
Qiymət Məhərrəmli,
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, şair.
Rəhim Əliyev-75
Noyabr ayının 6-da görkəmli ədəbiyyatşünas və dilçi alim, filologiya elmləri doktoru, yazıçı Rəhim Əliyevin 75 yaşı tamam olur. Bu ömür və tale payında nələr yaşayıb, nələrə nail olub, bunu onun həyat və fəaliyyəti ilə tanış olan hər kəs yaxşı bilir.
Gəlin, Azərbaycan ədəbi tənqidinin bu görkəmli nümayəndəsinin yaradıcılıq yoluna qısa bir ekskurs edək: “Ədəbiyyatşünaslıq elminin Rəhim Əliyev”i 1950-ci il noyabrın 6-da Bakının Ramana qəsəbəsində anadan olub. İlk mətbu yazısı professor Yaşar Qarayevin "Səhnəmiz və müasirlərimiz" adlı kitabının təhlilinə həsr olunub. 1973-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunan məqalə ictimaiyyət arasında geniş rezonans doğurur, elmi cameədə müsbət qəbul edilir. Bununla da Rəhim Əliyevin ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyətinə start verilir, bundan sonra elmi-ədəbi-tənqidi məqalələrlə dövri mətbuatda müntəzəm çıxışlar edir.
1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda laborant kimi işə başlayan R.Əliyev, bir il sonra “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, daha sonra tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyət göstərir. 1988-1991-ci illər ərzində institutun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışan ədəbiyyatşünas alim, 2020-ci ildən həmin şöbənin müdiridir.
Rəhim Əliyevin fəaliyyət sahəsi bunlarla məhdudlaşmır. O, müxtəlif illər ərzində Azərbaycan Respublikası Prezident Aparatında məsləhətçi, Teleradio şirkətində sədr müavini vəzifələrində çalışmışdır. 1994-cü ildə C.Cabbarlı fondunun sədri seçilmişdir. 1983-cü ildə “1970-ci illər lirikasının inkişaf meylləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edən Rəhim Əliyevin doktorluq dissertasiyasının mövzusu görkəmli yazıçımız Cəfər Cabbarlı yaradıcılığından bəhs edir. Alim “C.Cabbarlının yaradıcılıq təkamülü: metod, üslub, janr" mövzusunda doktorluq dissertasiyasını 1996-cı ildə müdafiə etmişdir.
R.Əliyevin elmi və ədəbi axtarışları, həm pedaqoji, həm də publisistika sahəsindəki fəaliyyəti ayrılıqda hər biri elmi, bədii və sənədli əsərlər külliyyatına çevrilərək onun ömür dastanını yaratmaqdadır. Senekanın çox sevdiyim belə bir deyimi var: “Həyat uzunluğuna görə deyil, mənasına görə qiymətlidir”.
Mənə elə gəlir ki, belə bir mənalı ömür yaşayan tənqidçi, ədəbiyyatşünas alim Rəhim Əliyevi çoxdan, lap çoxdan tanıyıram. Ta 1982-ci ildən. Bu o zamanlar idi ki, Bakıya yeni gəlmişdim. Həmin vaxtlar kənddə böyüyüb tərbiyə və təhsil görmüş sadə bir kəndçi qızını, yəni kitab aclığı keçirən məni bu boyda şəhərdə demək olar ki, ancaq kitab mağazaları maraqlandırırdı. Əsasən də o mağazalardan bədii əsərləri və ədəbi tənqidlə bağlı kitabları alıb oxumağı olduqca xoşlayırdım. O vaxtlar mağazadan digər müəlliflərlə yanaşı Rəhim Əliyevin “Poeziyanın təbiiliyi” kitabını da almışdım. Sonralar elmi məqalələrimdə bu kitabdan xeyli istinadlarım olacaqdı. Lakin bunlar hələ çox sonralar baş verəcəkdi...
