İNAM ATA (ASİF ATA) - Yerdəkilərin göy həsrəti


İnam Ata (Asif Ata) Hüseyn Cavidin yaradıcılığı haqqında məşhur “Yerdəkilərin Göy Həsrəti” (1987) adlı fəlsəfi-tənqidi əsərini yazıb. Cavid mövzusunda bir neçə yazı yazmışam. “Asif Atanın fəlsəfi-bədii tənqidi” əsərimin bir fəsli Atanın Cavidlə bağlı fikirlərinin şərhidir. Cavid nəinki Azərbaycanın, bəşər mədəniyyətinin nadir simalarındandır. O, bənzərsiz göy adamıdır. Onun əsərlərində Göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir – inamlı, inadlı, ilahi…

Hüseyn Cavid yaşadığı çağa, mühitə sığmırdı. Onunla toplum arasında yerlə göy fərqi vardı. O, yerdəkilərin qurtuluşu üçün çalışan göy adamı idi. Onun əsərləri, qəhrəmanları bunu göstərir. Əslində Şeyx Sənan ucalığını Hüseyn Cavid özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini göstərdi. Cavid “Şeyx Sənan”da özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə açıb göstərir. Cavidin Xəyyamı insanları göy idrakına qovuşmağa çağırır. Xəyyam mənəviyyatı zamana qarşıdır. O, zamandan, şəraitdən, mühitdən yüksək həqiqət istəyir. Cavidi oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir yerdəkilərə. Onlara qaranlıqları yaran, idrakın göy səviyyəsi gərəkdir. Şairin qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər, Göy mənəviyyatına yüksəlirlər.

Cavidin “İblis”indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır. Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz iradi imkanlarına inanmayanlara qarşı vuruşurlar.

Atanın Cavidlə bağlı əsərindən bir hissəni sunuram.

İŞIQLI ATALI

***

İNAM ATA (ASİF ATA)

YERDƏKİLƏRİN GÖY HƏSRƏTİ

(Fəlsəfi-bədii məqam)

IV YAZI

(Önü ötən saylarımızda)

XƏYYAM GÖYÜ

Xurafat Göysüzlüyü

Həyatın sonunda axtarırdı Göyü xurafat – o dünya Göyündə cənnət bəxş edirdi möminlərə.

Həyatın sonunda dəhşət görür, fəlakət görür, boşluq görür Xəyyam idrakı və üsyan yaradır xurafata qarşı.

“Gördüyün qulpu çamur parçası zənn etmə, saqın,

Bir gözəl boynuna keçmiş qola çox bənzəri var”.

Müdhiş bir qatillik yaşar həyatın sonunda, özülündə, insan cismaniliyinin heçliyə yuvarlanma sonluğu var, tapdalanma, itmə məqamı var. Müdhiş Göysüzlük yaşayır Yerdə, sönmüşlər, solmuşlar, əşyaya çevrilmişlər həqiqəti…

“Bu gözəl yosmaların çeynədiyi

Hər çiçək bir gözəlin göz bəbəyi”.

O dünya – çəmənli, bağ-bağçalı, huri-pərili aləm – göz qabağındadır, çamur parçalarında, çeynənən çiçəklərdə, qara quzğunların qonduğu kəllələrdə, viranələrdə yaşayır o dünya cənnəti, xurafat neməti, əfsun, cazibə bəxtiyarlığı!

“Keçənlər bizə əfsanə qaldı,

Sönüb Cəmşidi-cəm peymanə qaldı.

O parlaq, möhtəşəm kaşanələrdən

Bu gün issızca bir viranə qaldı.

O həqarətlə, toqatlarla yapılmış qablar,

Dünki şahlar, vəzirlər ki, həpsi xəyal”.

Həyatın sonunda ölüm var, həqarətli, qəddar, cismi heçliyə gömürən; həyatın sonunda cənnət yoxdur, o dünya əfsanələrinə qarşı üsyan yaranır Xəyyam inamında və xurafat adlanan şərə qarşı ruhani döyüş peyda olur – kədərli, müdrik, həmişəlik.

“Gənc ömrümü atəşli tikanlar gəmirirkən,

Hər varlığa üsyan edirəm mən.

Üsyan, ölü adət və təriqətlərə üsyan,

Yaldızlı həqiqətlərə üsyan!”

Göy idrakı verilib Xəyyama, Göy idrakıyla baxır Xəyyam Yerə və Yer Göysüzlüyünün dəhşətini hədsiz bir aydınlıqla görür: Göy idrakıyla üsyan eləyir yerdəkilərə, xurafatçılara, xülyaçılara.

Həyatı sevdiyi dərəcədə həyatın sonunu sevmir Xəyyam; Həyatda yaşamağa çağırır, o dünyada yox: xurafata zidd həyatsevərlik təbliğ edir.

“Həyatın özünü sev, sonunu sevmə, o dünyanı sevmə, zəlilləşmə xülya qarşısında!” – deyir.

Yer Göysüzlüyünün dərkindən yaranır Xəyyamın Göyü!

