-: «Salam, Məş Əhməd dayı yorulmuyasan.»
-: «Sağ ol bala.»
Bir aşağıya baxdı, bir yuxarıya. Hələ vaxt var. Yaxınlaşdı dayım gilin tukanlarının qarşısına. Tez bir oturqa gətirdim oturmasına. Əhməd Şirməmmədli el arasında «Bığlı Məş Əhməd» adıyla tanınmışdı. Uca boylu, bığlı, heybətli bir kişi idi. Heç kəsin haqqını yeməz, heç kəsə də haqqını yedirtməzdi. Dayım öz işində idi.
Evləri məscidin önündə olmasına baxmayaraq bəzilərinə tay məscidi özünə yataqxana ya gəlir qaynağı eləməmişdi; bir yaslarda, bir də iki-üç gün məhərrəmlikdə ya orucluqda gedərdi. Ancaq ki başı öz qəniyində idi.
-: «Ya Allah! Yorulma Məş Əhməd dayı.»
-: «Sizləri görəndə adamın ayrı yerə getməyi gəlmir.»
-: «Məş Əhməd dayı, bağdan gəlirsən. Gönlün çaydan, sudan nə istəsə, buyur.»
-: «Sağ ol bala, işlər nə cür? İşləyirsən yaaa…?»
-: «Yox, Məş Əhməd dayı. Söz verdiyim kimi, haçan iş olsa, yox demək yoxdu.»
-: «Hə bala. Dediyim kimi, kişini işi ilə tanıyarlar. İşləməkdən utanmayacaqsan. Halal çörək kişinin gərəyidir. O da iş ilə olar. Çalış doğru yoldan qazanasan.»
-: «Əhməd dayı, nə olub? Çox yorqun görünürsən, bir az da hüzünlü. Canınızı sıxan nə ola bilər ki? Əlhəmdülillah! Hər şey yerində, uşaqların, hacı xanım. Bağda da bir o qədər işin yoxdu, Allaha şükür! İşi azaldıbsan. Özün də ki maşallah, maşallah! Polad kimi!» Bir ah çəkdi, döndü.
-: «Otur bala, otur. Elə bil göylün ayrı bir söz istəyir. İndi ki belədi, onda yaxşı qulaq ver dediklərimə.» Əlini ağzının üstünə qoyub yavaşcasına boğazını durultduqdan sonra belə başladı:
-: «Artıq rus qoşunları gedib. Neçə müddətdir firqəçilər şəhərləri özləri idarə edirlər. Vəziyyət pis dəyil. Keçinmək olur. Düzdü hər şey yerli yatağında dəyil, amma yenə hərki-hərki dəyil. Şəhərlərdə bir çəki-düzən var. Məktəblər yerində, idarələr yerində. Amma bu mollalarla ərbabların çörəkləri kəsildiyi üçün arasıra aranı qolçomaqların qanmazlıqlarının gücü ilə qata bilirlər. Bu da xalq içrə gileyliklərə nədən olur. Sən demə, yağı düşmən qana doymayıb ki dinc oturmuyub və əcnəbi qüvvələrlə bir olub millətin azadlığını əlindən almaq üçün gecə-gündüz çabalayır. Özünü hər yerə, hər kola-kosa çırpır. Şəhərə hay düşüb Təbrizdən Şahın qoşunları gəlir. Bu qolçomaqlar da bayram edirlər! Pişiklərinə toy tutublar! Əlləri çalır, ayaqları oynayır!
O arada eşitdim Yəzdaninin qapısına yığışıblar. Heç bilmirəm özümü nə təhər Məhəllədən şəhərə çatdırdım. Qan tər içində idim. Yəzdani Xoy şəhərinin xalq oylarıyla (rəylərilə) firqə başçısı olmuşdu. Evi qədim qala içində Cəlali küçəsində idi. Özü uca boylu, yaraşıqlı, savadlı bir ağaydı. Ailəli, iki qız atası idi. Yayılmış şayiələrə görə qonşular hər ehtimala qarşı ailəsini damlardan arxayın bir yolla Naxçıvana qaçırtmışdılar.