Yuxarıda qeyd etdim ki, mənə elə gəlir Rəhim Əliyevi çoxdan tanıyıram. Tanıdığım müddətdə də gəldiyim qənaət bu cürdür: hər zaman belə düşünmüşəm ki, o, görkəmli ədəbiyyatşünas-alimimiz Yaşar Qarayevin əkiz tayıdır. Nədən ki, elmi kitablarını oxuduqca tədqiqatlarında ədəbiyyatşünaslıq terminlərinin çeşid zənginliyi, dil və üslub məsələsi, elmi problemlərin çözümü istiqamətində aparılan araşdırmaların mürəkkəbliyinə baxmadan məsələnin həlli istiqamətində ürək və can yanğısıyla dünya ədəbiyyatşünaslığı səviyyəsində aparılan tədqiqatların nüvəsinə enmək bacarığı məni təəccübləndirib sözün yaxşı mənasında. Yalnız indi - qismətdən bu böyük insanın rəhbərlik etdiyi şöbədə çalışmağa başladığım bir ilə yaxın müddətdə bilmişəm ki, onun dissertasiya müdafiəsi zamanı elmi rəhbəri məhz professor Yaşar Qarayev olub. Maraqlıdır, yorulmadan apardığı elmi axtarışlar, bu axtarışların məntiqi nəticəsi kimi ortaya çıxan sanballı elmi əsərlərin hər birində Yaşar Qarayev səviyyəli elm xadiminin ustad dəst-xəttini, pozulmaz izlərini müşahidə etmək mümkündür.
Doğrusu, AMEA Əlyazmalar və Folklor İnstitutlarında çalışdığım vaxtlardan fərqli olaraq, yaşımın bu yetkin dövründə birdən-birə AMEA-nın prezidenti İsa Həbibbəylinin verdiyi əmrə əsasən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna dəyişilməyim, həm də məhz Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində işləməyimə qərar verilməsi məni xeyli duruxdurdu. Necə olacaq? Uyğunlaşa biləcəyəmmi? Həm də bu, başqası deyil, elm aləmində öz sözünü yetəri səviyyədə demiş və izini qoymuş görkəmli ədəbiyyatşünas, yazıçı Rəhim Əliyevdir.
Uzaqdan nə qədər tanısam da, elmi cameənin böyük hörmətini qazanmış nüfuzlu elm xadiminin, tələbkar alimin rəhbərliyi altında işləyib özünü doğrultmaq asan məsələ deyil axı! Lakin günlər günləri əvəzlədikcə, fikrimdə yanıldığımı hiss etməyə başladım. Əksinə, mehriban, qayğıkeş, səbrli, eyni zamanda, yetərincə hövsələsiz (nə vaxt özündən çıxacağı və nə zaman yenidən öz əvvəlki əhvalına qayıdacağı bəlli olmaz – Q.M.), bununla belə, səbatlı, güləş çöhrəli bu elm və ədəbiyyat adamının rəhbərlik etdiyi şöbənin əməkdaşı olmaq aqibətini yaşamağa başladım. Burada hər şey mənimçün həm yeni, həm də maraqlı idi: iş otağına girəndə güclə eşidilə biləcək səslə işçilərə salam verib, yumşaq addımlarla, lakin cəld yeriyərək, birbaşa iş stolunun arxasına keçir. Stolun üzərində tanış olması, yaxud imza atılması üçün qoyulan kitab və sənədləri əlinə alıb gözucu nəzər fırlatmaqla yanaşı, kimsəyə sezdirmədən özünü “məşğuldur” kimi göstərsə də, qəfildən müzakirə olunan məsələyə fikir bildirməsi ilə, sanki “bu, hamının baş vura biləcəyi kol deyil, hərə öz işiylə məşğul olsa, yaxşıdır” mesajı verir. Məsələnin bu tərəfi də var ki, hərəni öz dilində danışdırması onu əməkdaşların sevimlisinə çevirib. Diskussiyalara qatılması ilə şöbədə əhval-ruhiyyə bir andaca qalxır. Müşahidəçilik qabiliyyətinə heyrətlənməmək mümkün deyil. Heç nəyi nəzərindən qaçırmaz. “Arifə işarə kifayətdir” prinsipinin daşıyıcısı və önəmvericisidir.