DÖVRAN GÖYSÜZLÜYÜ

Camaatı o dünya havasına oynadan xəlifələr bu dünya ləzzətini iri badələrdə içirlər, o dünya huri-pəriləri əvəzinə nəşələnirlər; zəlillərə, məzlumlara tapşırırlar o dünya nemətlərini, özləri fürsəti əldən vermirlər, harıncasına, zalımcasına Yerdən bəhrələnəyə tələsirlər.

“Etməsin sözlərim fəna təsir,

Sən deyilsən şərəfli bir tacir.

Xalqa cənnət verib o dünyada,

Özün alüdəsən bu dünyadə”.

Xülya zülmətinə bürünür dövran; çapan kim, talayan kim. Qaranlığa qərq edirlər dünyanı xurafatçı həramilər ki, çapsınlar, çalsınlar ruhları.

Göysüzlük zülmətinə qapanır dövran.

MEY GÖYSÜZLÜYÜ

Xurafata qarşı döyüşür meylə Xəyyam!

Xiffətə qarşı döyüşür meylə Xəyyam!

Mey içdirir ki, xurafata baş əyməsinlər.

Mey içdirir ki, xiffətə baş əyməsinlər.

Mey içdirir ki, sərməstlər ayılsın.

Mey içdirir ki, dərdlilər ovunsun.

“Həzrəti-müfti, sizə nisbətdə biz,

Həm ayığıq, həm deyilik nəşəsiz.

Biz içiriz badə, siz insan qanı,

Hankımız, anlat, daha çox vəhşiyiz!”

Mey içdirir ki, cəhalət içməsinlər!

Mey içdirir ki, dərd içməsinlər!

“Çox zaman özlədiyim neylə şərab,

Fikri təbliğ üçün ahəngi-rübab,

Edərək əski xurafata hücum,

Yeni bir fəlsəfə izlər ruhum.

Xalqı gördükdə səfalətdə həmən,

İçərək vaz keçərəm kəndimdən”.

Mey içdirir ki, Yer Allahının üzünə ağ olsunlar, üzlərini ağ eləsinlər.

“Badə ibriqimi qırdın, ya rəbb!

Dərdimi başdan aşırdın, ya rəbb!

Mən mey içdimsə, əcaib bir hal,

Məst olub sənmi şaşırdın, ya rəbb!”

Ancaq meydə Göylük yoxdur! Mey Yer ümididir, Göy ümidi deyil!

Meydə Yer təskinliyi var, Göy inamı yoxdur!

Meylə Yer Göyləşməz, xülyalaşar!

Təzə xülya yaradar mey – köhnə xülya əvəzinə!

Təzə xurafat yaradar mey – əski xurafat əvəzinə!

Bu səbəbdən də qaranlıqdan çıxa bilmir Xəyyam: Göysüzdür mey – çıraq ola bilmir qaranlığa.

“Qaradır gördüyüm əlvan əşya,

Qara, yer, göy, qaradır rəngi-ziya.

Of, qaranlıq bu bəyaz mərmər də,

Nazlı məqbərədə yatan dilbər də.

Həp qaranlıqdır, əvət, sirri-həyat,

Qoca xaliq də qaranlıq, heyhat!”

AZADLIQ GÖYÜ

Azadlığa çağırır Xəyyam. Mənəvi, ruhani, insani azadəliyə, idraki zəncirdən uzaq iradə azadəliyinə.

Özünə sahib olsun insan!

“Xilqətin şənliyi, hər rəngi sizin,

Parlayıb gurlayan ahəngi sizin.

Gömməyin heçliyə fürsət dəmini,

Xoş görün zövqü-səfa aləmini”.

Dünyada özümləşməkdən böyük zövqü-səfa yoxdur.

Xülyalar, xurafatlar insanı özündən ayırır, özgələşdirir.

Özümləşən insan Göy səfasına, zövqünə çatır.

“Paslı, sönük adətlər”dən ayrılanlar səmavi fərəhə çatırlar.

GÖYSÜZLÜK UÇURUMU

“Uçurum, qaranlıq, çıxılmaz yolum”

(“Uçurum”dan)

Yadlaşma Göysüzlüyü

Fransa çiçəyi gərəkdir Cəlala, öz Gövərçini gərək deyil!

Yadlıq, özgəlik çağırır, cəzb edir, qəhr edir Cəlalı.

İşvəli, ədalı qəbahət, xəyanət çağırır, cəlb edir, qəhr edir Cəlalı.

Özgəliyə uymaq var, özgə “calalına” vurulmaq var, bəzəyə, parıltıya tapınmaq var, hərcayi həvəslərdən məst olmaq var Cəlallarda.

Yad Anjel cəzbi gərəkdir Cəlala: “zəhərli çiçək”, atılan, satılan əyləncə, gündə bir budağa qonan Paris quşu, məharətli, yetkin, ismətsiz “ürəkçalan”. Cəzbində qadir, qabil, zəngin, peşəsində parlaq, fəhmli, mahiyyətində miskin, ancaq çağıran, cəlb edən, cəzb edən, qəhr edən iblisanə xilqət.

