Müasir dünyada müharibələrin artıq yalnız döyüş meydanlarında aparılmadığı, hərbi əməliyyatların nəticəsini əsasən silah, canlı qüvvə və doğru strategiya ilə yanaşı həm də informasiya amilinin müəyyənləşdirdiyinə dair fikirlər artıq yetərincə şablonlaşıb. Etiraf edək ki, informasiyanın sürətlə yayılması, rəqəmsal platformaların həyatımızın ayrılmaz hissəsinə çevrilməsi və sosial şəbəkələrin milyonlarla insanın əsas informasiya mənbəyi olması yeni bir reallıq formalaşdırıb. Belə bir şəraitdə dezinformasiyaya təkcə yalan xəbər deyil, eyni zamanda cəmiyyətin düşüncəsinə təsir göstərmək üçün məqsədyönlü şəkildə hazırlanan və istifadə olunan strateji vasitə kimi yanaşmaq zərurəti yaranır.
İnformasiya müharibəsinin əsas hədəfi qarşı tərəfin silahlı qüvvələrini deyil, ilk növbədə onun düşüncə məkanını zəiflətmək olur. Müharibə dövründə yayılan saxta məlumatlar insanların qorxu hissini artırmağa, dövlət qurumlarına etimadı sarsıtmağa və cəmiyyətdə xaos yaratmağa xidmət edir. Bu cür hallarda dezinformasiyanın dağıdıcılıq gücü mərmi və ya raket qədər olmasa da, yalan məlumatın yaratdığı psixoloji təsir bəzən müharibələrin nəticəsinə birbaşa təsir göstərə bilir.
Müasir münaqişələrin mahiyyətinə baxdıqda, informasiya cəbhəsinin fiziki cəbhə qədər vacib olduğunu görə bilirik. Müharibələrin gedişində qarşıduran tərəflər sadəcə hərbi üstünlük yox, eləcə də beynəlxalq ictimai rəyin rəğbətini qazanmaq, tərəfdar toplamaq və rəqibi informasiya baxımından təcrid etmək uğrunda da mübarizə aparırlar. Bu səbəbdən, sosial şəbəkə platformaları, xəbər portalları, video paylaşım xidmətləri və digər rəqəmsal resurslar informasiya mübarizəsinin əsas alətlərinə çevriliblər.
Bəli, dezinformasiyanın ən təhlükəli cəhətlərindən biri onun emosiyalar üzərində qurulmasıdır. İnsanlar qorxu, qəzəb və ya narahatlıq doğuran məlumatlara daha tez reaksiya verir və onları dəqiqləşdirmədən paylaşmağa meylli olurlar. Məhz buna görə də informasiya manipulyasiyasının müəllifləri ilk növbədə insanların hisslərinə nüfuz edəcək məzmun hazırlamağa üstünlük verirlər. Saxta fotoşəkillər, kontekstdən çıxarılmış fikirlər, montaj edilmiş görüntülər, süni intellekt vasitəsilə yaradılmış materiallar bu məqsədə xidmət edən vasitələrdəndir.
Psixoloji təsir informasiya müharibəsinin ayrılmaz hissəsidir. Əgər cəmiyyətə davamlı olaraq bədbinlik, ümidsizlik və inamsızlıq təlqin olunursa, bu, insanların qərarvermə qabiliyyətinə də təsirsiz ötüşmür. Müharibə şəraitində belə təsirlər əhalinin ruh yüksəkliyini azaltmağa, ordunun nüfuzunu zəiflətməyə və dövlətin qəbul etdiyi qərarların doğruluğunu şübhə altına almağa yönəlir. Konkret ifadə olunsa, dezinformasiya müəllifləri bununla insanların düşüncəsini dəyişdirməyə cəhd edirlər.
Siyasi proseslər zamanı da oxşar metodlardan geniş istifadə olunur. Seçkilər, referendumlar, beynəlxalq danışıqlar və ya mühüm siyasi qərarlar ərəfəsində məqsədli şəkildə yayılan saxta məlumatlar ictimai rəyi çaşdırmağa xidmət edir. Bu isə demokratik proseslərin sağlam şəkildə inkişaf etməsinə mane olur.
Qeyd olunduğu kimi, texnologiyanın inkişafı informasiya manipulyasiyasının imkanlarını daha da genişləndirib. Süni intellekt əsasında hazırlanan "deepfake" görüntüləri, avtomatlaşdırılmış sosial media hesabları və koordinasiyalı dezinformasiya kampaniyaları artıq informasiya təhlükəsizliyi üçün ciddi çağırış hesab olunur. Bu texnologiyalar vasitəsilə həqiqətə çox bənzəyən saxta məzmun yaratmaq xeyli asanlaşdığı üçün insanların doğru və saxta məlumatı bir-birindən ayırmaları getdikcə çətinləşir. Məhz buna görə də informasiya təhlükəsizliyinə yalnız texniki deyil, eyni zamanda cəmiyyətin intellektual hazırlığı ilə bağlı olan məsələ kimi yanaşılmalıdır.
Bu təhlükələrin qarşısının alınmasında peşəkar jurnalistikanın rolu xüsusi qeyd olunmalıdır. Etibarlı mənbələrə əsaslanan xəbərlər, faktların dəqiqləşdirilməsi və informasiyanın obyektiv təqdim olunması dezinformasiyanın təsir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Unutmayaq ki, jurnalistikanın əsas missiyası yalnız xəbəri çatdırmaq deyil, həm də ictimai etimadı qorumaqdır. Məhz buna görə peşəkar media informasiya müharibəsinin ən mühüm müdafiə xətti hesab olunur.
