“Ərzaq və qidalardakı az miqdarda spirt olan içkilərin istifadəsi yolveriləndir” - İlahiyyatçı və ekspert danışdı


“Hacı pivəsi” adlandırılaraq təqdim olunan spirtsiz pivələr son vaxtlar restoranların da menyularında yer alır. Lakin bu içkilərin həqiqətən tamamilə spirtsiz olub-olmaması ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səslənir. Bəziləri isə pivənin spirtsiz hazırlana bilməyəcəyini və müsəlmanlar üçün uyğun olmadığını qeyd edirlər.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis İlkin Şirinovun sözlərinə görə, “spirtsiz pivə yoxdur” yanaşması doğru deyil, çünki spirtsiz pivə hazırlamaq mümkündür, var.

O deyib ki, məkanlarda “Hacı pivəsi” təklif etdikləri zaman restoranın müştəriyə hansı içkini spirtsiz deyə təqdim etdiyinə diqqət etmək lazımdır: “Həmçinin məhsula spirtsiz deməklə kifayətlənmək olmaz. Çünki istehlakçı məhsulun tərkibi, etiketi, spirt faizi, istehsalçı, mənşəyi haqqında məlumat almaq, bilmək hüququna malikdir. Spirtli pivənin hazırlanmasında buğdadan istifadə edilir. Burada həmin şirənin ayrılması məsələsi olur, şəkərli maye süzülür və alınan mayeyə pivə şirəsi deyilir. Sonra qaynatmaq üsulu var, burada qaynadıqda pivəyə acılıq və aroma verilir. Digər məsələ fermentasiyadır ki, burada artıq maya əlavə edilir və maya da şəkəri parçalayır, spirt alınır və qaz əmələ gəlir. Bir də pivə müəyyən müddət saxlanılır ki, dadı formalaşsın, daha sonra süzülür qablaşdırılır. Spirtsiz pivə ilə alkoqollunun fərqi budur ki, bu pivədən xüsusi proses vasitəsilə spirt ayrılır. Spirt əmələ gəlməsi minimuma endirilir, hazırlanır və xüsusi texnologiya ilə spirt çıxarılır. Ona görə deyirəm ki, bu pivə məsələsində son dərəcə diqqətli olmaq lazımdır. İçilən məhsulun laborator sənədi olarsa, çox yaxşı olar, əks təqdirdə yanlız sözə, danışığa, tanış adamın sözünə etibar etmək düzgün yanaşma tərzi deyil. Əsas məsələ laboratoriya, etiket məsələsinə əsaslanmaq lazımdır. Sabah bu pivəni təqdim edən insanlar da məsuliyyət hiss etsinlər ki, müştəri burada təqdim etdiyimiz məhsulla dərindən maraqlanır. Əks halda müştəri dərindən maraqlanmayanda təqdim edən insanda da arxayınçılıq yaranır spirti az olan pivəni də spirtsiz kimi təqdim edə bilərlər”.

İlahiyyatçı Tural İrfan isə bildirib ki, İslamda ənənəvi qaydaya görə spirtli içkilərin istifadəsi, satılması, saxlanılması, alveri haram sayılır:

Razi Nurullayevin müavini təhdid edildi:

“Ümumiyyətlə “Hacı pivəsi” adlı içkinin olduğunu bilmirəm. Ola bilsin, spirtsiz içki növünə el arasında belə bir ad qoyublar. Məlum olduğu kimi, yanlız tibbi məqsədlər üçün məhdud istifadəyə icazə var. Orta əsrlərdə arpadan hazırlanan bəzi spirtsiz, yaxud az spirtli, sərxoş etməyən içki növləri vardı. Bəzi azsaylı alimlər sərxoşluq vermədiyi üçün bu növ içkilərin içilməsini mümkün görürdülər. Ancaq mühafizəkarlar isə uyğun görmürdülər. Müasir zamanda da müxtəlif adlarda və tərkibdə içkilər meydana çıxır ki, bəziləri tamamilə spirtli və sərxoşedicidir ki, bunlar Qurana və Peyğəmbərin hədislərinə görə içilməməli, istehsal olunmamalı, alınıb satılmamalıdır. Lakin tərkibində spirt olmayan yaxud sadəcə xarab olmaması üçün cüzi miqdarda olan, məqsədi sərxoşedicilik olmayan içkilərin içilməsi və satılmasını müasir alimlər məqbul görür. Amma bir şərtlə ki, həmin içkilər digər sərxoşedici içkilər hazırlanan, istehsal olunan qablarda, müəssisədə hazırlanmış olmasın”.

İlahiyyatçının sözlərinə görə, qidaların və adi içkilərin də tərkibində spirt var: “Meyvə nə qədər çox yetişərsə, yumşalarsa və ləkələnərsə, tərkibindəki spirt miqdarı bir o qədər artır. Tam yetişmiş və üzərində qara nöqtələr olan bananlarda 0,2% - 0,4% arasında spirt ola bilir. Həddindən artıq yetişmiş üzümdə spirt miqdarı 0,6%-ə çata bilir. Mağazalardan alınan paketlənmiş üzüm, alma və portağal şirələrində 0,04% - 0,5% civarında spirt aşkarlanır. Xüsusilə üzüm şirəsi bu siyahıda birincidir. Xəmirin qıcqırması üçün istifadə olunan mayalar, maya göbələkləri şəkəri spirtə çevirir. Bişirilmə zamanı spirtin böyük hissəsi buxarlansa da, cüzi miqdarı çörəyin içində qalır. Tərkibində 1,28%-ə qədər spirt ola bilər. Çovdar çörəyinin tərkibində təxminən 0,18% spirt olur. Südün mayalanması nəticəsində kefir qeyri-bərabər olaraq 0,05% - 2% arasında spirt ehtiva edə bilir. Meyvəli yoqurtlarda da çox cüzi (0,02%) spirt olur. İstehsal texnologiyasına, buğda və soyanın mayalanmasına görə tərkibində 1,5% - 2% səviyyəsində spirt olur. Alma, üzüm və ya balzam sirkələrində 0,1% - 0,4% arası spirt qala bilir. Tort və şirniyyatlara dad vermək üçün istifadə olunan təmiz vanil ekstraktı maye konsentrasiyasını saxlamaq üçün 35%-ə yaxın spirt tərkibli olur. Lakin qidalara cəmi bir neçə damcı vurulur və bişərkən buxarlanır. İstehsal zamanı dadverici kimi içliyinə spirt və ya konyak əlavə edilə bilir. Qidalarda təbii olaraq yaranan bu spirt miqdarı o qədər azdır ki, insanın sərxoş olmasına və ya orqanizmə zərər verməsinə səbəb ola bilməz. İnsan qaraciyəri bu cür mikroskopik miqdarları dərhal və hiss edilmədən parçalayır. Həmçinin “Həci pivəsi” deyilən, tərkibində yuxarıda sadalanan ərzaq və qidalardakı az miqdarda spirt olan içkilərin istifadəsi yolveriləndir. Bir sıra müsəlman ölkələrində də istehsal olunur. Adı pivə olsa da tərkibi pivə deyil. İslamda içkinin haramlığı ağılı başdan aldığı, sərxoş etdiyi üçündür. Bu o deməkdir ki, istər maye, istərdə də digər formada olsun, sərxoş edən, ağılı aparan istənilən şey qadağandır”.


MANŞET XƏBƏRLƏRİ