“Of, bu çılğın öpüşlər

Həyatımı yaldızlar.

Sərsəm könül fərəhdən

Həm rəqs edər, həm sızlar.

Uf, bu gözlər, bu gözlər

Yaxar çılğın ruhumu”.

Gözlərdəki şivə hədsiz, hiylə hədsiz; işvəni görən göz var, hiyləni görən göz yox!

“Gözəllik sərgisinin lətif çiçəyinə” əyilən baş çox, ondakı yapmalığı anlayan baş yox!

Səmavi sözlər deyilir Anjelin şəninə, ancaq onun çoxmüştərili dəllallığına məhəl qoyulmur.

Yadlaşma kəməndinə düşən çox, ondan qurtulan az!

“O gün ki, İstanbulda

Gənclik fransızlaşdı,

Getdikcə türk övladı

Uçuruma yaxlaşdı.

Düşkün Paris modası

Hər gəncə örnək oldu,

Sərsəm firəng ədası,

Sərxoşluq, iffətsizlik

Sardı bütün gəncləri.

Zəhərləndi getdikcə

Məmləkətin hər yeri”.

Sərxoş oldu Cəlallar Anjel ülfətindən, işrətindən. Unutdular qadınlarını, balalarını, əhdlərini, ilqarlarını, yad oldular özlərinə, sarıldılar yadlığa.

“Ah, bu süzgün baxışlar,

Bilsən, nasıl füsunkar!

Gah ruhumu güldürər,

Gah da qəlbimi yaxar”.

Süzgün baxışlardan məkr süzülür, fitnə süzülür – bunu görmürlər sərxoş Cəlallar.

Ruhu güldürən cazibədə ruhu zəhərləyən rəzalət var – bunu görmürlər sərxoş Cəlallar.

Doğmalıq duyğusu ölüb Cəlalların. Doğmalıq simi qırılıb ürəklərində.

Öldürüb Anjellər doğmalığı Cəlallarda, qırıblar doğmalıq tellərini.

Doğmalara dərd gətirib yadlıq – çəkilməz!

İSMƏTLİLƏRİN YER AQİBƏTİ

“Gövərçinəm, Gövərçin,

Ağlaram için-için.

Mən bu qara bəxt ilə

Neçin doğdum, ah, neçin?!”

Günü qara olur ismətlilərin Yerdə, tapdalanır ləyaqətləri, mənlikləri; atırlar, satırlar ismətləri; gözü yaşlı qalırlar ismətlilər, balalarını öldürürlər ərləri çılğın ehtiras dəmində, hərcayilərə, pozğunlara qismət olur ərləri; bəyənilmir, sevilmir əxlaq; düzlük, sədaqət qurban verilir qəbahətə, həqarətə; dönüklər əlində qalırlar vəfalılar; saflıq, məsumluq, təbiilik sayılmır; hiylə, riya cəlb edir təzə kişiləri, günah cəzb edir, günahsızlardan keçirlər, xəyanəti seçirlər.

Mən ağlamazdım, məni ağlatdılar,

Qayğı bilməz könlümü qanatdılar,

Beşgünlük ömrümə ağu qatdılar,

Yar intizarında inlər, ağlaram!

İsməti sevmir yerdəkilər, dişdən dişə keçən qisməti, artığı sevirlər, saf bulaq suyunu sevmirlər, bulanıq çay suyunu sevirlər.

Gövərçinlər ağladıqca Anjellər gülürlər. Anjelə uyan kişilərin əlləri övlad qanına bulanır, övladsız qoyur qadınlarını təzə kişilər, zindan ağırlığında fəlakət düşür ismətlilərin baxtına, dağlanır ismətlilər.

Gövərçinin bu halı

Andırır çox sinirli,

Çox çılğın bir dənizdə

Ümidsiz bir heykəli.

Unudulur əhdi-peymanlar, şaqraq nidalarda səslənən vədlər, yalan çilənir saflığa. Yalnız həqarət sərhəddinə çatır əhdləri təzə kişilərin. Həmin sərhəddə itir andları – namuslarıyla birgə…

Bütün mənliyimin fövqündə yalnız,

Parlar durur ən qanadlı bir ulduz – deyərdi Gövərçinə Cəlal.

Gövərçin, Gövərçin, inan, nə etsəm,

Nərdə bulunsam mən, nə yolda getsəm,

Əsla tapındığım mələkdən dönməm,

Səndən başqa bir kimsəni düşünməm! – deyir Gövərçinə Cəlal.

Anjellər peyda olduqda andlar qeyb olur Cəlallarda.

Təzə kişilər ləyaqətlərini fahişələr ayağına palaz eləməkdə mədənilik tapırlar. İsmətli ismətindən dönmür, ismətsizə ismətsizlik göstərmir, ismətə sədaqətindən əl çəkmir.

Əvət o alçaldısa, mən alçalmam,

Məhv olaram, satqından zövq almam – deyir.

Dönüklüyə qurşanırlar ismətsizlər. Dərd olur ismətlilərə namərdlik.

(Ardı var)


MANŞET XƏBƏRLƏRİ