Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində “İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır” fikirləri Ermənistan cəmiyyətində və mediasında rezonans doğurub.
Erməni mediası Azərbaycanın Qərbi azərbaycanlıların Ermənistana öz doğma yurdlarına geri qayıdışı məsələsinin üzərində dayanmasından və gec-tez bu ideyanın da reallaşdırılacağından yazır. Təkcə bunu yazmaqla kifayətlənmirlər və azərbaycanlıların geri qayıdışının yolverilməz olduğunu yazırlar, bu qayıdışı “qorxulu qayıdış” adlandırırlar.
Bəs ermənilər azərbaycanlıların tarixi torpaqlarına geri dönüşündən niyə bu qədər qorxurlar?
![]()
Qərbi Azərbaycandan olan siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, ermənilərin azərbaycanlıların Qərbi Azərbaycana - indiki Ermənistan ərazisinə qayıdışı məsələsinə narahat yanaşmasının bir neçə istiqamətləri əhatə edən səbəbləri var:
“Bunları təhlükəsizlik, demoqrafiya, tarixi yaddaş, siyasi proseslər və mülkiyyət məsələləri üzrə qruplaşdırmaq mümkündür. Ermənistan bu gün faktiki olaraq monoetnik dövlətə çevrilib. Ermənilər hesab edirlər ki, azərbaycanlıların kütləvi şəkildə geri qayıdışı etnik balansın dəyişməsi, siyasi sistemdə təsirli azlıq yaranması, dövlətin çoxmillətli modelə keçidi kimi dəyişikliklərlə nəticələnə bilər.
İkincisi, Ermənistan cəmiyyətində 20-ci əsrin əvvəlinə, Qarabağ müharibələrinə və qarşılıqlı zorakılıq dövrlərinə dayanan dərin qorxular var. Bir çox erməni düşünür ki, azərbaycanlılar qayıdarsa, onlara təhlükə yaranar. Bu yanaşma daha çox emosional və 100 illik düşmənçilik stereotiplərinə əsaslanır.
Ermənilər və Ermənistan hökuməti bilir ki, azərbaycanlıların geri qayıdışı onların mülkiyyət hüquqlarının bərpa olunması məsələsini zərurətə çevirəcək. Çünki azərbaycanlıların Ermənistandan deportasiyadan öncə orada evləri, torpaq sahələri, müxtəlif növ mülkiyyətləri olub. Həmin mülkiyyətlərin qanuni sahibləri geri qayıdıb öz haqlarını tələb edə bilərlər. Buna görə də Ermənistan bu məsələni özü üçün həm iqtisadi, həm hüquqi, həm də siyasi baxımdan riskli hesab edir. Bütün bu və digər məsələlərə görə ermənilər və Ermənistan hökuməti qayıdış mövzusunu daim özlərinə “strateji təhlükə”, “qorxu” kimi təqdim qəbul edirlər”.
Ekspertin sözlərinə görə, azərbaycanlıların öz tarixi vətənlərinə qayıdış hüququ beynəlxalq hüquqa uyğun olsa da, ermənilər bu prosesi “Azərbaycanın Ermənistana təsirini artırmaq” hesab edirlər:
“Əslində, bu məsələ düzgün şəkildə hüquqi əsaslarla, beynəlxalq mexanizmlərlə tənzimlənsə, qayıdış həm mümkün, həm də regionda uzunmüddətli sülhün əsas elementlərindən biri ola bilər”.