Bu vacib məsələ ilə bağlı mövqeyini bölüşən “Editor.az” informasiya portalının baş redaktoru Fərid Şahbazlının sözlərinə görə, müharibə və siyasi proseslər zamanı dezinformasiya çox ciddi siyasi təbliğat alətinə çevrilir:
“Hazırda informasiya məkanında fəaliyyətin ən mühüm istiqamətlərindən birini məhz dezinformasiya ilə mübarizə təşkil edir. Xüsusilə, müharibə və siyasi proseslərin gedişində dezinformasiyadan siyasi təbliğat aləti kimi çox geniş istifadə olunur. Artıq qəti şəkildə nəzərə almalıyıq ki, günümüzün dəyişməz reallığı olan sosial şəbəkələr, obrazlı desək, çoxdan sosiallıqdan çıxaraq amansız siyasi-ideoloji rəqabətin poliqonuna çevrilib. O baxımdan, təəssüf ki, qeyd olunan proseslər zamanı mübarizənin əsas “cəbhə”lərindən birinin sosial şəbəkələrə daşınması xeyli adiləşib”.
O, Azərbaycanın da zaman-zaman bu müstəvidə əsassız hücumlara məruz qaldığını və ölkəyə qarşı yönələn dezinformasiyaya qarşı təsirli mübarizə aparıldığını vurğulayıb:
“Bu məsələyə sırf müharibələr kontekstində nəzər salsaq xatırlayarıq ki, 2020-ci ildə Azərbaycanın möhtəşəm Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsində qarşı tərəf təbliğat müstəvisində ölkəmizə qarşı ardıcıl şəkildə dezinformasiya siyasəti həyata keçirməyə çalışırdı. O zaman bu siyasət iki istiqamətə ayrılırdı. Birinci istiqamət üzrə saxta məlumatlarla Azərbaycan ictimai rəyini çaşdırmağa, cəmiyyətdə ruh düşkünlüyü yaratmağa, Ordumuza qarşı inamsızlıq təlqin etməyə, cəbhədəki vəziyyətlə bağlı həqiqətdən uzaq informasiyaların yayılmasına cəhd göstərilirdi.
Digər tərəfdən isə sosial şəbəkələr və beynəlxalq media üzərindən Azərbaycanın haqlı mübarizəsini şübhə altına almaq, ölkəmizin beynəlxalq hüquqa əsaslanan öz ərazi bütövlüyünü işğaldan azad etmək siyasətinə qara yaxmaq, Azərbaycanın guya bu zaman dinc əhalini və mülki infrastrukturu hədəfə aldığına dair rəy formalaşdırmaq kimi sırf dezinformasiya fəaliyyətləri vardı. Əlbəttə, bu cəhdlər ümumilikdə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq, imicini zədələmək, haqq mübarizəsinə kölgə salmaq, həmçinin üçüncü ölkələri bu müharibəyə cəlb etmək məqsədi daşıyırdı.
Xüsusi məmnunluqla qeyd edə bilərik ki, Azərbaycan dövləti və xalqı bu informasiya terroruna qarşı ardıcıllıq və yüksək effektivliklə mübarizə apararaq onun prosesə təsir göstərməyinə imkan vermədi. Yəni Azərbaycanın nümunəsində bilavasitə şahidi olduq ki, belə neqativ fəaliyyətlərə qarşı zamanında operativ mövqe ortaya qoyulmazsa, bu, çox ağır nəticələrə gətirib çıxara bilər”.
F.Şahbazlı qeyd edib ki, müvafiq dövlət qurumlarının və aidiyyəti şəxslərin öz fəaliyyətlərində dezinformasiya təhlükəsinə xüsusi diqqət yetirmələri son dərəcə vacibdir:
“Təsadüfi deyil ki, bu gün qardaş Türkiyə də daxil olmaqla, dünyanın bir sıra ölkələrində dezinformasiya ilə mübarizə üçün dövlət səviyyəsində xüsusi mərkəzlər yaradılıb. Bu addımlar dezinformasiyanın informasiya mühitində necə pozucu bir rol oynaya biləcəyinə dair aydın təsəvvür yaradır.
Hesab edirəm ki, hər bir ölkənin və müvafiq dövlət qurumlarının, aidiyyəti şəxslərin öz fəaliyyətlərində dezinformasiya təhlükəsinə xüsusi diqqət yetirmələri son dərəcə vacibdir. Yayılan hər hansı dezinformasiyaya anında reaksiya verilməli, cəmiyyətdə yanlış rəy formalaşmaması üçün konkret məsələyə dərhal aydınlıq gətirilməlidir. Çünki hazırda saxta məlumatlar özlərinin yayılma sürətinə görə ən təhlükəli virusları da qabaqlayırlar. Dezinformasiyaya qarşı cavab addımının gecikməsi onun nəticələrinin aradan qaldırılmasını xeyli çətinləşdirir”.
A.Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dezinformasiya ilə mübarizənin təşviqi" layihəsi çərçivəsində hazırlanıb.

Məqalələrin məzmununda əks olunan fikirlərə görə “Jurnalist Araşdırmaları Mərkəzi” məsuliyyət daşıyır. Fikir və mülahizələr Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.