“Tarix” fənninin tədrisi dəyişdirilməməli, əksinə, daha ətraflı və dərindən aparılmalıdır”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın təhsil naziri Janna Andreasyan Baş nazir Nikol Paşinyanın “Real Ermənistan” ideologiyası barədə açıqlamasından sonra məktəb proqramlarının yenidən nəzərdən keçirilib-keçirilməyəcəyi, “Ararat” və “Qərbi Ermənistan” ifadələrinin dərsliklərdən çıxarılıb-çıxarılmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
“Bu, bizim tariximizdir və onun tədrisini azaltmaq və ya nəyisə dəyişmək əvəzinə daha ətraflı və dərindən etməliyik. Tarixi bütün təfərrüatları ilə bilməli və təhlil etməliyik. Buna görə də məzmun baxımından hansısa ixtisarlardan danışmağın mənası yoxdur”, - nazir bildirib.
Andreasyanın sözlərinə görə, bu məsələ “Erməni xalqının tarixi” fənninin “Ermənistan tarixi” ilə əvəzlənməsi zamanı da müzakirə olunub:
“O zaman bizim tariximizə necə baxmalı olduğumuzla bağlı əsas istiqamətlər müəyyənləşdirildi. Buna isə bugünkü Ermənistanın mövqeyindən yanaşmaq, ayrı-ayrı tarixi hadisələrin dövlətin və xalqın taleyində hansı rol və əhəmiyyət daşıdığını anlamaq lazımdır”.
2024-cü ilin yanvarında Baş nazir Nikol Paşinyan məktəblərdə “Tarix” fənninin tədrisində Ermənistan dövlətçiliyinin tarixinə daha çox diqqət yetirilməsinin vacibliyini bildirmişdi. Bundan sonra Təhsil Nazirliyi fənnin adının dəyişdirilməsini təklif etmiş, bu isə erməni cəmiyyətində birmənalı qarşılanmamışdı.
Xatırladaq ki, “Qərbi Ermənistan” və “Ararat” ifadələri Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edir. “Real Ermənistan” ideologiyasına gəlincə, Paşinyanın öz iddiasına görə, bu konsepsiya hazırkı sərhədlər daxilində olan ölkəyə əsaslanır, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını rədd edir./teleqraf