Avropa Yayım Birliyi Baş Assambleyasının İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirakına icazə verməsindən sonra bir çox ölkə iştirak etməyəcəklərini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Avropa Yayım Birliyi (AYB) İsveçrənin Cenevrə şəhərində keçirilən AYB-nin 95-ci Baş Assambleyası ilə bağlı yazılı açıqlama yayıb. Bəyanatda qeyd olunub ki, AYB üzvləri “Eurovision Mahnı Müsabiqəsinin səsvermə sistemində “etimad və şəffaflığı gücləndirmək” üçün nəzərdə tutulmuş planlaşdırılmış yeniləmələri təsdiqləyiblər. “Bu səsvermə o deməkdir ki, 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək istəyən və yeni qaydalara əməl etməyə razı olan bütün AYB üzvləri iştirak etmək hüququna malikdirlər”.
Bəyanatda vurğulanıb ki, AYB üzvlərini təmsil edən iştirakçılara noyabrın 21-də elan edilmiş yeni tədbir və ehtiyat tədbirlərindən razı olub-olmamaları ilə bağlı gizli səsvermənin keçirilməsi istənilib, lakin gələn ilki müsabiqədə iştirakla bağlı səsvermə keçirilməyib. Bəyanatda həmçinin, üzvlərin böyük əksəriyyətinin iştirakla bağlı yenidən səsverməyə ehtiyac olmadığı və əlavə tədbirlərlə müsabiqənin planlaşdırıldığı kimi davam etdirilməsi ilə razılaşdığı bildirilib. Səsvermədən sonra yayımçılardan 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirakını təsdiqləmələri istəniləcək və iştirakçıların tam siyahısı Milad bayramına qədər açıqlanacaq.
Aytən Yaşar/ Turkustan.az