Qan tər içində bu kişinin küçələrinə çatdım. Bir xeyli tanıdığım dələ-dülə yığışmışdı. Firqə yandaşları səssiz-samirsiz uzaqlardan baxırdılar. Bu qolçomaq dələlər bətər hay-küy salmışdılar. İçlərində hər aşda noxud olanlar da var idi, cır-cıbıl kimi suyun axarıyla hər yana axanlar. Yəzdaninin yanında bir firqə əsgəri əlində silah dayanmışdı. Yəzdani danışmağa başladı:
-: «Məni siz seçibsiz axı» deyib xatırlatdı. Sonra da belə artırdı:
-: «Sizlər deyildinizmi mən istəməzdim bir barmaq yerinə on barmaq qaldırıb sən bizim başqanımızsan deyib qışqıran? Bəs indi nə oldu?!»
Yığıntının içindən bir yaşlısı önə çıxdı:
-: «Dünən on barmaq qaldırmışdıq, bu gün birini qaldırıb – işarə barmağını yerə tuxşladaraq – səni yerə çırpırıq. Düş köpəkoğlu!»
Yəzdani bəy dedi: «Yekə kişi! Niyə yaman deyirsən? Niyə pis danışırsan?» Bu qoca yaşlı quldur özünə layiq yaman-yovuzu sıralamağa başladı. O çox boş illərdə hər nə yığdığı xıla quyusunun ağzını açıb hər yanı zibillədi. Oracan Yəzdani bəy dözmüşdü. Sıra namus yamanına gəldikdə, bəy pörtüşdü. Sonra bu quldur belə davam etdi:
-: «Düş aşağı! Səni öldürəcəyik.»
Arxa sıralarda olduğuma baxmayaraq onun pörtülməsini sezirdim. Öndəkilər nədən bülmürdülər mən anlaya bilmirdim.
Yəzdani bəy sanki hər nəyin qurtulduğunu o anda görüb sezirdi. Bir bu quldurlar yığıntısına baxıb bir də o yuxarıdan şəhərə son kəz olsun göz atdı, sanki bu cahil milləti qarqıyırdı ya da bunların gələcək günlərinə dərindən yanırdı. Bəlkə də gördüyü işlərini bu nankor millətə əbəs sanırdı. Bilinmir. Amma baxışlarında sonu görməyi görünürdü. Yanında duran əsgərə yaxınlaşıb silahını aldı. Silahın lüləsindən tutub o yaşlı quldura sarı gəldi. Ona dedi:
-: «Öldürəcəksən, gəl öldür. Yaman niyə deyirsən?» Bu yaşlı quldur önə yürüdü. Əlini uzadıb silahı almaq istədi. Əlini uzadaraq böyürdü:
-: «Ver köpəkoğlu. Arvadın belə… qızın belə…»
Yəzdani bəy dərhal silahı çevirib onun ağzının içindən bir güllə vurdu. Sanki qurbağa gölünə daş atdılar. Özlərini aslan görsədən quldurlar bir güllə səsinə qorxaq itlər kimi tir-tir titrəyirdilər. Yəzdani bəy uca səs ilə:
-: «İnsanlıq etmirsiniz, heç olmasa şərəfiniz olsun! Namus yamanı nə deməkdir? – başını aşağıya salaraq – Bilirəm o da yoxunuzdur.» Sonra silahı qalabalığın içinə atdı. Quldurlardan biri silahı götürüb Yezdani bəyə arxadan bir güllə vurub onu öldürdü. İki-üç qanmaz gənc dama dırmaşıb o yazıq əsgəri də aşağı tulladılar. Bu birilər də onu kötək altında dəyənəklə öldürdülər. Məhkəməsiz, sorqusuz öldürdülər. Üstdə olanlara bir kəndir atdılar. Onlar da Yəzdani bəyin cansız bədəninin ayaqlarından bağladılar. Sonra kəndirin qalanını aşağıya tulladılar. Sanki bir böyük zəfər qazanmışdılar. Özlərinə bayram tutmuşdular. Daha bilmirdilər ki ərbablarla mollaların noxdalı qullarıdırlar. Bu işləri ilə noxdalarını daha da sıxladırdılar. Onlar azadlıq nədir bilməzlər ki. Milli mənfəət nədir bilməzlər ki. Milli hökumət nədir bilməzlər ki. Manqurtlaşmış, üzdə özgür görünənlərdirlər. İndilərini bilirlər ki gələcəklərini də bilsinlər? Üzdə insan görünən qanmaz heyvanlardırlar, deməklə qurtulmur oğul!» deyib gözlərinin yaşını sildi.
