Dövlətin dağlara dönüşü…


Əkbər QOŞALI

25 Noyabr! Beş ildir bu təqvim günü, bizimçün adilikdən çıxıb – Kəlbəcərin qurtuluş günü, Kəlbəcər Şəhəri Günü kimi yeni məzmun daşıyır. Mübarək olsun! Bu gün Kəlbəcər bir növ Azərbaycanın dağlarda qurulan yeni modeli kimi görülməyi haqq edir.

Deyirlər, “Kəlbəcər” adının anlamında “Gəl, becər”, başqa bir düşüncəyə görə “Çay üstü qala” dayanır. Olsun! Tərtər çayı boyunca qayalarda düzülmüş mağaralar, min illərlə tarixi olan yaşayış izləri, qədim qaya təsvirləri, o cümlədən qədim türk (“runik”) işarə örnəkləri diqqətəlayiqdir, tarixəlayiqdir, gələcəyəlayiqdir…

Kəlbəcər Azərbaycanın ən yüksək dağ şəhəridir. Kəlbəcərin Camışdağ, Dəlidağ zirvələri coğrafi yüksəklik faktı ilə birgə, ulusumuzun dik duruş iradəsinin qayalaşmış formasını təcəssüm etdirir...
Kəlbəcər həm də strateji qovşaqdır: günbatarda Göyçə, Göyçəçevrəsi, quzeydə Daşkəsən-Göygöl, gündoğarda Qarabağ ilə həmhüdud olan Kəlbəcərə nəzarətin bərpası ölkəmizin müdafiə sistemində bel sütununa nəzarət deməkdir.

1993-cü ilin 2 aprelində Kəlbəcər işğal olunanda dünya zalımcasına susdu. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi işğalçı qoşunların Kəlbəcərdən dərhal çıxmasını tələb etsə də, nə İrəvan buna əməl etdi, nə də beynəlxalq təşkilatlar bu tələbə gerçəkçi siyasi mexanizm qazandırdı. Sonucda yüzlərlə dinc sakin qətlə yetirildi, yüzlərlə insan əsir, girov və itkin düşdü, on minlərlə kəlbəcərli respublikamızın onlarca rayonuna səpələnmiş şəkildə “məcburi köçkün”lük yaşamına keçmiş oldu...

Amma tarix təkcə ədalətsizliklə yazılmır, əlbəttə. Əlbəttə, 2020-ci ilin Vətən müharibəsi göstərdi ki, zamanı ulusun iradəsi tamamlayanda “həmişəlik itki” deyilən anlayış yoxdur, yoxdur, illa yoxdur!

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsində Kəlbəcərin rolunu özəlliklə vurğulayırdı. – Bəli, müharibənin ilk günlərindən Kəlbəcərin quzey bölümündə strateji yüksəkliklərin götürülməsi Ermənistan ordusunun manevr imkanlarını məhdudlaşdırdı, Basarkeçər–Kəlbəcər xəttindən istifadəni sıfırladı. Yəni Zəfər həm də Kəlbəcər dağlarında hesablandı, o dağlarda qazanılan üstünlük cəbhənin digər sahələrində hərbi və siyasi sonuclar doğurdu.

10 noyabr 2020-ci il tarixli bəlli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər 15 noyabrda öz yiyəsinin - Azərbaycan dövlətinin bayrağı altına keçməliydi, lakin işğalçılar öz yaramazlığını burada bir daha göstərdi – dəridən-qabıqdan çıxdı – çıxış üçün xahiş-minnətlə daha 10 gün vaxt istədi, bunu yerləşdirmə, daşınma və s. ilə bağladılar. Bax, bu, konkret erməni həyasızlığı, bu həyasızlığın hədd-hüdud tanımamasıydı. Guya xahişə üzləri varıymış… Biz isə qalib eqosu yox, qalib ləyaqəti, Azərbaycan şərəfi nümayiş etdirdik, yıxdığımızı kəsmədik, vaxt verdik və 25 noyabrda nəhayət rədd olub getdilər. Kəlbəcərin öz doğma Azərbaycan bayrağına bürünməsi savaş meydanında qazanılan ləyaqətli üstünlüyün diplomatik masada təsdiqi idi. Lakin işğalçıların Kəlbəcərdən çıxarkən evləri, bağları yandırması, meşələri qəsdən məhv etməsi, ümumən flora və fauna talançılıqları onların həm işğalçı, həm də vandal kimliyinin son nümayişi oldu. Evini yandırıb gedən tərəfin bu torpağa aidiyyəti yoxdur; o torpaq evini bərpa edən ulusundur – bu düz-dünyanın gördüyü gerçəklik oldu.

