Hərbi ekspert Ədalət Verdiyev Qarabağda separatçı rejimin keçmiş “prezidenti” Arayik Harutyunyanın var-dövlətinin miqyası, onun yaxın ətrafının mənimsəmə ittihamları və Ermənistandakı korrupsiya şəbəkələri barədə maraqlı açıqlama verib.
Məlumata görə ekspert bildirir ki, Bakıda ömürlük həbs cəzası alma ehtimalı yüksək olan Arayikin Göyçə gölünün sahilində dəbdəbəli malikanəsi var. Həmin villa “Kapavor” MM-nin Direktorlar Şurasının sədri, “Artsaxın keçmiş şəhərsalma nazirinin oğlu” Arman Hakobcanyanın malikanəsinin yanında yerləşir.
Ədalət Verdiyevin sözlərinə görə, Arayik separatçı rejimin başında durduğu illərdə Armana yüksək vəzifə verib və o, Ermənistan büdcəsindən Qarabağa ayrılan pulların bir hissəsini mənimsəyib. Bu korrupsiya mexanizmi sayəsində Göyçə gölünün kənarında həm Arayikə, həm Armana, həm də onların ailə üzvlərinə bir neçə mülk, o cümlədən villalar tikilib. Ekspert xüsusi vurğulayır ki, hazırda Arayik Bakıda istintaq qarşısında cavab verir, amma Ermənistanın Göyçə Milli Parkının Şorja icmasına aid Draxtik kəndi ərazisindəki villalar hiyləgər və bic erməni məmurlarının sərəncamındadır.

Ədalət Verdiyev öz şərhində Azərbaycan ictimaiyyətinə də mesaj ünvanlayıb:
“Ramiz Mehdiyevə Göyçayda, başqalarına digər bölgələrdə villa tikdirənlər – sabahınız xeyir olsun! Vətəndaşın dərisini soyub ailəsinə villa, maşın, hətta alt paltarı alan şərəfsizlər, əmin olun, tez ya gec növbə sizə də çatacaq.”
Arayik Harutyunyan kimdir?
Arayik Harutyunyan Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz “artsax rejimi”nin “prezidenti” olmuş, Qarabağda separatçı strukturlar quraraq bölgənin hərbiləşdirilməsinə rəhbərlik etmiş əsas fiqurlardan biridir. O, həm 2016-cı il Aprel döyüşlərində, həm 2020-ci il 44 günlük müharibədə, həm də sonrakı təxribatlarda mühüm siyasi və maliyyə qərarlarının qəbulunda iştirak edib.
Müharibə zamanı Azərbaycan mülki əhalisinə qarşı raket hücumlarının bir qismində, o cümlədən Gəncə və Bərdənin bombalanmaslnda onun məsuliyyəti və cinayəti sübuta yetirilib.
Milyonlarla dollar, mənimsənilən yardımlar və zəngin separatçı elita
Musavat.com-un arayışına görə, separatçı rejimin bütün rəhbərləri – Arayik Harutyunyan, Vitali Balasanyan, Samvel Şahramanyan, Ruben Vardanyan, Davit Manukyan, Bako Saakyan və digərləri – həddən artıq böyük sərvətə malikdirlər. Onlar uzun illər:
• Ermənistan dövlət büdcəsindən Qarabağa ayrılan maliyyəni,
• Kilsə fondlarının və erməni diasporunun yardımlarını,
• Humanitar və hərbi təyinatlı maliyyə axınlarını mənimsəyərək şəxsi biznes imperiyası qurublar. Separatçı rəhbərlərin əksəriyyəti Ermənistan və Avropada villa, restoran, bank hesabları, sənaye obyektləri və kommersiya şəbəkələri əldə edib. Eyni zamanda sadə Qarabağ erməniləri isə illərlə səfalət içində yaşadılıb, şüarlarla aldadılıb və “artsax” mifologiyasının əsiri ediliblər.
Arayik Bakıda qalmaq istəyirdi, arzusuna çatır
İddialara görə, Arayik Harutyunyan istintaq dövründə Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib. O, Qarabağdakı hərbi-siyasi sistemin iç üzünü açaraq bütün məsuliyyəti Ermənistan hakimiyyətinin, xüsusilə də baş nazir Nikol Paşinyanın, eləcə də İrəvanın hərbi rəhbərliyinin üzərinə atıb. Bildirilir ki, o, hətta həyatının qalan hissəsini ailəsi ilə birlikdə Azərbaycanda keçirmək istədiyini də bildirib. Bu arzusuna o, ömürlük həbs cəzası almaqla, çata bilər.
Arayikin Göyçə gölündəki mülkü, separatçı elitanın korrupsiya mexanizmləri və Qarabağ ermənilərinin taleyi bir daha göstərir ki, illərdir bölgəni idarə edən xunta rəhbərləri “milli ideya”, “artsax müqəddəsliyi”, “vətənpərvərlik” şüarları altında milyonlarla dollar qazanıb, sadə erməniləri isə yoxsulluğa və təbliğat rejiminə məhkum ediblər.
Musavat.com