«Hə, oğul, Yəzdani bəyin damının şərəfəsi uca idi. Aşağıdakı yığıncaq kəndiri çəkib Yəzdani bəyin ölüsünü damın şərəfəsi ilə birlikdə yerə saldılar. Şərəfədən tökülən kərpiclərdən neçə quldur yaralandı. Bular heç özlərinə belə rəhm etmirlər. Harada qalsın başqalarına. Mən özümü güclə qabağa yetirdim. Bir yaşlı, beli bükük, aftafası belindən asılı birisini gördüm. Mən bunu tanıyırdım. Zəmisi Əli Astanasından aşağı şəhərə sarı yol üstündə idi. Hər dəfə şəhərə gedəndə bununla səlam-əleyk edib yorulma deyərdim. Bir gün «Dayı! Aftafanı niyə belivə bağlayırsan?» soruşduqda demişdi:
-: «Təharətdən ötrüdi. Oğul, mən namazımdan qalmaram.»
Adı Qulaməli idi. Evləri Əli Astanasında idi. Pıçağını çıxardıb tez Yəzdani bəyin barmağını kəsib üzüyünü götürdü. Sonra əl atdı cılıqqasındakı saat olan cibini kəsməyə. Dedim:
-: «Qulaməli dayı, nə iş görürsən?»
-: «İstirəm tumanıma yamaq eliyəm.»
-: «Əmi, ölüdən də?»
Döndü: «Nə dedin? Köpəkoğlu! Sən də bulardansan?»
Tez dal-dalı çəkilib qalabalığın içinə girdim. Döndüm Məhəlləyəcən ağlaya-ağlaya qaçdım. Sonralar eşitdim Yəzdani bəyin ölüsünü bir öküz daşıqasına bağlayıb şəhərin küçələrində üç gün yerdə sürümüşdülər. O vaxtlarda yağışlıqda yerlər lığ olmasın deyə küçələrə daş döşəmişdilər. Deyirdilər tamamilə bədəninin ətləri tökülmüşdü.
Şahın qoşunu gələnəcən çoxlarını firqə adıyla haqlı-haqsız, məhkəməsiz – bəzilərini daha çox şəxsi nədənlərə görə – öldürmüşlər. İki nəfər firqə rütbəlisini də Şahın qoşunlarının önündə qurban olaraq başlarını kəsmişdilər. Saymaqla bitmir, oğul! Bitmir.»
Bir daha gözlərinin yaşını sildi. Mən elə bilərdim ki bu cür heybətli kişilər əslən ağlamazlar. Görəsən bu kişi nə ağırlıqda acı görüb ki bunu belə yandırıb yaxır. Bunu belə ağlada bilir? Sonra döndü bir cür murazlı-murazlı hissi ilə, sanki ən sonunda haqlı haqqına çata bilərmiş kimi hissi ilə mənə sarı döndü:
-: «Daha yaxşı! Xalq da bilməsə, olsun. Torpaq bilər ki necə nahaq qanlar onu suvarıb. Yolda qayıdanda yerə düşmüş bir firqə bayrağı var idi. Onu götürüb köynəyimin altında saxladım. Bir gün olar, işə gələr. Allahı nə görübsən? Bəlkə bir gün dalqalanacaq necə demişlər: "Bir kərə yüksələn bayraq bir daha enməz, enməz".»
Gözlərinin yaşını sildi. Oturqadan durdu ayağa. Sanki bir böyük xalq durdu ayağa. Sanki bir böyük yükü çiyinlərindən atmışdı. Sanki borcunu verib vəzifəsini yerinə yetirmişdi. Sanki əmanətini əmin əllərə tapşırmışdı. Gözlərində o həmişəki hüzündən daha xəbər yox idi.
-: «Oğul! Bu günlük görər. Gedim Həsən ilə Hüsenə baş vurum.» deyib düzəldi yola. Ardıca baxa-baxa özümdə bir ağırlıq hissi, bir acı hüzünü duydum. Sanki dünyanın dərdlərini, o hüzünü, o ağırlığı bir heybəyə doldurub çiyinlərimə atıblar.
Murtaza Əhmədoğlu