Bu gün 25 noyabr – Kəlbəcər Şəhəri Günü – artıq Şanlı Zəfərin təqvimdə təcəssüm formalarından biridir. “Kəlbəcərin azad olunmasına görə” medalının təsis edilməsi və minlərlə hərbçimizin bu medalla təltif olunması isə Kəlbəcər adını dövlət mükafatları səviyyəsində əbədiləşdirdi.

Kəlbəcərin bu gününə baxanda düşmən dağıntısının, talanının səviyyəsini (səviyyəsizliyini!) gördüyümüz kimi, bərpa-quruculuq işinin tamam yeni konseptini görürük. 2040-cı ilədək Kəlbəcər şəhərinin Baş Planı, şəhər ərazisinin, əhali sayının, sosial infrastrukturun dəfələrlə artmasını, hətta adambaşına neçə kvadrat-metr yaşıllıq sahəsi düşəcəyini belə nəzərdə tutur. Budur, dağ şəhərimiz Kəlbəcərin adı çəkiləndə sinəmizə sağ çəkilmir – o, artıq “yaşıl şəhər” konseptinin dağlarqoynundakı vitrin örnəyidir.

Kəlbəcər şəhər mərkəzi ilə yanaşı Yanşaq, Zallar, Zar kimi kəndlərin yeni layihələri ilə də dirçəlir. Onlarla, yüzlərlə fərdi ev, məktəb və bağça bərpa prosesini kağızdan çıxarıb gerçək ailə, ocaq yaşamına çevirir. Prezident İlham Əliyevin Kəlbəcərə qürur dolu səfərləri, yaşayış komplekslərinin açılışında məcburi köçkün ailələrinə mübarək açar təqdimləri bu prosesin həm simvolik, həm də ondan irəli praktik dövlətçilik addımı olduğunu göstərir.

İnfrastruktur xəritəsinə baxanda isə Kəlbəcərin sabahı daha aydın görünür. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu, möhtəşəm Murovdağ tuneli, irili-xırdalı onlarla körpü, energetika obyektləri Kəlbəcəri həm ölkənin quru yollar şəbəkəsinə, həm də yaşıl enerji strategiyasına möhkəm bağlayır. Kiçik su elektrik stansiyalarının (“Kəlbəcər-1”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Aşağı Vəng”, “Nadirxanlı”, “Çaykənd” və başqalarının) ardıcıl istifadəyə verilməsi dağ çaylarının axarını həm də milli enerjiyə yönəldir...

İstisu isə ayrıca bir simvoldur. Bir vaxtlar dağıdılmış sanatoriya bu gün çağdaş müalicə-istirahət kompleksi, minlərlə turist üçün ünvan, “İstisu” mineral su zavodu əsasında bir Azərbaycan brendinə çevrilir. Yəni indi Azərbaycan Kəlbəcərdən suyu ilə, havası ilə, enerjisi ilə, sağlamlıq turizmi ilə birgə danışa bilir.

Bu gün Kəlbəcərdə tuneldən çıxan hər maşın, açarı təqdim olunan hər yeni ev, açılan hər məktəb qapısı, işə düşən hər su elektrik stansiyası… eyni həqiqəti söyləyir:
Azərbaycan Kəlbəcərdə öz gələcəyini dağların yaddaşına silinməz şəkildə həkk etdi!

25 noyabr – Kəlbəcər Şəhəri Günü mübarək olsun!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!


MANŞET XƏBƏRLƏRİ