2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılıb.
Qardaş ölkənin təyyarə qəzasında həlak olanlarn xatirəsinə göstərdiyi bu diqqət Azərbaycanda həssaslıqla qarşılanıb, qəlbləri qürurla, minnətdarlıqla dilə gətirib.
Azərbaycanlı şair Cavid Fərzəli qardaş ölkəyə təşəkkürünü “Salam, Aktau” adlı şeirində ifadə edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Cavid Fərzəli
Ruhunun salamı, Aktauya çatır, Hökümə Əliyeva
Salam, Aktau
Qanım bulanır göy üzünə
Səsim havadan asılır
Əllərim ölümünü gözləyir,
Barmaqlarımda bir ümid çırpınır,
Salam, Aktau
Mənə qucaq açan qollarını
anamdan görmüşəm, anam
Türkistandır.
Yıxılıb kəpənək qanadından
Qaçdım sənə doğru
Dənizin döşündə yatır süd işıqların,
Salam, Aktau
Gərək atlarımızı qanadlandırıb
qalxardıq göy üzünə.
Heç görməzdik balaca
pəncərələrdə ölüm buludunu,
Salam, Aktau
Azadlıq göy üzünü işğal
etməyin adıdırsa,
Mən elə işğalçı olmaq istəyirəm,
Türkistan olmaq istəyirəm
Altay dağlarında,
Uyğur çöllərində,
Salam, Aktau