, göy böyüklüyü verilib Peyğəmbərə yer təhqiriylə, işgəncəsiylə bərabər.
Göy aqibəti düşüb Peyğəmbər ömrünə Yer fəlakətiylə birgə, Yer fəlakətindən üstün, Yer fəlakətinə qalib…
(Ardı var)