Nizami Gəncəvinin əsərlərində tarixi paralellər və müəllifin dövrə baxışı


Vəfa ƏLİYEVA ,
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Zamanın tozlu səhifələrini aralayıb XII əsrinparlaqsimalarından olan Nizami Gəncəvi ilə üz-üzə gəlmək kifayət edir ki, biz həmin dövrün ictimai-siyasi mühiti ilə tanış olaq. O, təkcə bir şair deyil, öz dövrünün filosofunu, tarixçisini və humanistini içində yaşadan bir dahi idi. Gəncənin elm, sənət və siyasət baxımından yüksəliş dövrünü yaşayan Nizami, əsərlərində bu tarixi dövrün nəfəsini yaşadır. Onun “Xəmsə”si yalnız ədəbiyyat abidəsi deyil, həm də orta əsr Azərbaycanının ictimai-mədəni panoramasını əks etdirən canlı salnamədir. O salnamədə ki, dövlətin idarə edilməsi, hökmdar və xalq arasında münasibət, cəmiyyətin aşağı təbəqəsinin hüquqi və sosial vəziyyəti, dövlətin yaradıcı insanlara olan yanaşması əks olunub.

Tarixi mənbələr–xüsusilə Məhəmməd Öhfi, Zəkəriyyə Qəzvini, Həmdullah Qəzvini, Dövlətşah Səmərqəndi, Əbdürrəşid Bakuvi, Əbdülrəhman Cami, Yaqut əl-Həməvi kimi dövrün tədqiqatçılarının qeydləri–Nizaminin yaşadığı Gəncənin elm və mədəniyyət mərkəzi kimi tanındığını göstərir. Burda mövcud olan zəngin kiabxanalar, riyaziyyat və fəlsəfə məktəbləri, əlverişli coğrafi mövqe bir sözlə, bütün bu ədəbi-mədəni mühit Nizami kimi dahinin formalaşmasına əlverişli bir mühit yaratmışdır.

Bütün həyatını doğulduğu şəhərə bağlayan şair elmin, sənətin, şərq ədəbiyyatının, islam ənənələrinin inkişaf etdiyi bir dövrdə Səlcuqlu, Atabəylər, Şirvanşahlar dövlətinin mövcudluğu dövründə yaşamışdı.

Bu ədəbi mədəni mühitin təsir etdiyi, yetişdirdiyi dünya şöhrətli şair öz əsərlərində-“Xosrov və Şirin”də məhəbbətin, “Leyli və Məcnun”da insan azadlığını, “İsgəndərnamə”də isə dövlət idarəçiliyinin tarixi dərslərini verməklə yanaşı, dövrün sosial reallıqlarını da poetik dillə sənədləşdirirdi. Onun yaratdığı qəhrəmanlar tarixi şəxsiyyətlərdən ilham alır, hadisələr isə dövrün ictimai-siyasi mənzərəsini əks etdirirdi.

“Xosrov və Şirin” poemasında şair Sasani imperiyası fonunda padşah, saray intriqaları və idarəçiliyin çətinliklərini təsvir edərkən, həmin dövrün dövlətçilik strukturlarını da poetik şəkildə təqdim edir. Bu, tarixi fonun yalnız dekorasiya kimi deyil, əsərin məzmununa inteqrasiya olunmuş olduğunu göstərir.

Nizaminin “Leyli və Məcnun” və “Yeddi Gözəl” poemasında sosial və mədəni həyatın zəngin təsvirləri vardır: toy mərasimləri, saray ziyafətləri, şəhər və kənd qarşılıqlı münasibətləri, insan münasibətləri — bunlar dövrün adət-ənənələrinin və məişət həyatının aynasıdır.

Misal üçün, “Yeddi Gözəl”də hər biri fərqli rəngdə saraylarda keçirilən ziyafətlər, xanım şahzadələrin nağılları – bunlar şairin dövrünməişət duyğularını, həm də mədəni dəyərləri oxucuya çatdırmasına xidmət edir. Həmçinin folklor motivləri–xalq atalar sözləri, nağıl qəhrəmanlarına istinadlar – Nizaminin əsərlərində görünür.

Bu baxımdan “Xəmsə” yalnız ədəbiyyat deyil, həm də dövrün mədəni sosial tablosudur.

Nizami “İsgəndərnamə” poemasında hərbi fatehlik, imperiya quruculuğu və şair baxışından ideal hökmranlıq mövzularını işləyir. Burada tarixi fiqur–Makedoniyalı İsgəndər sadəcə epik qəhrəman deyil, ideal hökmdar və ümumdünya əlaqələrinin simvoluna çevrilir.

Bu baxımdan, Nizaminin yaradıcılığı təkcə ədəbiyyat tarixinin deyil, həm də Azərbaycan dövlətçilik tarixinin mənəvi yaddaşı kimi qiymətləndirilməlidir. Nəticə olaraq bunu deyə bilərik ki, Nizami söz vasitəsilə xalqın tarixini yazdı və bu tarix daşlarda deyil, misralarda yaşadı.


MANŞET XƏBƏRLƏRİ