Rəhim müəllim haqqında çox şey yazmaq olar. Onun ədəbiyyatşünaslıq elmi sahsindəki xidmətləri, qazandığı uğurlar barədə çox yazılıb, çox deyilib. Ən dolğun məlumatı və səmimi fikirləri isə Rəhim Əliyevin öz əsərlərindən almaq mümkündür
2008-ci ildə işıq üzü görmüş “Ədəbiyyat nəzəriyyəsi” kitabı müəllifin ali məktəb auditoriyalarında dərs dediyi tələbələrə keçdiyi mühazirə saatlarının məntiqi nəticəsidir. Bu qeydi xüsusi olaraq vurğulamaq istərdim ki, biz adətən ali məktəb müəllimlərimizin mühazirələrində eşitmək istədiklərimizdən daha çox, eşidilməsini arzulamadığımız, əhəmiyyətsiz məsələlərin uzun-uzadı sicilləmələrlə biz tələbələrə sırındığının, təkrarçılıq yolu ilə gəncliyin beyninə yorucu effektlər yükləndiyinin şahidi olmuşuq. Necə deyərlər, “atın qabağına ət, itin qabağına ot qoyulması” ilə üzləşdiyimizdən, sevdiyimiz elm sahələrinə olan maraq və həvəsimizi öldürən dırnaqarası professorlarımızın üzünü belə görəndə gözümüz ağrıyıb həmişə. Təbii ki, bu gün həmin illəri xatırlayıb, sayılıb-seçilən elm xadimlərimizin fəaliyyət və şəxsiyyətinə kölgə salmaq istəməzdim, lakin Rəhim müəllimin Azərbaycan ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrin nə qədər “alayı” (bu ifadəni Rəhim müəllim çox xoşlayır. Bunun təsdiqini xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə hazırladığımız, Rəhim Əliyevin elmi redaktoru olduğu “Elimizin Bəxtiyarı” kitabının nəşrə hazırlanması zamanı gördüm. Kitaba yazdığı “Şeirimizin böyük Bəxtiyarı” adlı ön sözdə işlətdiyi “alayı” ifadəsinə iradımı bildirəndə yazı müəllifinin qəti etirazı ilə qarşılaşdım: “yəni, əsla və əsla bu kəlməyə toxunmaq olmaz!” mənasında. Və düşündüm ki, bir köklü bakılı və yazıçı kimi ola bilsin dialekt sözü olan “alayı”nın Rəhim Əliyevin ömür salnaməsinin hansısa səhifəsində alayı cür yeri var! Odur ki, həmin ifadəni dəyişməyə əlim və üzüm gəlmədi. – Q.M.) önəm daşıdığını göstərmək üçün o dönəmləri xatırlamadan keçə bilmədim.
Rəhim Əliyevin “Ədəbiyyat nəzəriyyəsi” əsərinin “Müəllifdən” adlı giriş hissəsi diqqətimizi xüsusilə çəkir: “İki il əvvəl dostlardan biri mənə Mədəniyyət və İncəsənət Universitetində ədəbiyyat nəzəriyyəsindən mühazirə deməyi təklif etdi. Bu təklifdən oxucunun əlində tutduğu bu kitab yarandı. Ona görə bu təklifi edənlərə öz minnətdarlığımı bildirirəm. Cavanlıqda nəzəriyyə ilə həmişə imkan daxilində, yaxşı kitablar düşdükcə məşğul olurdum. Amma yaşlaşdıqca ədəbiyyata dair öz qənaətlərin sabitləşir və başqa nəzəriyyəçilər adama bir qədər darıxdırıcı görünür. Mühazirələr məni nəzəriyyəyə qaytardı. Bütün kursu demək sistemli bir plan-proqram tərtibini tələb edirdi. Onu hazırlayandan sonra 2006-cı ilin noyabrından kitabı yazmağa başladım. Amma başlayandan bir şey mənə aydın idi: mən dərslik yazmırdım. Ədəbiyyatın nə olduğu barədə öz əsərimi yazırdım. Həm də mühazirələr üçün düzəltdiyim plan əsasında yazırdım. Nəticəsi ortadadır...”
