ABŞ-ın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə sülh danışıqları aparması Avropa ölkələrində və Ukraynada müəyyən narahatlıq yaradıb.
Alman mediası iddia edir ki, Fransa prezidenti Emmanuel Makronla Almaniya kansleri Olaf Merz arasında baş tutduğu deyilən telefon danışığında Vaşinqtonun Ukraynaya “xəyanət edə biləcəyi” ehtimalı müzakirə olunub.
Bu xəbərlərdən sonra Avropalı siyasətçilər Tramp administrasiyasının nümayəndələrini “ikili oyun oynamaqla” ittiham edən fikirlər səsləndiriblər. Lakin Makron yayılan məlumatları təkzib edərək bildirib ki, ABŞ-a inam davam edir və Vaşinqtonun Ukraynaya dəstəyi həlledicidir.
Maraqlıdır, görəsən ABŞ həqiqətən ikili oyun oynayır? Ukraynaya xəyanət edilirmi?” Turkustan.az olaraq bu sualları siyasi şərhçi Züriyə Qarayevaya ünvanladıq.

Züriyə Qarayeva
Ukraynada gedən müharibənin gedişatı artıq təkcə cəbhə xəttində deyil, böyük güclərin siyasi qərarlarında da müəyyən olunur. ABŞ-ın yeni təhlükəsizlik strategiyası göstərir ki, Vaşinqton Avropanın müdafiə yükünü tədricən Avropanın öz üzərinə ötürmək niyyətindədir. Bu isə o deməkdir ki, ABŞ Ukraynanın təhlükəsizliyini əvvəlki kimi limitsiz şəkildə öz öhdəsinə götürmək istəmir.
Bundan əlavə, Avropa liderlərinin Zelenskiyə “ABŞ-dan konkret təminat almadan razılaşmaya getmə” xəbərdarlığı göstərir ki, Qərb daxilində də ABŞ-ın möhkəm təhlükəsizlik zəmanəti verib-verməyəcəyinə dair ciddi şübhələr yaranıb. Belə bir vəziyyətdə Ukraynada Vaşinqtonun siyasi xəttini dəyişməsi və Kiyevin gözlədiyi qədər sərt mövqedə qalmaması real ehtimal kimi görünür.
Bununla belə, “xəyanət” ifadəsi proseslərin məğzini tam əks etdirmir. ABŞ üçün əsas prioritet risklərin idarə olunması və münaqişənin nəzarətdən çıxmasının qarşısını almaqdır. Vaşinqton Ukraynanı tam şəkildə tək buraxmaq istəmir, lakin müharibənin davam etməsi Amerikanın iqtisadi və geosiyasi yükünü artırdığı üçün kompromis axtarışına girməsi təəccüblü deyil.
Bu baxımdan, ABŞ daha çox öz maraqlarına uyğun “idarə olunan sülh” variantı axtara bilər. Bu isə Kiyevin gözləntiləri ilə üst-üstə düşməyə bilər və nəticədə Ukrayna özünü müəyyən mənada “yarı yolda qalmış” hiss edə bilər.
Aytən Yaşar/ Turkustan.az