İstanbul Ailə Təbabəti Assosiasiyasının (İSTAHED) Elm və Peyvənd Komissiyalarının üzvü, Dr. Selda Handan Karahan İnsan Papilloma Virusu (HPV) və onun yaratdığı sağlamlıq riskləri barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, 200-dən çox növü olan HPV geniş yayılan virus qrupudur və əsasən dəri təması yolu ilə ötürülür. İnsanların təxminən 80 faizi həyatının müəyyən mərhələsində HPV-yə yoluxur.
Karahan bildirib ki, HPV infeksiyası əksər hallarda heç bir əlamət yaratmır və immun sistemi virusu adətən 1-2 il ərzində orqanizmdən təmizləyir. Buna görə bir çox insan yoluxduğundan xəbərsiz olur və virusu başqalarına ötürə bilir.
Bununla yanaşı, bəzi HPV növləri genital ziyillərə, daha yüksək riskli növlər isə ağız və boğaz, uşaqlıq boynu, vagina, vulva, anus və penis xərçənglərinə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, uzun müddət orqanizmdə qalan HPV infeksiyası uşaqlıq boynu hüceyrələrində dəyişikliklərə və xərçəngönü lezyonların yaranmasına gətirib çıxara bilər. Bu dəyişikliklər müalicə olunmadıqda zamanla xərçəngə çevrilə bilər. Karahanın sözlərinə görə, bu proses adətən 15-20 il ərzində inkişaf edir.
Aytən Yaşar/ Turkustan.az