Bəli, nəticə ortadadır və tənqidçi-alim Rəhim Əliyevin Mədəniyyət və İncəsənət Universitetində dediyi mühazirələr əsasında hazırlanmış bu əsərində kitabın annotasiyasında da yazıldığı kimi, marksist nəzəriyyə ehkamlarından imtina edilir, klassik filologiyanın və semiotikanın elmi prinsipləri əsas götürülür. Kitabın orijinal cəhəti nəzəriyyə kursuna ədəbi əsərin təqdimi ilə yanaşı, sözün, obrazın, mifin, yazı dilinin və mətn nəzəriyyəsinin, dilin mənşəyinin izahı ilə bağlı problemlərin də daxil edilməsidir. Rəhim Əliyevin univerisitet auditoriyalarında “yazılmış” akademik səviyyəli “Ədəbiyyat nəzəriyyəsi” adlı həyati predmetlərlə zəngin nəzəri-praktik mühazirələrini dinləmək xoşbəxtliyini yaşamış keçmiş tələbələrini təbrik etməyi özümə borc bilirəm. Bunu da qeyd etməyi özümə borc bilirəm ki, Rəhim müəllim kimi alimin tələbəsi olmaq necə çətin və şərəfli bir məsuliyyətdir! Eyni zamanda, bu həm də böyük zövq və həyat məktəbidir!
Ədəbi fəaliyyəti ilə tam şəkildə yaxından tanış olmasam da, onun nəsr əsərləri ilə tanışlığım bunu deməyə əsas verir ki, təkcə “Tağ ev” sənədli romanı ilə o, görkəmli bir nasir kimi Azərbaycan romançılığına öz möhürünü vurmuş mahir yazıçılarımızdan biridir. Bugünəcən işıq üzü görmüş elmi-tənqidi və bədii əsərlərini gözdən keçirərkən, alimin yenidən öz elmi qənaət və müşahidələrinə üz tutmalı oluruq: “Yazıcılıq və şairlik böyük fiziki enerji tələb edən bir sahədir. Ona görə hər istedadlı qələm adamı yazıçı ola bilmir, çünki yazıçılığa gərək olan yazıb-oxumaq enerjisi sağlam ağıla uyğun olmayacaq dərəcədə böyük iş qabiliyyəti tələb edir. Ona görə ən istedadlılar yox, ən enerjili qələm adamları yazıçı olurlar. Çoxları isə bir necə əsər yazmaqla ömrü boyu təzələrini yazmaq barədə düşünür, lakin bunu edə bilmək üçün enerji və iradələri çatmır və nəticədə həvəskar yazıçı vəziyyətində qalırlar. Yaradıcılıq prosesi əzablı və ağır bir prosesdir. Bəs yaradıcı adamı bu işə sövq edən hansı amillər olur? Bu sualın universal cavabı yoxdur, çünki yaradıcı adamlar şəxsi psixi xüsusiyyətləri, xarakterləri vərdişləri, həyat maraqları baxımından çox müxtəlifdirlər...”
Rəhim Əliyevin bu fikirlərinin onun ömür və yaradıcılıq yolu ilə necə üst-üstə düşdüyünün şahidi olmaq üçün sən demə, təkcə əsərləri ilə tanışlıq kifayət deyilmiş. Həm də nə zamansa bu böyük insan, ziyalı, alim – şəxsiyyətlə eyni ortamı paylaşmaq, eyni mühitdə işləyb çalışmaq, iş üsul və üslubuna şahidlik etmək lazım imiş. Hazırda biz bu mərhələni keçməkdəyik. Aqibətimiz – alın yazımızdır.
Bizim Rəhim müəllimi yubiley yaşı münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və tükənməz yaradıcılıq enerjisi arzulayıram.