Erməni silahlı birləşmələri tərəfindən törədilən və tarixə qanlı faciə kimi düşən Ballıqaya qətliamından 34 il ötür.
Turkustan.az xəbər verir ki, 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələrinin diversiya dəstəsi tərəfindən dinc azərbaycanlılara qarşı qətliam törədilib.
Hadisə səhər saat 05:00 radələrində baş verib. Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq burada məskunlaşan, əsasən Laçın rayonundan olan mülki şəxslərə silahlı hücum edib.
Qətliam nəticəsində 24 azərbaycanlı mülki şəxs öldürülüb, 9 nəfər isə ağır yaralanıb. Qətlə yetirilənlər arasında uşaqlar, qadınlar və yaşlılar olub. Həlak olanların bəzilərinin meyitlərinin yandırıldığı bildirilir.
Faciə nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib. Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da olub.
Ballıqayada kimlər qətlə yetirilib?
Ballıqaya qətliamında öldürülən 24 nəfər arasında 6 uşaq, 13 qadın və 6 yaşlı şəxsin olduğu qeyd edilir. Siyahıda bəzi şəxslərin həm qadınlar, həm də yaşlılar kateqoriyasında təkrar göstərilməsi səbəbindən ümumi rəqəmlər üzrə fərq yarana bilər.
Qətlə yetirilən azyaşlılar:
Hümbətov Elçin Vəzir oğlu – 12 yaş
Hümbətov Bəxtiyar Vəzir oğlu – 10 yaş
Hümbətov İsmayıl Vəzir oğlu – 8 yaş
Hümbətov Nəvadi Vəzir oğlu – 6 yaş
Hümbətova Gülnar Vəzir qızı – 4 yaş
Hümbətov Canpolad Vəzir oğlu – 6 aylıq
Qadınlar arasında:
Abdullayeva Səadət Abdulla qızı – 19 yaş
Mehdiyeva Ayna Hümbət qızı – 25 yaş
Mehdiyeva Bəyim Aydın qızı – 33 yaş
Mehdiyeva Süraya Məhəmməd qızı – 36 yaş
Kalbalıyeva Nubar Muradxan qızı – 40 yaş
Vəliyeva Zeynab Hüseyn qızı – 93 yaş
Alməmmədova Minaya Əbilqasım qızı – 62 yaş
Alməmmədova Zeynəb Şəmil qızı – 20 yaş
Alməmmədova Kəmalə Şəmil qızı – 16 yaş
Hümbətova Hürzaman Qara qızı – 33 yaş
Yaşlılar arasında isə Abdullayev Abdulla Bədəl oğlu (58), Mehdiyev Hümbət Əbulqasım oğlu (62), Mehdiyeva Gülayə Əli qızı (67) və digər şəxslər olub.
Ballıqaya sakinləri burada necə məskunlaşmışdı?
1992-ci ilin yayında Laçın rayonunun işğalından sonra minlərlə sakin öz doğma yurdlarından didərgin düşərək Azərbaycanın müxtəlif bölgələrinə sığınmağa məcbur olub.
Yaxın qohumluq əlaqələri olan altı ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıb. Laçından olan bəzi ailələr də avqust ayında burada çadırlarda yerləşərək təsərrüfat fəaliyyətlərini davam etdiriblər.
Lakin avqustun 28-də onlar silahlı hücuma məruz qalıblar.
Ballıqaya qətliamı Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş ağır cinayətlərdən biri kimi xatırlanır.
Ballıqaya faciəsində həyatını itirən bütün günahsız insanların xatirəsini dərin ehtiramla yad edirik. /Bakıvaxtı.az/
