Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə türkiyəli mütəxəssis Dr. Erdal Irmak son dövrlərdə uşaqlar arasında əl, ayaq və ağız xəstəliyinə yoluxma hallarının artdığını bildirib.
Turkustan.az xəbər verir ki, pediatrın sözlərinə görə, xəstəlik xüsusilə körpələr evi, uşaq bağçaları, parklar və oyun meydançalarında uşaqlar arasında asanlıqla yayıla bilər. Xəstəlik əsasən qızdırma, səpgi və ağız boşluğunda yaranan yaralarla özünü göstərir.
Dr. Irmak bildirib ki, xəstəlik əksər uşaqlarda yüngül keçir və bir müddət sonra öz-özünə sağalır. Lakin yüksək hərarət və ağız boşluğundakı yaralar səbəbindən kifayət qədər maye qəbul edə bilməyən uşaqlarda vəziyyət ağırlaşa bilər.
Mütəxəssisin sözlərinə görə, simptomlar adətən yoluxmadan bir neçə gün sonra ortaya çıxır. Əllərin ovuclarında və ayaqların dabanlarında qızartı və maye ilə dolu qabarcıqlar yarana bilər. Bəzi uşaqlarda isə səpgilər omba və anus ətrafında da müşahidə olunur.
Aytən Yaşar/ Turkustan.az